Dövlət Komitəsində Meksika Birləşmiş Ştatlarının səfiri ilə görüş keçirilib.

6 mart 2024 11:15

Paylaş:

5 mart 2024-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktoriya Romero ilə ikitərəfli görüşü baş tutub.
Qonaqları salamlayan Komitə sədri, görüş təşəbbüsünə görə təşəkkürünü bildirib.
B.Muradova Meksika Birləşmiş Ştatları ilə ikitərəfli və çoxtərəfli əsasda münasibətlərin qarşılıqlı maraqlara, dostluğa və əməkdaşlığa əsaslandığını qeyd edib. O, əlaqələrin həm parlamentlər, həm də hökumətlər səviyyəsində inkişafında maraqlı olduğumuzu vurğulamaqla, aidiyyatı qurumları arasında əlaqələrin intensivləşməsinin də əhəmiyyətini diqqətə çatdırıb.
Qadınların ictimai-siyasi həyatda aktiv rolundan bəhs edən B.Muradova, qısa müddət öncə ölkədə keçirilən Prezident seçkilərində onların fəallığına diqqət çəkib.
Dövlət Komitəsinin fəaliyyət istiqamətlərinə aid məsələlərdən bəhs edən sədr qeyd edib ki, bütövlükdə ailə, qadın və uşaq məsələləri ilə bağlı siyasətin müəyyənləşdirilməsi, bu siyasətin reallaşdırılaşdırılması üçün səlahiyyəti olan qurumlar arasında işin əlaqələndirilməsi, həssas qrupa daxil olan təbəqə və onların hüquqlarının müdafiəsi üzrə görülən işlər gündəliyimizin əsas bəndlərini təşkil edir.
Səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirən səfir Viktoriya Romero, Azərbaycan cəmiyyətində hər sahədə qadınların rolunun artdığını bildirib. Tarix boyu həm Azərbaycan, həm də Meksikanın qadın hüquqlarının müdafiəsinə xüsusi önəm verdiyini qeyd edən Səfir, qadınların rolu ilə bağlı səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüş hər iki ölkədə qadın hüquqlarının mövcud vəziyyəti, eləcə də mümkün əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.