Ailə siyasəti

DÖVLƏT AİYASƏTİ

Tarixən ailə Azərbaycan xalqının yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi dövlətin milli inkişafında mühüm rol oynamışdır. Müstəqil Azərbaycanda həyata keçirilən dövlət ailə siyasəti milli-mənəvi dəyərlərdən qaynaqlanır və bilavasitə onun təcəssümüdür.

Ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti bu gün də uğurla davam etdirilir. Ailə məsələləri daimi olaraq dövlətin xüsusi qayğı və diqqəti ilə əhatə olunub.  

Ölkə başçısı İlham Əliyevin mütəmadi olaraq əhali və dövlət rəsmiləri qarşısında çıxışları zamanı ailə dəyərlərinin, tarixi ənənələrin və möhkəm, dayanıqlı ailə institutunun önəmini vurğulaması, gənclərin ailədə bu dəyərlərə uyğun milli ruhda tərbiyəsinin əhəmiyyətini qeyd etməsi, bir daha ailəyə verilən dəyərin bariz ifadəsidir. 14 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində çıxışı zamanı qeyd etmişdir ki, “Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir”. “Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq.” 

Ölkə başçısının çıxışlarında vurğuladığı bütün nüanslar, məqamlar dövlət ailə siyasətinin əsaslandığı təməldir və reallaşdırılan bütün işlər bu istiqamətdə həyata keçirilir.

Ümumiyyətlə dövlətin ailə siyasətinin əsası ölkədə ailə institutunun möhkəmləndirilməsi, mövcud problemlərin nəzərə alınaraq həll yollarının tapılması, xüsusilə, həssas təbəqədən olan ailələrin problemlərinin kompleks şəkildə həll edilməsi prinsipi ilə müəyyənləşdirilmişdir. Qeyd olunanlarla bağlı əhali arasında mütəmadi olaraq ailə dəyərlərinin qorunub saxlanılması və möhkəmləndirilməsi, gənclərin vətənpərvərlik ruhunda və milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi, onların öncədən ailə həyatına hazırlanması, sağlam həyat tərzi və reproduktiv sağlamlıq, ailə planlaşdırılması mövzularında əhalinin məlumatlandırılması, valideyn məsuliyyətinin artırılması və ailələri əhatə edən digər mövzular istiqamətində tədbirlər həyata keçirilir. Bütövlükdə ailələrin sosial rifahını yüksəltmək, qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq və sosial müdafiəsini təmin etmək üçün ilbəil dövlət tərəfindən bütün zəruri layihələr hazırlanır.    

 Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, milli hüquq sistemi və ötən illər ərzində bu çərçivədə ailə münasibətlərini tənzimləyən yüksək standartlara cavab verən mükəmməl qanunvericilik bazası yaradılmışdır.

Hər bir dövlət gələcəyi üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil böyütməyə qadir, mənəvi təməlləri sarsılmaz olan ailə institutunun formalaşmasında maraqlıdır. Güclü ailə həm də güclü dövlət deməkdir.

Azərbaycan dövlətçiliyini yalnız iqtisadi, siyasi, hərbi, hüquqi və s. təməllər üzərində deyil, həm də ilk növbədə “Kiçik dövlət” adlandırılan güclü mənəvi təməllər – ailə üzərində qurur.

Bu gün dövlət ailə siyasətinin əsas məqsədləri:

  •  ailələrin təməlinin möhkəmləndirilməsi və mövcud ailə dəyərlərinin, tarixi ənənələrin qorunması yönündə bütün səylərin səfərbər edilməsi;
  • mədəni kimliyimizin qorunması;
  • sosial inklüzivlik, bərabərlik və davamlı inkişafın təmin edilməsi;
  • daha firavan və harmonik gələcək naminə çalışmaq;
  •  informasiya sivilizasiyası və sosial şəbəkələr fenomeninin cəmiyyət həyatına aşırı təsiri və müdaxiləsi nəticəsində ailələrin üzləşdiyi böhranı aradan qaldırmaq;
  •   ailənin sosial funksiyalarının, sosial missiyasının azalması nəticəsində dövlət səviyyəsində perspektivlər baxımından arzuolunmaz nəticələrin qarşısının alınmasıdır.

Eyni zamanda yeniləşən Azərbaycanda, müasir cəmiyyətdə ailənin gənc nəslin hərtərəfli formalaşmasında yeri və rolu barədə mütəmadi olaraq ictimaiyyətin maarifləndirilməsi əsas vəzifələrdəndir.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkədə ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq qeyd olunan istiqamətlərdə mütəmadi olaraq qanunvericilik bazası yenilənir və təkmilləşdirilir, sosial çarxlar və məlumatlandırma vəsaitləri hazırlanır, bütün bölgələrdə maarifləndirmə layihələri keçirilir.

 

                                                                               2024-cü ilin oktyabr ayı üçün mövcud məlumatlar

 Ölkədə hal-hazırda ailə, qadın və uşaq məsələlərini əhatə edən 30-dan çox qanunvericilik aktı icradadır.

            Azərbaycan Respublikasının Ailə Məcəlləsi (1999-cu il)

Ailə Məcəlləsinə edilən əsas dəyişikliklər:

2011- ci il - nikah yaşının qızlar üçün 18 yaş müəyyən olunması

2015 - ci il – nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin həyata keçirilməsi

Nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasının qadağan edilməsi (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir)

Yaxın qohumlar arasında nikahın bağlanmasının qadağan edilməsi (Bu maddə 2025-ci il iyulun 1-dən qüvvəyə minir)

 “Gənc ailə proqramı” (1999-cu il)

   “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” (2003-cü il)

 “2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” (2005-ci il)

 “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası (2012)

 “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” (2013-cü il)

   “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı” (2014-cü il)

  “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” (2016-cı il)

    Mediasiya haqqında qanun (2019-cu il)

(Ölkə üzrə ümumi mediatorların sayı 370 nəfər, ümumi mediasiya təşkilatlarının sayı 35-dir)

  “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” (2020-ci il)

 “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” (2020-ci il)“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” (2020-ci il)

     “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” (2022-ci il)

     “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” (2022-ci il)

    “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı” (2023-cü il)

    “Məişət zorakılığından zərər çəkmiş şəxslərin dövlət vəsaiti hesabına hüquqi yardımla təmin edilməsi Qaydası”nın təsdiq edilməsi (2024-cü il)

  “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”nın təsdiq edilməsi (2024-cü il)

Statistika:

  •    Dövlət Statistika Komitəsi tərəfindən son olaraq 2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının yekunlarına əsasən 2.293.812 ev təsərrüfatlarının sayı barədə məlumat təqdim edilmişdir. 
  •  Əhalinin sayı (2024-cü il oktyabr ayının 1-nə olan məlumat) 10.214.441

  2021-ci ildə 56.314, 2022-ci ildə 61.939, 2023-cü ildə 54.200, 2024-cü il (yanvar-sentyabr) 36.651 nikah qeydə alınmışdır. 2023-cü ilin 2021-ci illə müqayisəsi zamanı nikahların sayının 3,7%, 2022-ci illə müqayisədə isə 12,5% azaldığı görülür.

  • 2021-ci ildə 17.191, 2022-ci ildə 15.983, 2023-cü ildə 21.688, 2024-cü ildə (yanvar-sentyabr) 15.964 boşanma qeydə alınmışdır. 2023-cü ilin 2021 və 2022-ci illə müqayisəsi zamanı müvafiq olaraq boşanmaların 26,1% və 35,7% çoxaldığı məlum olmuşdur. 2023-cü ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 2.1-ə (2021-ci ildə 1.7, 2022-ci ildə 1.6) qalxmışdır.

 

Dövlət ailə siyasətinin əsas istiqamətlərindən biri olaraq həssas təbəqədən olan qaçqın və məcburi köçkün ailələrinə, şəhid ailələrinə, müharibə iştirakçılarına mütəmadi olaraq diqqət və qayğı göstərilir. Onların problemlərinin həlli və yaşayış şəraitinin yaxşılaşdırılması, iş, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsi dövlətin daim diqqət mərkəzindədir.

          “YAŞAT” Fondu (2020-ci il)

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılmışdır.

Müraciəti təmin edilmiş şəxslərin sayı: 15.936 nəfər (www.yashat.gov.az)

 Qərbi Azərbaycan İcması (2022-ci il)

İcma 1989-cu ildən Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1987-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurumdur.

1987-1991-ci illərdə Qərbi Azərbaycandan qovulmuş 50 minədək ailənin 20 minə qədərinə dəymiş ziyan artıq hesablanıb və hazırda bu işlər davam etdirilir.

 İşğaldan azad edilən ərazilərə qayıdış (2024-cü il)

  •  Vətən müharibəsi nəticəsində 300-dən çox şəhər və kənd azad olunmuşdur.
  •   2024-cü ilin sentyabr ayına qədər 8000-dən çox keçmiş köçkün Qarabağa və Şərqi Zəngəzura köçürülmüşdür. 2024-cü il ərzində ümumi 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaqdır.
  • 2026-cı ilədək 34.500 ailənin, 140.000 vətəndaşın köçürülməsi nəzərdə tutulur.