Sədaqət Qəhrəmanova AQEM Media Forumunda çıxış edib
Paylaş:
1 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Media və Yayım Şurasının təşkilatçılığı ilə “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova forum çərçivəsində təşkil edilən “Azərbaycanın sədrliyi: təşəbbüslər, əməkdaşlıq, nəticələr” mövzusunda paneldə çıxış edib. O, qadınların rəqəmsal imkanlarının genişləndirilməsi, onların rəqəmsal təhlükəsizliyinin təmin olunması və AQEM çərçivəsində qadınların səlahiyyətləndirilməsi istiqamətində görülən işlərlə bağlı sualları cavablandırıb.
S.Qəhrəmanova qeyd edib ki, rəqəmsal texnologiyalar, sosial şəbəkələr və süni intellekt qadınlar və qızlar üçün təhsil, məşğulluq, sahibkarlıq, bacarıqların inkişafı və ictimai iştirak baxımından yeni imkanlar yaradır. Bununla yanaşı, rəqəmsal çıxış və bacarıqlar sahəsində mövcud fərqlərin aradan qaldırılmasının, eləcə də qadın və qızların onlayn mühitdə gender əsaslı zorakılıq, ayrı-seçkilik və digər risklərdən qorunmasının vacibliyini vurğulayıb.
Dövlət Komitəsinin sədr müavini Azərbaycanın AQEM-ə sədrliyi dövründə qadınların davamlı inkişafda və ictimai həyatda rolunun gücləndirilməsinə xüsusi diqqət yetirildiyini bildirib. Bu çərçivədə 14 aprel 2026-cı ildə Bakıda keçirilən “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransın qadınların davamlı inkişafda, iqtisadi və ictimai həyatda, eləcə də innovasiya və rəqəmsal sahələrdə rolunun müzakirəsi baxımından əhəmiyyətini qeyd edib.
S.Qəhrəmanova, həmçinin Azərbaycanın AQEM sədrliyi dövründə qadın məsələləri üzrə institusional dialoqun gücləndirilməsi və AQEM Qadınlar Şurasının fəaliyyətə başlamasını mühüm nəticələrdən biri kimi diqqətə çatdırıb. O, Şuranın ilk iclasında qadın sahibkarlar üçün regional platformanın yaradılması, biznes əlaqələrinin və tərəfdaşlıqların genişləndirilməsi, bazarlara və investisiya imkanlarına çıxışın artırılması, eləcə də qadın ekspertlərin iştirakı ilə regional ekspert şəbəkəsinin formalaşdırılması ilə bağlı təkliflərin irəli sürüldüyünü deyib.
S.Qəhrəmanova AQEM Qadınlar Şurasının tematik tədbirlərin, ekspert müzakirələrinin, qadın liderlər və sahibkarlar arasında regional şəbəkələşmənin, təcrübə mübadiləsi platformalarının və birgə təşəbbüslərin təşviqinə töhfə verə biləcəyini bildirib.
Sonda S.Qəhrəmanova, Özbəkistan telekanallarına müsahibə verib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi