“Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfrans keçirildi

15 may 2019

Paylaş:

2008-ci ildən etibarən hər il may ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Beynəlxalq Ailə günü” (BMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il qətnaməsinə müvafiq olaraq) münasibətilə tədbirlər həyata keçirilir. 15 may 2019-cu il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Beynəlxalq Ailə günü”nə həsr olunmuş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfrans keçirilib.

Dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin, görkəmli ziyalıların, ictimaiyyət nümayəndələrinin, ailələrin iştirakı ilə təşkil olunan konfransın keçirilməsində əsas məqsəd Azərbaycan ailəsi modelinin inkişaf tendensiyası və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliğidir.

Konfrans başlamazdan əvvəl ailələrin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Daha sonra “Dövlət ailə siyasəti” adlı film nümayiş olunub.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin moderatorluğu ilə keçirilən tədbirin birinci hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, millət vəkili, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı,    BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev çıxış edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova əvvəlcə “Beynəlxalq Ailə Günü” münasibətilə ailələri təbrik edib. O Azərbaycan dövlətinin güclü ailə siyasəti barədə ətraflı məlumat verib. Komitə sədri bildirib ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də hazırda Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur. Bir sıra beynəlxalq nəşrlərdə bizim ailə modelimiz nümunəvi ailə modeli kimi cəmiyyətə təqdim olunur. Bu, bizim ailə modelinin nə qədər əhəmiyyətli, dəyərli olduğunu göstərir. Nümunəvi ailələrimizin təbliği məsələsində media da mühüm rol oynayır və kütləvi informasiya vasitələri çalışmalıdırlar ki, bu təbliğat işi daha geniş müstəvidə aparılsın.

H.Hüseynova qeyd edib ki, milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Ulu Öndərimiz Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi: “Ümummilli Liderimizin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Ölkə başçısı hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir.”

Komitə sədri bildirib ki, biz çalışırıq ölkəmizdə sağlam, təhsilli ailələr olsun. Məlumdur ki, bütün dünyada baş verən mənfi tendensiyalar ailələrdən də təsirsiz ötüşmür. Qlobal məkanda gedən bu proseslərdən Azərbaycan da kənarda qala bilməz. Həm müsbət, həm də mənfi baxımdan müəyyən təsirlər olur. Azərbaycanda da müəyyən problemlər mövcuddur və dövlət siyasətinin əsasında bu problemləri vaxtında həll etmək dayanır.

Hicran Hüseynova qeyd edib ki, Komitənin 11 bölgədə Uşaq və Ailələrə Dəstək Mərkəzləri fəaliyyət göstərir: "Rayonlarda dəyirmi masalar, görüşlər keçiririk. Əlbəttə ailə zorakılığı, erkən nikahlar, təhsildən yayınma halları kimi məsələlər bizi narahat edir. Mən düşünürəm ki, bu cür problemlərin həlli üçün nümunəvi ailələr ictimaiyyətə təqdim olunmalı, ziyalılarla görüşlər təşkil edilməlidir. Görürük ki, istər cənab Prezident, istərsə də, Mehriban xanım əhali ilə görüşür, onların dərdlərini dinləyirlər. Bu, dövlətin insanlara dəstəyinin nümunəsidir".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Azərbaycanda ailə dəyərləri, ailə institutunun formalaşmasında və qorunub saxlanılmasında milli və dini dəyərlərin rolu məsələləri haqqında danışıb. O diqqətə çatdırıb ki, ailə institutunun möhkəmləndirilməsi məqsədilə milli-mənəvi dəyərlərin əhali arasında düzgün təbliğinin, qadın və uşaq hüquqları sahəsində maarifləndirmənin təşkilində dini qurumlarla və icmalarla əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir: “Ailə modeli, əxlaq normaları, İslam və ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə mühafizə edilir və gələcək nəsillərə ötürülür. Ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində dini dəyərlərin mühüm rolu var. Din özündə həm əxlaqi və mənəvi, həm də tərbiyəvi xüsusiyyətləri birləşdirir. Azərbaycandakı dini durum, dini tolerantlıq yalnız bölgə üçün yox, dünya miqyasında bir nümunədir. Ölkəmizdə insanların dini azadlığının qorunması beynəlxalq təşkilatların da diqqətini cəlb edir. Azərbaycanda tolerantlıq mühiti getdikcə daha da güclənir və inkişaf edir. Bütün bunlar dövlət siyasətinin tərkib hissəsidir.”

M.Qurbanlı Azərbaycan ailələrinin yad təsirlərdən qorunması üçün çağırış edib: “Bəzən gələcəkdə ailə institutunun tamamilə sıradan çıxacağı barədə proqnoz verirlər. Amma bu, təbii ki, düzgün proqnoz deyil. İstənilən xalqın öz ailə dəyəri var. Azərbaycanda min illərdən sonra ailə dəyərləri formalaşıb. Müsəlman ölkələrində, eləcə də Azərbaycanda boşanma halları çox azdır. Avropada isə boşananların sayı nikaha daxil olanların sayından çoxdur”.

Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili Aqiyə Naxçıvanlı bildirib ki, biz ailə kimi qiymətli sərvətimizi yad təsirlərdən qorumaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək zənginləşdirir, gənc nəslin sağlam ruhda tərbiyə olunmasına çalışırıq. O Konstitusiyamızda, qanunlarımızda ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları ilə bağlı xüsusi maddələrin əks olunduğunu diqqətə çatdırıb və qeyd edib ki, 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması nəticəsində ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit edilib. Eyni zamanda “Məişət zorakılığının aradan qaldırılması haqqında” Qanunu icra etmək üçün müvafiq qanunvericilik aktlarına əlavələr edilib, yeni normativ hüquqi aktlar qəbul olunub. Aqiyə Naxçıvanlı dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ölkəmizin qadın hüquqlarının qorunması üzrə, demək olar ki, bütün mühüm beynəlxalq sənədlərə qoşulduğunu deyərək, ailə institutunun möhkəmlənməsi, gender bərabərliyinin təmin edilməsi məsələsinin dövlətimizin diqqətində olan mühüm məsələlərdən biri olduğunu vurğulayıb.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev təmsil etdiyi təşkilatın Azərbaycanda müvafiq sahədə gördüyü işlər barədə məlumat verib və qeyd edib ki, BMT-nin Əhali Fondu bu sahədə Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlıq edir və bu münasibətlər bundan sonra da inkişaf etdiriləcək. O qeyd edib ki, hər bir xalqın özünəməxsus ənənələri və dəyərləri mövcuddur: “Ailə institutu bizim cəmiyyətdə əvəzolunmaz dəyərdir, müqəddəsdir, milli-mənəvi dəyərlərimizin əsas sütunlarındandır. Humanizm, vətənpərvərlik, xeyirxahlıq, mərdlik, xeyriyyəçilik ailədə formalaşan ən yüksək keyfiyyətlərdir. Bu baxımdan ailənin rolu əvəzsizdir.”

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hər bir ailə gələcəyin ailə mənsublarını yetişdirir, bizim məqsədimiz uşaqlarımızı dəyərlərimizi tanımaq istiqamətində yetişdirməliyik. O, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşmasında sosial mühitin böyük rol oynadığını qeyd edərək diqqətə çatdırıb ki, bu prosesdə aparıcı rol ailəyə məxsusdur: “Ailənin ruhi mədəniyyəti anadangəlmə keyfiyyətlərdən, təhsildən, tərbiyədən və yaradıcı əməkdən, bilik və mənəviyyatdan, bir-birinə və ətrafdakılara olan məhəbbət və inamdan formalaşır. Azərbaycan ailəsi milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdırlar. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır..” F.Qurbanov bildirib ki, Təhsil Nazirliyi tərəfindən “Məktəblinin dostu” layihəsi həyata keçirilir və hazırda 134 məktəbdə məktəblilərin dostları fəaliyyət göstərir. Dövlətimiz tərəfindən bu layihənin daha da genişləndirilməsi nəzərdə tutulmuşdur.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev dövlət gənclər siyasəti və gənc ailələrə dövlət tərəfindən yaradılan imkanlar barədə danışıb. O bildirib ki, gənclərimiz bu imkanlardan istifadə edib mənəvi dəyərlərimizin qorunması işini gücləndirməlidirlər: “Aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına müsbət təsir göstərib. Milli adət-ənənələrimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə mövqeyini qoruyub saxlayır. Biz hamımız ailənin hər bir insanın, cəmiyyətin və ölkənin həyatında necə mühüm əhəmiyyət daşıdığını bilirik. Məhz ailədə əxlaq, mənəviyyat və vətənpərvərliyin əsasları qoyulur. Sağlam, möhkəm ailə hər bir cəmiyyətin çiçəklənməsinin qarantıdır. Ailə münasibətləri insan həyatının mühüm aspektlərindən birini təşkil edir.”

Çıxışlardan sonra "Əl işləri üzrə nümunəvi ailələr sərgisi"nin qalibləri olan 12 ailə mükafatlandırılıb. 

Konfransın ikinci hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov,  AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri Rəna Mirzəzadə və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov müasirləşmə və qloballaşmanın ailə institutuna təsiri, İslamda ailəyə baxış, müasir ailə, sosial şəbəkələr və mənəvi dəyərlər, Azərbaycanda ailə mədəniyyəti və müasirlik mövzuları üzrə çıxışlar edərək, müvafiq məlumatları diqqətə çatdırıblar.