“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının açılış mərasimi keçirilib

22 noyabr 2016

Paylaş:

21 noyabr 2016-cı il tarixində “Marriott Abşeron” mehmanxanasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı və Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) “Davamlı inkişafa doğru: Qadınlara qarşı zorakılığa yox deyək!” adlı birgə konfransı keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tədbiri açıq elan edərək, qadınlara qarşı zorakılığın qarşısının alınmasının bəşəriyyəti düşündürən, dünya miqyaslı mühüm məsələlərindən olduğunu qeyd edib. “Artıq uzun illərdir ki, dünya dövlətləri hər il noyabrın 25-dən başlayaraq 16 günlük Fəallıq Kampaniyası çərçivəsində “Qadınlara qarşı zorakılığa YOX deyək!”  layihəsi üzrə bir sıra maraqlı tədbirlər həyata keçirirlər. “Bu tarix gündəlik həyatında istənilən zorakılığa  məruz qalan çoxsaylı qadınlar adından bir çağırışdır.  Zorakılığın ən ağır formalarından biri də hərbi münaqişələr zamanı qadınların kütləvi şəkildə zorakılığa məruz qalmalıdır. Azərbaycan xalqı öz təcrübəsində bunun acı nəticələrini görmüşdür. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Dövlətimizin və beynəlxalq təşkilatların səylərinə baxmayaraq hələ də əsirlikdə qalan, itkin düşən  qadınlarımız heç bir xəbər yoxdur, onların taleyindən xəbərsizik”.

Dünyanın diqqətində olan zorakılıq probleminin Azərbaycan cəmiyyətini də narahat etdiyini qeyd edən Komitə sədri ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə mühüm addımların atıldığını diqqətə çatdırıb. “Cənab Prezident İlham Əliyev və  ölkənin Birinci xanım Mehriban Əliyeva  böyük dəstəyi ilə ölkəmizdə güclü  hüquqi qanunvericilik  bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində aktiv  iştirakı üçün mühüm  işlər görülür. Qadınların cəmiyyətdə rolunun artırılması, hüquq və təhlükəsizliyinin qorunması sahəsində mövcud qanunların implementasiyası ilə  bağlı da artıq  müsbət nəticələrimiz var.  Yerliöüzünü idarəetmə və icra hakimiyyəti strukturlarının nümayəndələri, tələbələr üçün  Azərbaycan  Respublikasının  Prezidenti yanında İdarəçilik Akademiyasında, Bakı Dövlət  Universitetində  fakultativ dərslər keçirilir. Hazırda bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət  Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılmış, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin  edilmişdir. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır,  qurbanının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə  funksiyaları həyata keçirir”.

Komitə sədri bildirib ki, Komitə və Uşaq və Ailələrə Dəstək Mərkəzləri  tərəfindən mütəmadi olaraq, qadınlar üçün ayrı-ayrı rayonlarda, məktəblərdə, ictimaiyyət arasında müvafiq mövzularda dəyirmi masalar, seminar- treninqlər təşkil edilir. Bu tədbirlərin bir hissəsi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN FM Radio ilə birgə əməkdaşlıq çərçivəsində audio sosial çarxların hazırlanması məqsədi ilə ssenari müsabiqəsi keçirilmişdir.

Daha sonra çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai diqqətə çatdırıb ki, bu tədbir qadın hüquqlarının pozulmasına xüsusi diqqət yetirir. Əhəmiyyətli olan amillərdən biri odur ki, bir çox qurumlar, təşkilatlar bizə qoşulsa, biz səsimizi daha da yüksəldə bilərik. Azərbaycan son illərdə gendər bərabərliyi sahəsində bir çox uğura imza atıb”. Qulam İsakzainin qeyd edib ki, əhalinin maarifləndirilməsi və davamlı inkişafın məqsədlərinə nail olunması qadınlara şiddətin qarşısının alınmasında yardım edə bilər. O,  çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və digər təşkilatlara qadınlara qarşı şiddətin qarşısının alınması sahəsindəki əməkdaşlığa görə minnətdarlığını bildirib və bu səylərin davam edəcəyinə ümidvar olduğunu söyləyib.

Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edərək  qeyd edib ki, qadınlara qarşı zorakılığın qarşısının alınması məqsədilə Azərbaycanda qanunvericilik bazasının daha da təkmilləşdirilməsi istiqamətində işlər aparılır. “Bu günə qədər Azərbaycan Parlamenti daim bu səpkili tədbirlərdə iştirak edir.” O, bu sahədə hələ də bir çox işlərin görülməsinə ehtiyac olduğunu vurğulayıb: “Zorakılıq olmayan bir cəmiyyət hamımızın səyi nəticəsində mümkün ola bilər. Ailə cəmiyyətin və dövlətin əsasıdır. Hər bir qadın öz ailəsinin qoruyucusu olmalıdır, hər bir kişi də öz qadınının və ailəsinin qoruyucusu olmalıdır. Qızlarımızı və oğullarımızı düzgün tərbiyə etməliyik. Hər kəs öz rolunu yerinə yetirərsə, o zaman hər şey yerində olacaq”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, qadınlara qarşı zorakılığı müxtəlif məsələlərlə bağlamaq cəhdləri var. Bunu ayrı-ayrı xalqların adət-ənənələrinə, yaxud da dinə bağlamaq istəyirlər. “Qadınlara qarşı zorakılıq yalnız Azərbaycanda deyil, digər dövlətlərdə də baş verir. Hələ də dünyanın müxtəlif ölkələrində qadınlara qarşı cinsi, fiziki və psixoloji zorakılıq faktları baş verir. Qadınlara qarşı zorakılıq hallarının qarşısını almaq üçün onların təhsil hüququ, müstəqil olması məsələsi önə çıxır”. “BMT-nin qəbul etdiyi sənədlərdə qadınların təhsilinə, iqtisadi inkişafının yaxşılaşdırılmasına önəm verilir. Bu gün Yaponiyada qadınlara qarşı zorakılıq 15 faizdirsə, bu Efiopiyada 75 faiz ətrafındadır. Buna təsir edən əsas amil iqtisadi inkişafdır”, – deyə Komitə sədri qeyd edib. Mübariz Qurbanlı diqqətə çatdırıb ki, biz analarımıza, bacılarımıza daim diqqət və hörmət göstərən xalq olmuşuq: “Ermənilər Xocalıda azərbaycanlılara qarşı min bir faciə törədiblər. Lakin Azərbaycan əsgərləri əsir götürdükləri erməni qadınlarına qarşı heç bir zorakılıq etməyiblər, onları geri qaytarıblar. Çünki bu bizim tərbiyəmizdə var”.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə qeyd edib ki, Avropa İttifaqı bu məsələyə xüsusi önəm verir və çox sərt mövqe tutur: “Qadınlara qarşı zorakılıq dünyanın istənilən ölkəsində baş verir. Qadınlara qarşı bütün zorakılıqlar aradan qaldırılmalıdır”. O bildirib ki, zorakılıq həm qadınlara, həm də kişilərə ziyan vurur. Bu, ailələri parçalayır və insanlarda aqressiya yaradır. Yaradılan qanunlar icra olunmalı, gender bərabərliyinin təminatı üçün mübarizə aparılmalıdır. Avropa Ittifaqı tərəfindən bu məsələlərlə bağlı xüsusi proqram qəbul olunub. Biz qadınlara qarşı zorakılıq məsələlərini açıq şəkildə müzakirə edib, tədbirlər keçirməliyik. Hər kəs bu məsələdə fərdi məsuliyyətini daşımalıdı.”

Çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta bildirib ki, Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətinin qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı həyata keçirdiyi tədbirləri alqışlayır. “Azərbaycanda məişət zorakılığına qarşı qanun qəbul edilib. Bu sahədə çevik addım atmaq tələb edilir. Biz cəmiyyətdə qadınlara qarşı mövcud olan ayrı-seçkiliyə qarşı çıxmalıyıq. Bu sahədə işimizi ilk növbədə məktəblərdən başlamalıyıq”. Səfir qeyd edib ki, qadınların təhsilinə sərmayənin qoyulması gender əsaslı zorakılığın həlli yollarındandır: “Yalnız qadınların haqlarının qorunması yolunda müəyyən addımlar atıldıqda, cəmiyyətimizdə gender bərabərliyinin bərqərar olmasına nail ola bilərik. ABŞ Azərbaycanda dövlət qurumlarına, vətəndaş cəmiyyətlərinə qadınların səlahiyyətlərinin artırılması istiqamətində köməyini əsirgəməyəcək”.

Milli Televiziya və Radio Şurasının sədr müavini Qafar Cəbiyev ailəni ailə edən, güclü edənin qadın olduğunu qeyd edib. O, mediada qadın məsələlərinin işıqlandırılması məsələsinə toxunaraq Azərbaycan telekanallarında qadınlara həsr olunmuş verilişləri sadalayıb. Sədr müavini qeyd edib ki, Azərbaycan cəmiyyəti­ndə ailə institutu ifadəsinin mə­na və məzmun yükü digər ölkələrlə müqayisədə dah­a ağır və samballı sə­slənir: “Qadının cəmiyyətdə r­olunun ifrat dərəcədə şişirdilməsini­n, onların qarşılaşdıqları çətinliklərin dramatikləşdirilmə, reallıqdan daha uzaq formada cəmiyyətə təqdim edilməsinin, mediaya çıxarılmasının əleyhinəyəm. Azərb­aycan efirində qadınlarla bağlı çox yaxşı verilişləri gedir. Bu gün Azərbaycanda ­fəaliyyət göstərənlər­in yarıdan çoxu qadın­lardır”.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev qeyd edib ki, “ASAN xidmət” Mərkəzlərində gender balansı kişilərin əleyhinə pozulub. Çalışanların 54 %-i qadınlardan ibarətdir. Mərkəzlərdə vətəndaşları xidmətlərlə bağlı məlumatlandıran könüllülərimiz arasında gənc qızlarımız aktiv fəaliyyət göstərir. Ülvi Mehdiyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə regionlarda icra edilən “ASAN məktub” layihəsində gənc xanımların səylərini qiymətləndirib.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Rəhimova ölkəmizdə demokratik qadın siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb. O, həmçinin müharibə, münaqişə zamanlarında daha çox qadın və uşaqların əziyyət çəkdiyini qeyd edib. “Xocalı faciəsi zamanı qadınlarımız zorakılığa məruz qalmışdılar. Onlar neçə illərdir ki, vətənimizdə psixoloji gərginliklər yaşayırdılar. Aprel hadisələrinə diqqət yetirəndə gördük ki, qadınlarımız da döyüşə can atırdılar. Azərbaycan qadınlarına baxdıqca qürur duyurduq”. Arzu Rəhimova eyni zamanda ASAN məktub” layihəsinin Ağdamda da reallaşmasını qeyd edərək, bu addımın əhəmiyyətini vurğulayıb.

Çıxışlardan sonraAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi , “ASAN radio” və BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Sosial media üçün ən yaxşı audio-ssenari” müsabiqəsinin qalibləri elan edilib və mükafatlandırılıb. Yekunda uşaqların mesajları dinlənilib.