Beynəlxalq əlaqələr

Beynəlxalq tədbirlər və görüşlər

Tarixdən
Tarixədək
Arxiv
Qırğızıstan Respublikasının Bişkek şəhərində Qadınların Biznes Forumu və “CAREC Regional Gender Ekspert Qrupunun İllik İclası” keçirilib

2025-ci ilin 21–22 oktyabr tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində CAREC Qadınların Biznes Forumu – Yaşıl İnnovasiya və Gender Bərabərliyi üçün Birlikdə” və “CAREC Regional Gender Ekspert Qrupunun İllik İclası” keçirilib.  Forumun məqsədi region ölkələri arasında yaşıl iqtisadiyyat və gender bərabərliyi istiqamətində əməkdaşlığın gücləndirilməsi, qadınların iqlim dəyişikliklərinə qarşı mübarizədə və innovativ həllərin tətbiqində daha fəal iştirakının təşviq edilməsi olub. Tədbirlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini Xarici Əlaqələr və protokol xidməti şöbəsinin baş məsləhətçisi Ülkər Ömərova iştirak edərək, “Azərbaycan Respublikasında gender bərabərliyinin təmin edilməsi, COP29 təcrübəsi və iqlim siyasətinə inteqrasiyası” istiqamətində görülən işlər barədə çıxış edib. Azərbaycan nümayəndəsinin çıxışı iştirakçılar tərəfindən müsbət qarşılanaraq, ölkəmizin gender siyasətinin institusional səviyyədə möhkəmləndirilməsi və iqlim gündəliyinə inteqrasiyası region ölkələri üçün müsbət nümunə kimi qeyd edilib. Tədbir çərçivəsində “Gender yönümlü iqlim maliyyələşməsi”, “Gender inklüziv iqlim siyasətləri” və “Yaşıl innovasiya və texnologiyalar” adlı panel müzakirələri aparılıb. Qadın sahibkarlar yaşıl iqtisadiyyata verdikləri töhfələrə görə “CAREC Gender və İqlim Mükafatları 2025” mərasimində mükafatlandırılıblar. Region üzrə ən uğurlu fərdi və təşkilati təşəbbüslər təqdim olunarkən, həm də Azərbaycandan olan nümayəndələr təltif edilib. “EkoSfera” Sosial-Ekoloji Mərkəz ictimai birliyinin rəhbəri Firuzə Sultanzadə iqlim təşəbbüslərində və dayanıqlı inkişaf layihələrində iştirakına verdiyi töhfələrə, Bakı Ali Neft Məktəbinin Kimya Mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Xəyalə Miriyeva və Fatimə Nəsirova isə CLIMASOL panellərinin icadına görə mükafatlandırılıblar.

Ətraflı
Bahar Muradova və BMT-nin Qadınlar üzrə Agentliyinin nümayəndəsi arasında əməkdaşlıq imkanları müzakirə edilib

23 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova  BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava ilə görüşüb. Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayaraq, onları ölkədə və Komitədə qarşılamaqdan məmnunluğunu ifadə edib. O, BMT-nin bütün qurumları ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verildiyini, eləcə də müxtəlif formatlarda uğurlu əməkdaşlığın həyata keçirildiyini bildirib. AQEM-in ötən ay Nyu-York şəhərində keçirilən yüksək səviyyəli görüşünü xatırladan sədr,  görüş zamanı AQEM Qadınlar Şurasının məsləhətçi qurum kimi yaradılması təşəbbüsünün irəli sürüldüyünü qeyd edib. O, fevral ayında həmin Şuranın ilk tədbirinin Azərbaycanda keçiriləcəyini bildirib, bunun “Pekin30” prosesinin yubileyinə, həmçinin  qadınların səlahiyyətləndirilməsi və bütün proseslərdə iştirakının təmin olunması istiqamətində ölkəmizin beynəlxalq miqyasda verdiyi növbəti böyük töhfə kimi qiymətləndirib. Əlavə edib ki, BMT-nin yubiley tədbirində bu qərarın qəbul olunması Azərbaycanın BMT ilə əlaqəli fəaliyyətə üstünlük verdiyini göstərir. O, çıxışında vurğulayıb ki, gender bərabərliyi və qadınların səlahiyyətləndirilməsi sahəsində aparılan işlər mühümdür. Eyni zamanda, yalnız qadınların səlahiyyətləndirilməsi ilə kifayətlənməyərək, ölkədə ailə təsərrüfatının inkişafı istiqamətində də məqsədyönlü fəaliyyət göstərmək vacibdir. Bu, sosial sabitliyin və davamlı inkişafın təminatı baxımından böyük önəm daşıyır. B.Muradova Komitə tərəfindən Ailə Konsepsiyası layihəsi üzərində işlərin davam etdiyini diqqətə çatdıraraq, sənədin qəbul edildikdən sonra müsbət təcrübə kimi beynəlxalq miqyasda təbliğatının əhəmiyyətli olacağını vurğulayıb. BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Gürcüstandakı ölkə nümayəndəsi və Cənubi Qafqaz üzrə əlaqələndiricisi Kaori İşikava isti qarşılanmaya görə təşəkkürünü bildirib. O, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması, eləcə də bu prosesdə əldə olunan mühüm irəliləyişlərdən məmnunluğunu ifadə edib. Azərbaycanda gender bərabərliyi, eləcə də qadınların iqtisadi səlahiyyətləndirilməsi ilə bağlı həyata keçirilən siyasəti yüksək qiymətləndirən BMT rəsmisi, Pekin 30 çərçivəsində görülən işlərdən söz açıb. Azərbaycanın bu platformada fəal iştirakına diqqət çəkən K.İşikava, birgə əməkdaşlıqda göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Qanunvericilik sahəsində Azərbaycanda son illər aparılan islahatlardan danışan qonaq. erkən evliliklərin qarşısının alınması və yaxın qohumlar arasında nikahların məhdudlaşdırılması ilə bağlı edilən dəyişikliklər beynəlxalq müstəvidə də müsbət qarşılandığını bildirib. Görüş gələcək əməkdaşlıq perspektivləri ətrafında müzakirələrlə davam edib.

Ətraflı
Dövlət Komitəsində Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri ilə görüş keçirilib

22 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç ilə görüş keçirib. Komitə sədri qonaqları salamlayaraq, Azərbaycan və Serbiya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, iki ölkə arasında əməkdaşlıq müxtəlif sahələrdə, o cümlədən ailə, qadın və uşaq məsələləri istiqamətində qarşılıqlı maraqlara əsaslanır. B. Muradova ölkəmizdə həyata keçirilən ailə siyasəti, qadınların sosial və iqtisadi baxımdan gücləndirilməsi, uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. O, həmçinin qanunvericilik sahəsində Azərbaycanda son illər aparılan islahatlardan danışıb. Qeyd edib ki, erkən evliliklərin qarşısının alınması və yaxın qohumlar arasında nikahların məhdudlaşdırılması ilə bağlı edilən dəyişikliklər beynəlxalq müstəvidə də maraqla qarşılanıb: “Bu dəyişikliklər uzun illərdir mövcud olan problemlərin həlli üçün real imkanlar yaradır. Mövcud qanunvericilik çərçivəsi ailə siyasətinin həyata keçirilməsində və proseslərin idarə olunmasında mühüm rol oynayır,” – deyə o əlavə edib. Sədr,  Serbiya dövlətinin ailə institutuna göstərdiyi dəstək tədbirləri ilə tanış olduğunu bildirib və bu sahədə Serbiyanın təcrübəsini yüksək qiymətləndirib. O, qeyd edib ki, Azərbaycanın bu təcrübəni öyrənmək və tətbiq etmək niyyəti var. Serbiya Respublikasının ailə rifahı və demoqrafiya naziri Yelena Zariç Kovaçeviç Azərbaycanın qeyd edilən sahələrdə əldə etdiyi nailiyyətlərin və təcrübənin Serbiya üçün də maraqlı olduğunu qeyd edərək, gələcəkdə birgə layihələrin və ekspert mübadiləsinin həyata keçirilməsinin vacibliyini bildirib. Nazir qeyd edib ki, ailələrin iqtisadi gücləndirilməsi, uşaqların zorakılıqdan müdafiəsi, sosial siyasət sahəsində layihələrin həyata keçirilməsi, eləcə də institusional mexanizmlərin təkmilləşdirilməsi və qanunvericilik sahəsində aparılan islahatlar Serbiya hökumətinin prioritet istiqamətlərindəndir. O, həmçinin beynəlxalq təşkilatlarla birgə həyata keçirilən proqramlar haqqında məlumat verərək, bu təşəbbüslərin ailələrin sosial rifahının artırılmasına, qadınların və uşaqların müdafiəsinin gücləndirilməsinə xidmət etdiyini vurğulayıb. Görüş tərəflərin gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi və qarşılıqlı səfərlərin təşkili istiqamətində müzakirələrlə davam edib.

Ətraflı
İsraillə ailə, qadın və uşaq məsələləri sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

22 oktyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İsrail Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, ölkələr arasında uzun illərə söykənən dostluq və əməkdaşlıq münasibətlərinə toxunub, bu görüşün ailə, qadın və uşaq məsələləri sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb. Həssas təbəqədən olan ailələrlə iş sahəsində Azərbaycanın keçdiyi yol və əldə etdiyi nailiyyətlərdən danışan sədr, bu təcrübəni bölüşməyə hazır olduğunu bildirib. B. Muradova qeyd edib ki, ailə, qadın və uşaq rifahı sahəsində dövlət siyasətinin formalaşdırılması, əlaqələndirilməsi və həyata keçirilməsi üzrə əsas məsul qurum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. O, İsrail hökumətinin aidiyyəti qurumları ilə Komitə arasında formalaşmış əməkdaşlıq münasibətləri, eləcə də bu çərçivədə həyata keçirilən təcrübə mübadiləsindən söz açıb. Həmçinin İsraildə ailə siyasəti və sosial rifah sahəsində həyata keçirilən mühüm islahatların, bu istiqamətdə əldə olunan nailiyyətlərin Azərbaycanda da yüksək qiymətləndirildiyini bildirib. Səfir Ronen Krausz İsraillə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, bu əməkdaşlığın müxtəlif istiqamətlər üzrə yeni imkanlar yaratdığını qeyd edib. O, ailə, qadın və uşaq məsələləri sahəsində qarşılıqlı təcrübə və informasiya mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib.    

Ətraflı
Bahar Muradova UNESCAP-ın icraçı katibi ilə görüşüb

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü çərçivəsində ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatı Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi Armida Salsiya Alişahbana ilə görüşüb. Görüşdə növbəti ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan UNESCAP-ın 82-ci sessiyasına hazırlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, Xankəndində keçirilən Zirvə görüşünün əhəmiyyətini qeyd edərək, bu mühüm tədbirdə A.Alişahbananın fəal iştirakını yüksək qiymətləndirib. O, çıxışında Asiya və ona yaxın regionlarda gedən iqtisadi, sosial və digər proseslərin beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı zəruri etdiyini vurğulayıb, Azərbaycanın bu istiqamətdə fəal mövqe sərgilədiyini diqqətə çatdırıb. Komitə ilə BMT-nin bir sıra regional qurumları arasında əməkdaşlıqdan söz açan sədr, Təşkilatın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) çərçivəsində səmərəli işbirliyinin davam etdirilməsinin əhəmiyyəti vurğulayıb. 2026-cı ildə ölkəmizdə keçirilməsi nəzərdə tutulan növbəti beynəlxalq tədbirdə iştirakın Dövlət Komitəsi üçün önəmi qeyd edilib, bu kimi təşəbbüslərin Azərbaycanın uğurlarını beynəlxalq tərəfdaşlarla bölüşmək baxımından mühüm platforma olduğu bildirilib. İcraçı katib A.S.Alişahbana Azərbaycan ilə UNESCAP arasında uzunmüddətli yüksək səviyyəli tərəfdaşlıqdan məmnunluğunu ifadə edib. Qadınların iqtisadi səlahiyyətləndirilməsinin ESCAP-ın fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edən katib, sürətlə dəyişən və rəqəmsallaşan dünyada qadınlar üçün yeni bacarıqların əldə edilməsinin əhəmiyyətindən danışıb. Növbəti ildə keçiriləcək 82-ci sessiyada da bu məsələlərin diqqət mərkəzində olacağını vurğulayaraq, Komitənin yaxından iştirakının mühüm töhfə verə biləcəyini deyib. Görüş zamanı Azərbaycanın regionda və beynəlxalq platformalarda artan rolu yüksək qiymətləndirilib, BMT missiyasına verdiyi töhfələr, xüsusilə də BMT-nin İqlim Dəyişikliyi Konfransı – COP29-a uğurlu ev sahibliyi və məhsuldar sədrliyi məmnunluqla xatırlanıb. Tərəflər iştirakçı ölkələr arasında qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, eləcə də iqlim dəyişikliyi, qadın və uşaq məsələlərinə dair ortaq layihələrin icrası perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər qlobal çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Ətraflı
Laçında iqlim dəyişikliklərinə qarşı dayanıqlılıqda qadınların rolu müzakirə edilib

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumu çərçivəsində panellərdən biri iqlim dəyişikliklərinə qarşı dayanıqlılıqda qadınların rolu mövzusuna həsr olunub. BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreevanın moderatorluğu ilə keçirilmiş bu paneldə Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər nazirinin müavini Ləman Yenigün, Qazaxıstan Respublikasının Parlamentinin üzvü, Qadın və Ailə-Demoqrafik Siyasət üzrə Milli Komissiyanın üzvü Juldız Süleymenova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov və İƏT Təhsil İnstitutunun rəhbəri professor Mehmet Akif Kireççi, BMT Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin nümayəndəsi Mihaela İonesku və Asiya İnkişaf Bankının Azərbaycan nümayəndəliyinin əməkdaşı Fərəc Hüseynbəyov iştirak ediblər. Sessiyada İƏT üzv dövlətlərində qızlar və qadınlar üçün təhsil imkanlarının təşviq edilməsi və genişlənən əmək bazarında yaşıl bacarıqların əldə edilməsində qadınlara dəstək ola biləcək strategiyalardan danışılıb. Çıxış edənlər qadınların və qızların səlahiyyətləndirilməsinin iqlimə iqlim dəyişikliklərinə qarşı dayanıqlılıq üçün əsas şərt olduğunu qeyd ediblər. Vurğulanıb ki, bunun üçün qadınların təhsilə, maliyyə resurslarına və qərar qəbul etmə proseslərinə bərabər çıxışını təmin edən sistemli islahatlara ehtiyac vardır. Bildirilib ki, BMT-nin “Gələcək üçün Paktı”, COP29-un nəticələri və BMT-nin İnkişaf üçün Maliyyələşdirmə Konfransının məqsədləri, inklüziv iqlim siyasətlərinin təşviqi, inklüziv maliyyə mexanizmlərinin qurulması və transformativ təhsilin daha geniş tətbiqi üçün mühüm zəmin yaradır. Panelin sonunda İƏT regionunda bütün qadın və qızların öyrənmək, liderlik etmək və iqlim dəyişikliyinə qarşı dayanıqlı bir gələcək formalaşdırmaq imkanına malik olmaları üçün üzv dövlətlər, beynəlxalq təşkilatlar, inkişaf bankları, akademik qurumlar və vətəndaş cəmiyyətinə birgə fəaliyyətlərini davam etdirilməsi ilə bağlı çağırış edilib.

Ətraflı
İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib

İyulun 2-də Laçın şəhərində “İƏT Həftəsi” çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunun açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ilk dəfə olaraq İƏT Həftəsinin və Qadınlar Forumunun Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda təşkil edilməsini tarixi hadisə adlandırıb.  Qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunmasının cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisi olduğunu vurğulayan Komitə sədri əlavə edib ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və müsbət təcrübəsini paylaşmağa hazırdır. O, ölkəmizdə qadın sahibkarlığının inkişafı ilə yanaşı, qadınların təhsilə çıxışı, elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ciddi nəticələr əldə edildiyini qeyd edib. Əlavə edib ki, Laçın da daxil olmaqla azad edilmiş bölgələrdə qadınların bilavasitə iştirakı ilə reallaşan sosial-iqtisadi layihələr bu siyasətin praktik nəticəsidir. Tarixən də Azərbaycan qadınının güclü ictimai mövqeyə malik olduğunu vurğulayan B.Muradova, hələ 1919-cu ildə Şərqdə ilk dəfə qadınlara seçmək və seçilmək hüququnu tanıyan dövlət olduğunu bildirib: “Məşhur xeyriyyəçi və maarifçi Hacı Zeynalabdin Tağıyev “Qızı oxutsan, bir ailəni savadlandırmış olarsan” kimi mühüm fikiri təşviq edirdi. Onun qızların təhsilinə verdiyi töhfə əvəzsizdir”. B.Muradova bildirib ki, “Cəmiyyətin inkişafını qadınsız təsəvvür etmək olmaz” deyən Ulu öndər Heydər Əliyev müasir Azərbaycanda dövlət qadın siyasətinin müəllifi və banisidir. Məhz Ümummilli liderin hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlət strukturlarında  və ictimai işlərdə qadınların irəli çəkildiyini dilə gətirən Komitə sədri qeyd edib ki,  1998-ci ildə Ulu öndərimiz Azərbaycanda qadınlarla bağlı siyasətin məzrkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalamışdır. B.Muradova əlavə edib ki, qadın məsələlərinin həlli sahəsində cənab Prezident İlham Əliyevin,  eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı, ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakını təşviq edən nümunəvi dövlət siyasətinin təzahürüdür.  Azərbaycanın digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, İƏT müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığın tərəfdarı olduğunu vurğulayan sədr, bu platformanı 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026–2035 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya bilər. Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Silapberdi Nurberdiyev çıxış edərək, ev sahibliyinə və Forumun yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib. İƏT rəsmisi Forumun həm üzv dövlətlərin öz təcrübələrini bölüşməsi, həm də beynəlxalq təşkilatların töhfə verməsi baxımından mühüm platforma olduğunu qeyd edib. O, güclü iqtisadiyyatın və inklüziv cəmiyyətin qurulmasında, eləcə də dayanıqlı müqavimətin formalaşdırılmasında qadınların vacib rolunu vurğulayıb. S. Nurberdiyev, iqlim fəaliyyətində rəhbər səylərin gücləndirilməsini, həmçinin iqlim dəyişmələrinə qarşı mübarizə aparılmasında daha çox imkanların yaradılmasının vacibliyini bildirib. O, qadınların qeyri-ənənəvi sahələrdə biliklərin mənimsənilməsi və iştirakının artırılması üçün bir sıra planların olduğunu qeyd edib və əlavə edib ki, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün düzgün maliyyələşdirməni və məlumatları toplamağı təmin etməliyik. İƏT rəsmisi qadınların elmi, texnoloji və riyazi sahələrdə iştirakı artırılmasını və gender əsaslı zorakılığın qarşısının alınması sahəsində daha tutarlı tədbirlər görülməsinin prioritet istiqamətlər olduğunu da diqqətə çatdırıb. Daha sonra BMT Baş Katibinin müavini, BMT-nin Dayanıqlı İnkişaf Qrupunun Sədri Amina J. Mohammed və BMT Baş Katibinin müavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İcraçı Katibi Armida Salsiah Alisjahbananın video müraciətləri dinlənilib. Özbəkistan Respublikasının Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamovanın çıxış edərək bildirib ki, Forum İƏT regionuna daxil olan ölkələrin və beynəlxalq tərəfdaş dövlətlərin qadın rəhbərləri arasında konstruktiv dialoq, eləcə də gələcək əməkdaşlıq üçün etibarlı platforma çevriləcəkdir. Özbəkistanda ailə və qadınların dəstəklənməsinə yönəlmiş Milli proqramın fəal və ardıcıl şəkildə həyata keçirildiyini vurğulayan Z. Maxkamova qeyd edib ki, bu proqram qadınların cəmiyyətdəki rolunun artırılmasına, qərarqəbuletmə proseslərində iştiraklarının və töhfələrinin gücləndirilməsinə, qadın sahibkarlığının və innovativ fəaliyyətin inkişafına, eləcə də resurslar və xidmətlərə geniş əlçatanlığın təmin edilməsinə yönəlib. O çıxışının sonunda qeyd edib ki, regional gender göstəricilərini inkişaf etdirmək, monitorinq sistemi tətbiq etmək, qadınların ekoloji fəaliyyətinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirilməsi mexanizminin, eləcə də yaşıl iqtisadiyyatın təşviqi, iqlim dəyişikliyi ilə mübarizə, ekoloji təhsil və yenilikçi "yaşıl" texnologiyalar sahəsində ixtisaslaşması məqsədi ilə Mərkəzi Asiyada "Eco-hub" vahid mərkəzin yaradılması vacibdir. Sonra “Qızların təhsilinə dəstək gələcəyə sərmayədir” adlı film nümayiş etdirilib. Forum panel sessiyalar ilə davam edir.  

Ətraflı
“Orta Dəhliz 360°: Geosiyasətdən Rəqəmsal Transformasiyaya, Ailədən Yaşıl İnkişafa” adlı yan tədbir keçirilib

Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində 11 iyun 2025-ci il tarixində keçirilən tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açılış nitqi ilə çıxış edərək, iştirakçıları salamlayıb və mövzunun Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, Orta Dəhliz məsələsi üzv dövlətlərin hər biri üçün yalnız nəqliyyat və logistika marşrutları kimi deyil, sülh, sabitlik və regional əməkdaşlıq üçün mühüm vasitə kimi qəbul edilməkdədir. Komitə rəsmisi dəyərlərin, mədəniyyətlərin və insan resurslarının şərqdən qərbə və əks istiqamətə keçidinə şərait yarada biləcək Orta Dəhlizin həm də ölkələr üçün dayanıqlı inkişaf məqsədlərinə nail olmaq hədəfinə xidmət edən innovativ modellərin və təcrübələrin əlçatanlığının əvəzsiz təminatçısı kimi çıxış etdiyini diqqətə çatdırıb. B. Muradova bildirib ki, dayanıqlı inkişaf strategiyalarının mərkəzində insan kapitalı, hədəfində isə birmənalı olaraq Ailə dayanır. Bu səbəbdən müasir cəmiyyətdə ilk növbədə ailənin dayanıqlılığı, uşaqların rifahı təkcə sosial siyasətin deyil, həm də təhlükəsizlik, iqtisadi və rəqəmsal strategiyaların əsas prioritetindən biri olmalıdır: “Türk dövlətləri olaraq bizim ortaq dəyər sistemimizdə ailə müqəddəsdir, qadın isə həm ailənin, həm də cəmiyyətin aparıcı qüvvəsi, qoruyucu dayağıdır. Qadının təhsildə, iqtisadiyyatda, dövlət idarəçiliyində və texnologiyada, xüsusilə də rəqəmsal transformasiyada rolu nə qədər artarsa, cəmiyyətlərimiz də bir o qədər dayanıqlı və çevik inkişaf edə bilər” - deyə o əlavə edib. Azərbaycanda ailə mühiti ilə rəqəmsal reallıq arasında balansın qorunmasına, qadınlar və uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaranmasında xüsusi önəm verildiyini vurğulayan Komitə rəsmisi qeyd edib ki, bunun ən gözəl nümunələrini ölkəmizin hər yerində, o cümlədən işğaldan azad olunmuş şəhər və kəndlərimizdə infrastrukturun yenilənməsində bariz şəkildə görmək olar. “Yaşıl İnkişaf və Ekoloji Dəyərlər kimi anlayışların türk dünyasında bərqərar olmasına gedən yol ilk növbədə Ailədən başlayır” - deyən B. Muradova diqqətə çatdırıb ki, ekoloji dəyişikliklərə uyğun sosial siyasətlərin formalaşdırılması və Yaşıl İnkişafa keçid yalnız böyük texnoloji layihələr və beynəlxalq sazişləri ehtiva etmir, bu, hər bir ailədə – uşaqların dünyagörüşündə, qadınların seçimlərində, ailələrin gündəlik davranışlarında özünü göstərməli olan dəyər və məsuliyyət hissidir. O qeyd edib ki, Azərbaycan ailə yönümlü ekoloji siyasətlərə – məktəbəqədər təhsildən başlayaraq, qadın sahibkarlığında yaşıl təşəbbüslərin dəstəklənməsinə qədər – geniş bir yanaşma təqdim edir. Çıxışının yekununda Komitə sədri qeyd edib ki, bu gün aparılan müzakirələr geosiyasi əlaqələrimizi tamamlayan yeni sosial və humanitar əməkdaşlıq platformaları barədə mövqelərin uzlaşdırılmasına şərait yaradacaq, birlikdə formalaşdıracağımız strategiyalar isə Türk dövlətlərini birgə gələcəyə daha inamla aparacaq. Daha sonra İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə tədbir davam edib. O, Orta Dəhlizin yalnız coğrafi məkan deyil, eyni zamanda mədəniyyətlərarası dialoq və dayanıqlı inkişaf baxımından böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, onu həm də bütöv bir ekosistem kimi dəyərləndirib. V. Qasımlı 360 dərəcəlik yanaşmanın geosiyasətdən tutmuş rəqəmsal transformasiyaya, ailə və yaşlıların inkişafına qədər bir çox məsələləri əhatə etdiyini diqqətə çatdıraraq, Orta Dəhlizi həm də sosial-iqtisadi, sivilizasiyalararası və mədəniyyətlərin sintez olunduğu bir məkan kimi, geniş bir ekosistem kimi dərk etmənin vacibliyini vurğulayıb. Panel müzakirələrdə iştirak edən Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş Orta Dəhlizin türk dövlətləri arasında ailə əlaqələrinin daha geniş formatda inkişafına töhfə verən bir layihə olduğunu qeyd edərək, quru ilə dənizi birləşdirən nəqliyyat yolu yox, həm də xalqları yaxınlaşdıran mədəniyyət yolu olduğunu vurğulayıb. Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə naziri Sadık Gardiyanoğlu Türkdilli dövlətlərinin öz gücünü hər zaman ailədən aldğını qeyd edərək, övladlarını şəhid verdiyi zaman “Vətən sağolsun” kəliməsini səsləndirən anaların baş tacı olduğunu deyib. O, Azərbaycanın Qarabağ zəfərindən də söz açaraq vurğulayıb ki, İkinci Qarabağ müharibəsi dövründə bütün türklərin qəlbi Azərbaycanda döyünürdü. Çıxış edən TDT baş katibinin müavini Ömər Kocaman deyib ki, Orta Dəhliz sadəcə iqtisadi, ticari inkişafa əsaslanmır, dünya ölkələrinin mədəni inkişafına da töhfə verir. Mədəni inkişaf isə birbaşa ailəyə təsir göstərir. Bu gün ailə məsələləri barədə ölkələrimizin çox ciddi layihələri var: “Cəmiyyətin və xalqın inkişafında ailə önəmli rol oynayır və biz də TDT olaraq ailəni əhatə edən ortaq layihələr həyata keçirəcəyik” - deyə o əlavə edib. Milli Məclisin deputatı, Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili bildirib ki, ailə dəyərləri insan kapitalı və iqtisadi artımın əsas şərtidir. Ailə dəyərləri ilə iqtisadi artım arasında əlaqə iqtisadçılar üçün aktual tədqiqat mövzularından birinə çevrilib və dünyada gedən dəyişikliklərin sürəti ailə dəyərləri və inancların dəyişmə tempini üstələyir. “Tarixdən gələcəyə: İpək Yolunun Mirası və Mədəni İnteqrasiya” mövzusunda çıxış edən Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa İpək Yolunun tarixi əhəmiyyətindən, onun mədəni əlaqələrin inkişafındakı rolundan və bu irsin müasir dövrdə inteqrasiyaya verdiyi töhfələrdən bəhs edib. Energetika nazirinin müavini Elnur Soltanov “Orta dəhliz və enerji təhlükəsizliyi: Yaşıl Tranzit İmkanları” mövzusunda çıxış edərək, Azərbaycanın ənənəvi enerji sahəsində lokomotiv rolunu oynadığını, bu gün yaşıl enerji inqilabında da öncül mövqeyə sahib olmaq əzminə malik olduğunu qeyd edib. Onu da əlavə edib ki, süni intellekt və “yaşıl enerji” kimi yeni texnologiyalar Türk dünyası üçün unikal imkanlar açır. Natiqlər mədəni inkişafın birbaşa ailəyə təsir göstərdiyini qeyd edərək, cəmiyyətin və xalqın inkişafında ailənin önəmli rol oynadığını, TDT-nin ailəni əhatə edən ortaq layihələr həyata keçirəcəyini diqqətə çatdırıblar. Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir Bahar Muradovanın bağlanış nitqi ilə yekunlaşıb. O, tədbir iştirakçılarına fəal iştiraklarına və verdikləri töhfəyə görə təşəkkür edərək, tədbirin ikinci gününə uğurlar arzulayıb.  

Ətraflı
“Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı yan tədbir keçirilib

Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclası çərçivəsində Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin təşkilatçılığı ilə “Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər” adlı yan tədbir keçirilib. Tədbir Türk dünyasında ailənin önəmindən bəhs edən video-çarxın nümayişi ilə başlayıb. Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş salamlama nitqi ilə çıxış edərək türk dünyasının ortaq dəyərlərindən biri olan ailəni qorumağın və gələcək nəsillərə daşımağın vacibliyini qeyd edib. Vurğulayıb ki, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2025-ci ilin “Ailə İli” elan edilməsi, bu sahədə Türkiyənin qətiyyətini və baxışını əks etdirir: “Eləcə də, ötən il Türkiyədə ilk dəfə həyata keçirdiyimiz ailə və sosial siyasət sahəsindəki görüşlər, Türk dünyasında ailə siyasətinə dair əməkdaşlığın güclənməsinə mühüm töhfələr vermişdir”. Nazir bildirib ki, Türk dövlətləri, ortaq tarix və mədəniyyət zəminində ailə mərkəzli siyasətlər ətrafında birləşərək bu sahədə əməkdaşlığı gücləndirir. Bu isə ailənin qorunması və gücləndirilməsi istiqamətində atılan addımlar gələcəyin formalaşmasında böyük rol oynayacaq. O, yan tədbirlərin təşkili və bu mövzuda əməkdaşlığın inkişafında Azərbaycanın xüsusi rolu vurğulayıb və görüşün Türk Dövlətləri Təşkilatı üçün faydalı olacağına inamını ifadə edib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova hər kəsi salamlayıb və Bakıda görməkdən məmnunluğunu ifadə edib. O, qardaş Turkiyənin ailə və demoqrafik tərəqqini hədəfləyən addımlarını və bu sahədəki qətiyyətli mövqeyini alqışlayıb. B.Muradova bildirib ki, ailə dəyərlərinin qorunması artıq təkcə mədəni məsələ deyil, həm də strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Azərbaycan bu reallıqları nəzərə alaraq ailə siyasətini daim yeniləyir və onu zamanın tələblərinə uyğun şəkildə inkişaf etdirir: “Fəaliyyətimizin mərkəzində ailə institutunun möhkəmləndirilməsi, qadınların və uşaqların rifahı, gender bərabərliyi və rəqəmsal mühitdə təhlükəsizlik dayanır”— deyə Komitə sədri vurğulayıb. Muradova TDT çərçivəsində ailə siyasətləri üzrə əməkdaşlığın gücləndirilməsini vacib hesab etdiklərini qeyd edib. O, ortaq layihələrin həyata keçirilməsi, daimi əlaqələndirmə imkanlarının nəzərdən keçirilməsi, gənc ailələr və valideynlər üçün ortaq təlim və maarifləndirmə platformalarının yaradılması kimi təşəbbüsləri dəstəklədiklərini bildirib. Sədr, xüsusilə ortaq elmi tədqiqatların və məlumat mübadiləsinin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, bu cür əməkdaşlıq ailə siyasətlərinin daha uyğun və effektiv şəkildə formalaşmasına töhfə verəcək. Gənclərin ailə dəyərləri ilə bağlı daha çox maarifləndirilməsinə ehtiyac olduğunu vurğulayan B.Muradova, bu baxımdan, Gənc Ailə Forumu kimi təşəbbüslərdən yaranan müsbət sinerji, gənclərin ailəyə bağlılığını və ailə həyatına hazırlığını artırmaq üçün mühüm platformaya çevrilə biləcəyini əlavə edib. Rəqəmsal transformasiyanın yaratdığı imkanlar və risklər fonunda ailələrin, xüsusilə uşaqların informasiya təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayan Komitə sədri, rəqəmsal savadlılıq sahəsində ortaq təşəbbüslərin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. Sədr çıxışında yaşıl inkişaf kontekstində ailə siyasətlərinə yeni yanaşmaların daxil edilməsinin də əhəmiyyətini qeyd edib. O, ailə daxilində ekoloji dəyərlərin təşviqi və qadınların yaşıl iqtisadiyyatda iştirakı sahəsində birgə layihələrin aktuallığını vurğulayıb. Muradova, həmçinin postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətlə aparılan bərpa və quruculuq işlərindən bəhs edərək, yeni sosial infrastrukturun qurulmasının ailə, qadın və uşaq rifahını prioritetə çevirdiyini bildirib. Bu prosesin TDT ölkələri ilə əməkdaşlıq üçün yeni imkanlar açdığını vurğulayıb. Sonda Bahar Muradova, Türk Dövlətləri Təşkilatının “ailə” anlayışını gələcəyin əsas dayağı kimi qəbul etməsini təqdir etdiklərini bildirib və ortaq dəyərlər, ortaq məsuliyyət, ortaq gələcək prinsipi əsasında əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiq olduqlarını bəyan edib. Daha sonra Şimali Kipr Türk Respublikasının Əmək və Sosial Müdafiə Naziri Sadık Gardiyanoğlu, Türkmənistanın Əmək və Sosial Müdafiə nazirinin müavini Halbibi Tachjanova, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və Ailə Məsələləri Komitəsinin sədri Kairat Kambarov  və Özbəkistan Respublikasının Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nazir müavini Turdiboyeva Rano, Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocamanın çıxışları dinlənilib. Tədbir müzakirələrlə davam edib.

Ətraflı