Uşaq siyasəti
Dövlət uşaq siyasəti
Azərbaycan Respublikasında uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur. Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin başlıca prinsipləri uşaqların keyfiyyətli təhsil ilə və müasir tələblərə cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, yüksək mənəvi dəyərlərə əsaslanan sosial mühitdə böyüməsi üçün zəruri şərait yaradılması, uşaqların şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, aztəminatlıailələrdən olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur.
Azərbaycan Respublikası müstəqilliyinin ilk illərində BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşularaq, uşaqlarla bağlı qanunvericiliyi beynəlxalq normalara uyğun təkmilləşdirmişdir. Bununla yanaşı, BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndə əks olunan və 2016-cı ildən qüvvəyə minmiş Dayanıqlı İnkişaf Məqsədləri uşaqların rifahının yüksəlməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsini zəruri edir.
Ölkənin iqtisadi inkişaf tempi aztəminatlı ailələrdən olan, eləcə də sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların hərtərəfli inkişafı istiqamətində tədbirlərin gücləndirilməsinə imkan verir.
“Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” Azərbaycan Respublikasında uşaq hüquqları sahəsində mövcud hüquqi bazanı təkmilləşdirməklə, uşaqların müdafiəsinin işlək mexanizminin yaradılması, erkən uşaqlıq dövründə onların inkişafına dövlət dəstəyi göstərilməsi, çətin həyat şəraitində olan uşaqların müdafiəsi, uşaqların sağlam mühitdə böyüməsi və tərbiyəsi, uşaqlarla bağlı həyata keçirilən tədbirlərin monitorinqi və qiymətləndirilməsi sisteminin inkişafı kimi əsas istiqamətləri və bütövlükdə Azərbaycan Respublikasında uşaq siyasətinin əsas hədəflərini müəyyən edir. Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli Sərəncamının 3.1-ci bəndinə uyğun olaraqUşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı hazırlanmışdır.
Azərbaycan Respublikasında 1998-ci ildə “Uşaq hüquqları haqqında”, 1999-cu ildə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, 2002-ci ildə “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, 2003-cü ildə “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, 2005-ci ildə “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, 2018-ci ildə “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, 2022-ci ildə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanunları, 2023-cü ildə “Fövqəladə hallarda, pandemiya və bu kimi xüsusi vəziyyətlərdə uşaqların təhsilə, sosial və digər xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin edilməsi Qaydası”, “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”, “İnklüziv təhsilin təşkili Qaydası” və digər normativ hüquqi aktlar qəbul edilmişdir.
Həmçinin Azərbaycan Respublikası 2002-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında Konvensiyası”nın “Uşaq alverinə, uşaq fahişəliyinə və uşaq pornoqrafiyasına dair Fakültativ Protokolu”nu və “Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokolu”nu, 2008-ci ildə “Əlillərin hüquqları haqqında” Konvensiyanı ratifikasiya etmiş, 1993-cü ildə Beynəlxalq Əmək Təşkilatının “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında” 138 saylı Konvensiyasına və 2004-cü ildə “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyasına, 2000-ci ildə “Nikahdankənar doğulmuş uşaqların hüquqi statusu haqqında” Avropa Konvensiyasına, 2004-cü ildə “Ölkələrarası övladlığagötürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Konvensiyaya, 2019-cu ildə “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurasının Konvensiyasına və digər beynəlxalq sənədlərə qoşulmuş və bunun nəticəsi olaraq milli qanunvericilikdə mühüm islahatlar aparılmışdır.
Qəbul edilmiş normativ hüquqi aktlar uşaq problemlərinin həllində mühüm rol oynayır. Bununla yanaşı, çətin həyat şəraitində olan uşaqların müdafiəsi istiqamətində daha səmərəli tədbirlər görülməsinə, onların cəmiyyətə inteqrasiyası sahəsində qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına və çevik prosedurların müəyyənləşdirilməsinə ehtiyac vardır.
2013-cü ildə “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, 2018-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018–2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 550 nömrəli Sərəncamı ilə “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014–2020-ci illər üçün Dövlət Proqramı”, 2018-ci il 10 may tarixli 64 nömrəli Sərəncamı ilə “Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı təsdiq edilmişdir.
Uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət sahəsində aparılan yeni hüquqi və institusional islahatlar dövlət uşaq müəssisələrinin monitorinqinin aparılmasına, uşaqlarla bağlı ölkədə həyata keçirilən tədbirlərin qiymətləndirilməsinə və bu sahədə çatışmazlıqların müəyyən edilməsinə imkan yaradır. Bununla yanaşı, uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumların işinin beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi zəruridir.