COP31 Azərbaycan pavilyonunda ikitərəfli görüş keçirilib
Paylaş:
COP31 çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə Türkiyə Respublikasının ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş arasında ikitərəfli görüş keçirilib.
Görüşdə ailə, qadın və uşaq siyasəti sahəsində iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Bahar Muradova COP31-ə hazırlığın yüksək səviyyəsi və aktual məsələlərin müzakirəsi üçün yaradılan imkana görə Türkiyə tərəfinə təşəkkürünü bildirib. O, Azərbyacanın ev sahibliyində COP29 gündəliyindəki məsələlər ətrafında əldə olunmuş razılaşmaları, qəbul edilən vacib qərarları xatırladıb. Həmin müzakirələr və əldə olunan nəticələrin hazırkı reallıqlar şəraitində COP31 çərçivəsində daha geniş müstəvidə müzakirəsinə etibarlı zəmin yaratdığını vurğulayıb.
Mahinur Özdemir Göktaş isə COP29 çərçivəsində qadın və uşaq məsələlərinə dair tədbirlərin yüksək səviyyədə təşkilini qeyd edərək, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsinə görə də təşəkkürünü bildirib. Həmçinin beynəlxalq platformalarda qadın və uşaq hüquqlarının müdafiəsi, bu istiqamətdə birgə təşəbbüslərin və əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə Azərbaycan və Türkiyə arasında ailə, qadın və uşaq siyasəti sahəsində əməkdaşlığa dair birinci Fəaliyyət Planının icrasının yekunlaşması və 2027–2030-cu illəri əhatə edəcək ikinci Fəaliyyət Planının qəbulu ilə bağlı məsələlər də müzakirə olunub.
Yeni Fəaliyyət Planında COP31 gündəliyindən irəli gələn prioritetlərin və iqlim dəyişmələrinin təsirlərinin nəzərə alınmasının əhəmiyyəti xüsusilə qeyd edilib.
Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın davam etdirilməsi, qadınların iştirakçılığının gücləndirilməsi üzrə institusional mexanizmlərin inkişafı istiqamətində də fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi