Media
Xəbərlər

Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində növbəti görüş Naxçıvan şəhərində keçirilib
17 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində növbəti görüş keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova salamlama nitqi ilə çıxış edib. Daha sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Rafiq Mahmudov və klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov uşaqların mədəni-estetik tərbiyəsi, onların inkişaf hüququnun təmin edilməsi, ailələrdə müsbət psixoloji iqlimin qorunub saxlanılması, valideyn məsuliyyətinin artırılması, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi mövzularında çıxışlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Sonda “Ailə bir ağacdır” və “Övladlarımız həyatımızın ən böyük layihəsidir” adlı sosial çarxlar nümayiş olunub, iştirakçılara nəşrlər paylanılıb.

VI Ümumrespublika Forumu çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri ilə birinci təşkilati iclas keçirilib
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumu çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri ilə birinci təşkilati iclas keçirilib. Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova forum çərçivəsində görüləcək işlər, ümumi proqram və yeniliklər barədə məlumat verib. Bildirib ki, bu ilin ölkəmizdə"Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə əlaqədar olaraq uşaqların da qeyd edilən mövzu ətrafında fikir mübadiləsinin aparılması və təşəbbüslərinin irəli sürülməsi, onların bu məsələyə təşviqi əsas məqsədlərdəndir. Dövlət Komitəsinin yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi də bu istiqamətdə işlərini intensivləşdirməli və maarifləndirmə işini artırmalıdır. Yekunda Uşaq Səfirlər məsələ ilə bağlı fikirlərini səsləndiriblər və öz təşəbbüslərini irəli sürüblər. Qeyd edək ki, Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun təşkili ilə bağlı keçirilən iclaslar uşaqların bu prosesdə yaxından iştirakına töhfə verəcək.

22 İyul – Milli Mətbuat Günü ərəfəsində “Media və uşaq hüquqları” dərs vəsaiti təqdim olunub
16 iyul 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün hazırlanan “Media və uşaq hüquqları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib. Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova iştirakçıları salamlayıb. O, 22 İyul – Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirə diqqət çəkərək əlavə edib ki, müsəlman Şərqində ilk müstəqil Cümhuriyyət quran bir ölkənin qabaqcıl ideyaları, demokratik ənənələri, insanların hüquqlarını, gender bərabərliyini, həm qanunlarda, həm də yaşam tərzində minillərlə formalaşdıran bir xalq kimi milli mətbuatını yaradaraq örnək ola bilərdi. Azərbaycançılıq və müstəqillik ideyasını siyasi konsepsiyaya çevirən Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən bəhs edən sədr, Prezident İlham Əliyevin Azərbaycanı, nəinki region və regiondan uzaqda yerləşən, köməyə ehtiyacı olan toplumlar üçün dəstəyini əsirgəməyən dövlətə çevirməyi bacardığını və bir nümunə ortaya qoyduğunu vurğulayıb. Media inkişaf edən cəmiyyətin tərkib hissəsi və əsas subyektlərindən biri kimi daim inkişaf edir. Dövlət Komitəsi ilə medianın getdikcə intensivləşən əlaqələrinə diqqət çəkən B.Muradova, qarşılıqlı münasibətlərin daha ahəngdar olması üçün səylərimizi birləşdirməyin önəmini vurğulayıb. Medianın ailə institutunun möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği, cəmiyyətimizdə stereotiplərin aradan qaldırılması və məlumat mübadiləsinin aparılmasında mühüm rolundan bəhs edən B.Muradova, həmçinin maarifləndirmə, informasiyanın yayımlanması sahəsində böyük imkanlara və geniş təsir imkanına malik olduğunu vurğulayıb. Dərs vəsaiti ilə bağlı fikirlərini bölüşən Bahar Muradova bildirib ki, Komitə insan hüquqları ilə bağlı savadlılığın artırılması üçün Bakı Dövlət Universiteti ilə sıx əlaqədə işləyir: "Bu gün təqdim olunan "Media və uşaq hüquqları" adlı dərs vəsaiti artıq birlikdə hazırladığımız növbəti layihəmizdir. Bu dərslik ən vacib məsələlərdən birinin - insan hüquqları haqqında maarifləndirmə üzrə növbəti vasitədir". Hər bir jurnalist, media nümayəndəsi və bloger ailə məsələlərinə, uşaq hüquqlarına və bu məsələlərlə bağlı qanunvericiliyə xüsusi önəm verməlidir. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət uşaq siyasətini bu gün cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyini və uşaq hüquqları ilə bağlı qəbul edilən qanunvericilik aktlarının dövlətin bu sahəyə diqqət və qayğısının təzahürü olduğunu qeyd edib. O, peşəkar medianın uşaq hüquqlarının müdafiə olunmasında mühüm rol oynadığını vurğulayıb, mediada yetkinlik yaşına çatmayanlarla bağlı məlumatların yayılması zamanı diqqət edilməli məqamlardan danışıb. Rektor eyni zamanda texnologiyaların sürətlə inkişaf etdiyi zamanda uşaqların internetdən təhlükəsiz istifadəsinin önəmindən qeyd edərək, Universitetdə Süni intellekt etikası kafedrasının yaradıldığını bildirib. Çıxışının sonunda media nümayəndələrinin uşaq hüquqları ilə bağlı mütəmadi təlimlərə cəlb olunmasınln vacibliyini qeyd edib və dərs vəsaitinin jurnalistlərin uşaqlarla bağlı mövzulara həssas yanaşmasına töhfə verəcəyinə inamını ifadə edib. Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev tədbirdə iştirakdan məmnunluğunu bildirib. O, universitetlərin səriştə əsaslı kadr hazırlığı ilə məşğul olan struktur kimi cəmiyyətin inkişafı və qorunmasında mühüm rolu olduğunu qeyd edib. Cəmiyyətdə müxtəlif informasiyaların yayılmasının insan həyatına nə dərəcədə təsir etməsinin və bəzi hallarda mənfi təzahürünün şahidi oluruq. Bakı Slavyan Universitetində son 20 il ərzində jurnalistika ixtisaslı tələbələrin yetişdirildiyini qeyd edən rektor A.Nağıyev, jurnalistlərin peşə fəaliyyəti dövründə həm milli, həm də beynəlxalq konvensiyaların tələblərinin yerinə yetirilməsinin vacibliyini qeyd edib. “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov hazırlanan dərs vəsaitinin Azərbaycan jurnalistikası üçün bir yenilik, media nümayəndələri üçün vacib bir vəsait adlandırıb. Uşaqlara diqqən və qayğının önəmindən danışan baş redaktor, mətbuatda da bu həssaslığın vacibliyini vurğulayıb. Sonda o, “Xalq” qəzetində tələbələr üçün təlim otaqlarının ayrıldığını diqqətə çatdırıb və bütün mətbuat işçilərini qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib. Kitabın müəllifi fəlsəfə üzrə fəlsəfə doktoru Cabir Məmmədli “Media və uşaq hüquqları” kitabının məzmunu, hansı zərurətdən yaranması barədə məlumat verib, həmçinin uşaq hüquqları barədə vacib məlumatların media nümayəndələrinə çatdırmaq məqsədi daşıdığını qeyd edib. Milli qanunvericiliyə və beynəlxalq təcrübəyə əsaslanan təqdimatla çıxış edən müəllif BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov isə çıxışında dünyada uşaqların üzləşdiyi çətinliklər, problemlər, onların hüquqlarının pozulması fonunda Azərbaycanda medianın bu sahədə həssaslığından danışıb: “Təəssüf ki, ölkəmizdə də sosial şəbəkələrdə uşaq hüquqları ciddi şəkildə pozulur. Hər hansı şəxs istənilən axtarış sistemlərində "uşağın döyülməsi" yazaraq axtarış versə, onlarla məlumat, görüntü, uşaqların üzü görünən fotoşəkillər, hətta videogörüntülər çıxa bilər. Bu cür məlumatların paylaşılması bir çox hallarda həmin uşaqlara qarşı şantaj vasitəsi kimi də istifadə oluna bilir və təəssüf ki, onun mənfi nəticələri bununla kifayətlənmir", - deyə şöbə müdiri vurğulayıb. O əlavə edib ki, uşaq hüquqlarını pozan, şiddət, döyülmə kimi görüntüləri yayan media obyektlərinin əksəriyyəti internet televiziyaları, bir neçəsi isə hər kəsin tanıdığı, izlədiyi ənənəvi telekanallardır. Müzakirələrdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva, Mətbuat Şurasının sədr müavini Səadət Məmmədova, Komitə yanında İctimai Şuranın nümayəndələri Fariz Əkbərov, Mətanət Əsgərzadə və digərləri vəsaitin mediamız üçün önəmli olduğunu, uşaqlarla bağlı yayımlanacaq materiallara daha həssas yanaşma üçün töhfə olacağını bildiriblər. Qeyd edək ki, uşaq hüquqları üzrə mövzuların mediada işıqlandırılmasında həssaslığın artırılması baxımından bələdçi rolunu oynayan dərslikdə müvafiq istiqamətdə mövcud qanunvericilik, beynəlxalq təcrübənin tətbiqi, jurnalist etikası, media məhsullarının hazırlanmasında uşaqların iştirakı qaydaları, uşaqlarla müsahibələrin aparılması, foto və video materialların yayımlanması və aidiyyəti digər məsələlər üzrə təlimatlar yer alıb. Sonda 22 İyul – Milli Mətbuat Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edən media nümayəndələri təltif edilib.

Samuxda vətəndaş qəbulu keçiriləcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 26 iyul 2024-cü il tarixində, saat 10:00-da Samux rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.Qəbulda Gəncə şəhər, Samux və Kəlbəcər rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.

“Çempion ailələr” layihəsi uğurla başa çatıb
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə, yerli icra hakimiyyətlərinin dəstəyi ilə bölgələrdə həyata keçirilən “Çempion ailələr” layihəsi çərçivəsində 27 iyun tarixində Qəbələ, 2 iyul tarixində Zərdab, 5 iyul tarixində Goranboy, 9 iyul tarixində Göygöl və 12 iyul tarixində Ağdam rayonlarında ailələrlə həvəskar idman yarışları keçirilib. Tədbirlərdə Dövlət Komitəsinin Qəbələ, Zərdab, Goranboy, Göygöl və Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin və yerli icra hakimiyyətlərinin əməkdaşları, “Regional İnkişaf” İctimai Birliyinin və Birliyin regional bölmələrinin nümayəndələri iştirak ediblər. Növbəti 5 rayonda keçirilən tədbirlərdə 61 ailə iştirak edib. Hər bölgədə ailələrin iştirakı ilə şahmat və dama, ip dartma, kisədə yaxın məsafəyə qaçış, futbol və s. idman yarışları, ikinci hissədə isə intellektual müsabiqə keçirilib. Sonda ilk 3 yer üzrə qalib olan ailələrə və digər bütün iştirakçı ailələrə diplom və hədiyyələr, ailə məsələləri ilə bağlı şüarlar yazılmış eco qolbaqlar təqdim olunub.

Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən 55 il ötür
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən 55 il ötür. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bununla da Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrü başlamışdır. Azərbaycanın hərtərəfli tərəqqisi və milli dövlətçiliyimizin dayanıqlı inkişafı onun hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Öz müdrikliyi, qətiyyəti və zəkası, zəngin dövlətçilik təcrübəsi ilə ölkəmizi intibaha, iqtisadi yüksəlişə aparan Ümummilli Liderimizin ideyaları və strategiyası sayəsində ölkəmiz inqilabi dəyişikliklər yaşamışdır. Azərbaycan tarixinin son 55 ilinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş və cəmiyyətin rifahına hesablanan uzaqgörən siyasətin müsbət nəticələrini görərik. Bütün bunlar Ulu öndər Heydər Əliyevin Vətən üçün əvəzolunmaz xidmətləri və xalqına bəslədiyi sonsuz sevgi sayəsində olub. Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edirik.

Regionlarda sağlamlıq və ailə planlaması mövzusunda maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan 11 Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən reproduktiv sağlamlıq və ailə planlaması mövzusunda məlumatlılıq səviyyəsinin artırılması məqsədilə müxtəlif yaş qrupundan olan icma sakinləri ilə maarifləndirici görüşlər keçirilib. Görüşlərin keçirilməsinin məqsədi maarifləndirmə vasitəsilə körpələrin sağlam doğulmasına, ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır. Mütəxəssislərin iştirakı ilə baş tutan görüşlərdə mövzu ilə bağlı geniş məlumat verilib və qeyd olunub ki, reproduktiv sağlamlığın əsası uşaq və yeniyetməlik dövründə qoyulmalıdır. Reproduktiv sağlamlıq səviyyəsi insanın həyat tərzinə, ailədaxili münasibətlərinə, eləcə də əhval-ruhiyyəsinə ciddi təsir göstərir. Həmçinin sağlam həyat tərzinin erkən yaşdan təşviq edilməsinin, zərərli vərdişlərə aludəçiliyin qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsinin, müntəzəm surətdə tibbi müayinədən keçməyin əhəmiyyəti də vurğulanıb. Görüşlərdə iştirakçılara mövzuya dair maarifləndirici materiallar da paylanılıb.

Regionlarda maarifləndirici görüşlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Goranboy, Göygöl, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab, İsmayıllı, Qəbələ, Zaqatala və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması və regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılması məqsədilə maarifləndirici görüşlər keçirilib. Görüşlərdə UADM-lərin və aidiyyəti qurumların əməkdaşları, rayonun fəal gəncləri və icma sakinləri iştirak edib. Görüşlər zamanı mərkəz əməkdaşları internet əlçalatanlığının mənfi və müsbət tərəflərindən danışıb, həmçinin internetin yaratdığı asılılığın uşaqların fiziki və psixi sağlamlığına mənfi təsiri barədə məlumat verilib. Həmçinin mütəxəssislər tərəfindən internet üzərindən aparılan ödənişlərdə təhlükəsizliyin təmin edilməsi, kart dələduzluğuna qarşı mübarizə tədbirləri çərçivəsindəkartın itirilməsi, oğurlanması və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilməsi halları müəyyən edildiyi təqdirdə nə etməli, internet və mobil bankçılıqdan istifadə zamanı hansı məqamlara diqqət yetirmələri barədə məlumat verilib. Eyni zamanda iştirakçılara hər hansı şübhəli hal ilə rastlaşan zaman aidiyyəti orqanlara məlumat vermələri barədə tövsiyələr verilib. Sonda iştirakçılara mövzu ilə bağlı maarifləndirici materiallar paylanılıb.

11 iyul Ümumdünya Əhali Günüdür
Bu günün qeyd olunmasında məqsəd ailə planlaşdırılmasının əhəmiyyəti, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır. Dünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd edilir.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi