Media
Xəbərlər

“Sülh və reinteqrasiya prosesində qadınların iştirakı: milli və beynəlxalq mexanizmlər” mövzusunda konfrans keçirilib
1 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Qərbi Azərbaycan İcması və Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə gənc nəslin maarifləndirilməsi məqsədilə “Sülh və reinteqrasiya prosesində qadınların iştirakı: milli və beynəlxalq mexanizmlər” mövzusunda konfrans keçirib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov salamlama nitqi ilə çıxış edərək, bugünkü tədbirin mövzu baxımından strateji əhəmiyyətli olduğunu, həm də qadınların sülh quruculuğu proseslərində rolunun qlobal və milli səviyyədə gündəmdə olmasına görə xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Müasir dünyada sülhün qorunması və reinteqrasiya proseslərinin ardıcıl şəkildə həyata keçirilməsinin yalnız hərbi-siyasi qərarların deyil, eyni zamanda geniş ictimai konsensusun, sosial inteqrasiyanın və humanitar siyasətin kompleks şəkildə icrasının nəticəsi olduğunu bildirən rektor, bu məsələlərdə qadınların fəal iştirakının dünya təcrübəsində təsdiq olunmuş ən effektiv yanaşmalardan biri olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, qadınların cəmiyyətdə rolu yalnız hüquqi təminatlarla məhdudlaşmır, həm də sosial-mədəni inkişafı şərtləndirən fundamental amillərdən biri kimi çıxış edir. Bu mənada, qadının təhsil səviyyəsi bütövlükdə ölkənin intellektual potensialının formalaşmasına təsir edən strateji faktordur. Rektor əlavə edib ki, ADPU-da təhsil alan gənc xanımlar yalnız bilik qazanmır, həm də yüksək mənəvi dəyərlər, vətənə xidmət ideyası və sosial məsuliyyət hissi ilə formalaşırlar. “Gələcəyin qadın müəllimləri məktəblərdə milli-mənəvi dəyərlərin təbliğində, tolerantlıq və humanizm prinsiplərinin aşılanmasında, reinteqrasiya proseslərində sosial münasibətlərin sağlamlaşdırılmasında mühüm rol oynayacaqlar” - deyən C. Cəfərov xüsusilə, müharibə və postmünaqişə dövrünün reallıqları fonunda qadın müəllimlərin maarifləndirici missiyasının daha da dəyərli və vacib olduğunu vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mövzunun həm tarixi yaddaşın qorunması, həm də strateji hədəflər baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib. O, çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycana qayıdışının dövlətçiliyin xilasında və milli iradənin dirçəlişində oynadığı misilsiz rolu vurğulayıb və qeyd edib ki, məhz Ulu Öndərin rəhbərliyi ilə dünya azərbaycanlılarına qarşı soyqırımı faktları və Qərbi Azərbaycan əhalisinin deportasiyası ilk dəfə dövlət səviyyəsində tanınıb və tarixə yazılıb. Komitə sədri bildirib ki, bu tarixi xətt Prezident İlham Əliyevin siyasəti ilə yeni mərhələyə keçib və Qərbi Azərbaycana qayıdış ideyası real siyasi gündəliyə daxil edilib. O, dövlət başçısının bu istiqamətdə hərbi-siyasi, hüquqi-diplomatik və sosial-iqtisadi tərəfləri ilə vacib olan konseptual çərçivə yaratdığını qeyd edib. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının qəbulu, diplomatik fəaliyyət, beynəlxalq platformalarda qayıdış hüququnun vurğulanması və Qərbi Azərbaycan İcmasına davamlı dəstək bunun bariz nümunəsi kimi göstərilib. Qərbi Azərbaycan İcmasının yarandığı gündən etibarən bu məramın daşıyıcısı və təşəbbüskarı kimi çoxşaxəli fəaliyyət göstərdiyini diqqətə çatdıran B. Muradova İcmanın Qadınlar Şurasının deportasiya olunmuş qadınların hekayələrinin toplanması, mədəni irsin, ənənəvi sənətlərin, – xüsusilə xalçaçılığın– qorunması, qadınların sosial fəallığının artırılması istiqamətində mühüm təşəbbüslərə imza atdığını qeyd edib. Bu fəaliyyətin həm ictimai həmrəyliyin güclənməsinə, həm də qayıdışla bağlı humanitar və mədəni əsasların möhkəmlənməsinə xidmət etdiyini əlavə edib. Konfransın proqramında yer alan mövzulara toxunan Komitə sədri bildirib ki, Qərbi Azərbaycan Andının təqdimatı, hüquqi qiymətləndirmələr, mədəni irs məsələləri, tarixi yaddaş, maarifçilik hərəkatı və qadınların bu proseslərdə aparıcı rolu – bütün bunlar qayıdış ideyasının yalnız siyasi deyil, həm də mənəvi, tarixi və humanitar təməllərə söykəndiyini əsaslandıran vacib istiqamətlərdir. Komitə sədri, həmçinin, ölkədə keçirilən “16 günlük zorakılığa qarşı fəallıq kampaniyası” ilə əlaqədar qadın və uşaqların təhlükəsizliyinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Bu kampaniya qlobal təşəbbüsün tərkib hissəsi olmaqla yanaşı həm də milli siyasətimizin humanist və modern ruhunun təqdimatı üçün də yararlı bir platformadır. O, BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun olaraq qadınların sülh və reinteqrasiya proseslərində iştirakının vacibliyini xüsusi qeyd edib. Dekabrın 2-nin deportasiya olunmuş soydaşların günü kimi qeyd edilməsinə toxunan Komitə sədri bildirib ki, məqsəd yalnız tarixi xatırlamaq deyil, həm də Cənubi Qafqazda sülhün, rifahın və təhlükəsiz qayıdışın təmin olunmasına yönəlmiş dövlət siyasətini gücləndirməkdir. Sonda Bahar Muradova konfrans iştirakçılarına uğurlu müzakirələr arzulayıb və tədbirin dövlət siyasətinə və ictimai fəaliyyətə mühüm töhfə verəcəyinə əminliyini bildirib. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, tarixi yaddaşı və milli kimliyi qorumaqla, sülh yolu ilə qayıdış konsepsiyası çərçivəsində əhalinin öz doğma torpaqlarına dönməsi əsas hədəf kimi müəyyən olunub. O qeyd edib ki, cəmiyyətin müxtəlif institutlarının, vətəndaş cəmiyyətinin və dövlət qurumlarının bu prosesdə fəal iştirakı vacibdir, bu istiqamətdə ictimai maarifləndirmə fəaliyyətlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Hüquqi və tarixi aspektlərini mənimsəməklə biz bu tarixi reinteqrasiya mərhələsini həyata keçirə bilərik. Daha sonra “Qərbi Azərbaycan Andı” adlı video çarxın təqdimatı olub. Tədbir Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızının moderatorluğu ilə panel müzakirələr şəklində davam edib. O, tələbələrin iştirakı ilə auditoriyada müzakirə olunan bugünkü aktual mövzunun gənclər üçün vacib olduğunu vurğulayaraq, Qərbi Azərbaycana qayıdış prosesində də ən öndə gənclərin gedəcəyini qeyd edib. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru Mahirə Hüseynova Qərbi Azərbaycanda yaşayan həmyerlilərimizin çətinliklərə baxmayaraq, həmin dövrdə milli kimliyi, dilimizi və dini dəyərləri qoruyub saxlaya bildiklərini qeyd edib. O, qadınların mədəni maarifimizə mühüm töhfələr verdiklərini deyib və bu sahədə seçilən qadınlardan söz açıb. Çıxışının sonunda tarixi torpaqlara qayıdışa inamını ifadə edib. Qərbi Azərbaycanda böyük mədəni irsin olduğuna diqqət çəkən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, bu irsin böyük hissəsinin dağıdıldığını deyib. İrəvanda yerləşən memarlıq irsi nümunələri haqqında məlumatları diqqətə çatdırıb, bu istiqamətdə xüsusi tədqiqatların aparılmasına ehtiyac olduğunu, bu abidələrin dünya mədəni irs siyahısına salınacaq abidələr olduğunu bildirib. Millət vəkili Mehriban Vəliyeva çıxışında vurğulayıb ki, qadınlar əsrlər boyu milli kimliyin qorunub saxlanmasında və nəsillərə ötürülməsində mühüm rol oynayıblar. Vətən müharibəsinin qəhrəman oğullarını da vətən sevgisi, milli ruh və tarixi yaddaşla yetişdirən məhz analar olub. Onun sözlərinə görə, bu fakt bir daha göstərir ki, tarixi yaddaşını yaşadan xalq milli kimliyini itirməz və öz torpaqlarından heç vaxt vaz keçməz. Bakı Dövlət Universitetinin hüquq elmləri üzrə elmlər doktoru, Qərbi Azərbaycan İcmasının Hüquq Komissiyasının sədri Zahid Cəfərov beynəlxalq təcrübədə sülh və inteqrasiya prosesinin əsas prinsiplərindən danışıb. O, həmçinin vurğulayıb ki, sülh dialoqlarında qadınların iştirakı dünya praktikasında mühüm amil kimi qəbul olunur. Tədbirin davamında Kanadadan ictimai fəal Lalin Həsənova və Türkiyədən vəkil Eda Günday video formatında çıxış ediblər. Bildirilib ki, qadınların iştirakı münaqişələrin həllində dialoqun səmərəliliyini artırır və qəbul edilən qərarların uzunmüddətli şəkildə icrasına, ictimai iştirakçılığa mühüm töhfə verir. Konfrans müzakirələrlə davam edib.

Təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam edir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə, gənclər və valideynlər üçün keçirilən maarifləndirici tədbirlərin davamı olaraq, 24 oktyabr 2025-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri 11 nömrəli tam orta ümümtəhsil məktəbində, Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseyində, 5 nömrəli tam orta ümumtəhsil məktəbində, 14 noyabr 2025-ci il tarixində Sumqayıt şəhəri, 4 nömrəli tam orta məktəbində, V.İbrahim adına 35 nömrəli tam orta məktəbində, 28 noyabr 2025-ci il tarixində Xızı rayonu Yeni Yaşma kənd tam orta ümümtəhsil məktəbində, Cabir Novruz adına Stalçay kənd 1 nömrəli tam ümumtəhsil məktəbində, N.Allahverdiyev adına Stalçay kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Ailə. Dəyərlər və ənənələr”, “Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” və “Valideyn-övlad münasibətləri. Milli-mənəvi dəyərlər” mövzularına dair görüşlər keçirilib. Tədbirlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov, Ləman Mahmudova və Nərgiz Sədrəddinbəyli çıxış edərək qeyd ediblər ki, ailə dəyərlərinin qorunması, valideyn-övlad münasibətlərinin sağlam qurulması həm ailə, həm də cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin uşaqların internetdən təhlükəsiz istifadəsi üçün valideyn nəzarətinin vacibliyini, onların sosial şəbəkələrdə davranış qaydaları barədə maarifləndirilməsini və rəqəmsal savadlılığın artırılmasının əhəmiyyətini bildiriblər. Tədbir iştirakçılarına mövzularla bağlı müxtəlif sosial çarxlar nümayiş etdirilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Görüşlərdə maarifləndirici materiallar informativ resurs kimi məktəblərin kitabxanalarına təqdim olunub.

Bakı şəhərində və regionlarda növbəti “Açıq qapı” günü keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 26 noyabr 2025-ci il tarixində növbəti səyyar “Açıq qapı” günü keçirilib. Vətəndaşlarla görüş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi, Ağdam rayonunun Quzanlı, Goranboy rayonunun Səmədabad, Hacıqabul rayonunun Rəncbər, Qəbələ rayonunun Soltannuxa, Saatlı rayonunun Sarıcalar, Sabirabad rayonunun Həşimxanlı, Zaqatala rayonunun Car, Zərdab rayonunun Dəli Quşçu, Göygöl rayonunun Pənahlılar və İsmayıllı rayonunun Lahıc kənd və qəsəbələrini əhatə edib. Psixoloq və sosial işçilərin iştirakı ilə keçirilən görüşdə Mərkəzlərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, müalicə, sosial müavinətlər, işlə təmin olunma, təhsil, aliment, yaşayış şəraitinin yaxşılaşdırılması kimi müraciətlər yer alıb. “Açıq qapı” günündə ümumilikdə 85 nəfər vətəndaşın müraciəti dinlənilib və onların həlli istiqamətində müvafiq dəstək göstərilib.

“Gender əsaslı zorakılıqla mübarizə”mövzusunda seminar keçirilib
28 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda ali məktəb tələbələri üçün maarifləndirici seminar keçirilib. 100-ə yaxın tələbənin iştirak etdiyi seminarda ekspert Abil Bayramov tərəfindən gənclər arasında gender bərabərliyi mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın (erkən nikah, məişət zorakılığı, selektiv abort və.s) fəsadları və onunla mübarizə, gender bərabərliyi sahəsində aparılan dövlət siyasəti və mövcud qanunvericilik aktları haqqında maarifləndirici məlumatlar verilib. Təhsil sisteminin bütün səviyyələrində ayrı-seçkiliyə yol verən gender stereotiplərini aradan qaldırılması istiqamətində keçirilən tədbir Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Slavyan Universiteti, Azərbaycan Turizm və Menecment Universitetinin tələbələrini əhatə edib.

“Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu:Suraxanıda yeni sosial yanaşma” mövzusunda konfrans keçirilib
28 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” adlı konfrans keçirilib. Tədbir “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində təşkil olunub. Öncə “Şiddətə qarşı sülhün səsi” adlı pantomim tamaşa nümayiş olunub. Daha sonra mövzuya həsr olunmuş video-çarx təqdim edilib. Açılış nitqi ilə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Azərbaycan qadınlarının cəmiyyətin sosial, iqtisadi və siyasi həyatında artan rolunun ölkəmizin inkişafına mühüm töhfə verdiyini qeyd edib. İcra başçısı bildirib ki, sevindirici haldır ki, Azərbaycanda həyata keçirilən gender siyasəti tarixi ənənələrlə müasir çağırışları uğurla birləşdirir. Onun sözlərinə görə, müstəqillik dövründə qadınların cəmiyyətdə rolunun gücləndirilməsi Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin prioritet istiqamətlərindən biri olmuş, məhz Ulu Öndərin rəhbərliyi ilə ölkədə qadın hərəkatı yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. O, qadınların hüquq bərabərliyinin Konstitusiyada təsbit edilməsinin və Azərbaycanın bu sahədə bütün mühüm beynəlxalq sənədlərə qoşulmasının gender siyasətinin davamlı inkişafı üçün möhkəm zəmin yaratdığını əlavə edib. A.Əliyev bildirib ki, qadınların cəmiyyət həyatında fəal iştirakı və imkanlarının genişləndirilməsi ölkəmizin davamlı inkişafının əsas şərtlərindəndir. Onun sözlərinə görə, həyata keçirilən layihələr və maarifləndirici fəaliyyətlər qadınların rolunu gücləndirir və yeni uğurların qapısını açır. İcra başçısı vurğulayıb ki, birlikdə çalışdıqca daha güclü, bərabər və davamlı gələcək qurmaq mümkündür və hər kəsi şəxsi və ictimai fəaliyyətində gender bərabərliyinin təşviqinə töhfə verməyə çağırıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransın gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində təşkil olunduğuna diqqət çəkərək, kampaniyanın ilk növbədə rəqəmsal mühitdə genişlənən zorakılıq formalarına qarşı mübarizənin milli və beynəlxalq səviyyədə həmrəyliyə və birgə fəaliyyətə əsaslanmasının vacibliyini önə çıxardığını vurğulayıb. Komitə sədri əlavə edib ki, son tədqiqatların göstərdiyi kimi, rəqəmsal məkanda zorakılığın 16%-dən 58%-ə qədər dəyişən yayılma göstəriciləri problemin dərinliyini və mürəkkəbliyini təsdiqləyib, həmçinin rəqəmsal dünyada insan hüquqlarının qorunması, təhlükəsizliyin və bərabər imkanların təmin olunmasının isə artıq qlobal miqyasda mühüm prioritetə çevrildiyini göstərib. O, qadınlara və qızlara qarşı, o cümlədən rəqəmsal müstəvidə törədilən zorakılığın cəmiyyətin inkişafını zəiflədən ciddi sosial problem olduğunu vurğulayıb. Qeyd edib ki, bu kimi halların ağır nəticələri nəzərə alınaraq, dövlətimizin beynəlxalq və milli səviyyədə öz öhdəliklərinə sadiqliyi xüsusi əhəmiyyət daşıyır. B.Muradova bildirib ki, ilk növbədə, ölkə prezidenti cənab İlham Əliyevin bu sahədəki qərar və sərəncamları, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və tövsiyələri, cəmiyyəti bu problemlə mübarizəyə daha yaxından səfərbər etmək naminə müntəzəm təşəbbüsləri əldə edilən müsbət nəticələrin əsas hərəkətverici qüvvəsidir. Sosial davranışların dəyişdirilməsi və mənfi stereotiplərin aradan qaldırılması istiqamətində qısa zaman ərzində qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyəti nəticəsində cəmiyyətdə nəzərəçarpan irəliləyişlər əldə olunduğunu bildirən sədr, qeyd edib ki, 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı uğurla icra olunub və hazırda aidiyyəti qurumların təklifləri nəzərə alınmaqla ikinci Milli Fəaliyyət Planının layihəsi hazırlanır. Bu sənədin gələcək fəaliyyətin daha sistemli və səmərəli həyata keçirilməsinə xidmət edəcəyinə inandığını vurğulayıb. Suraxanıda bu mövzunun müzakirəsinin təsadüfi olmadığını bildirən B.Muradova rayonun çoxmədəniyyətli və həmrəy sosial mühitinin, eləcə də özünəməxsus sosial-iqtisadi xüsusiyyətlərinin burada icma dəstəyinin gücləndirilməsi və sosial layihələrin həyata keçirilməsi üçün xüsusi imkanlar yaratdığını da əlavə edib. Yerli səviyyədə koordinasiyanın təmin olunmasında əsas institusional dayaqlardan birinin şəhər və rayon icra hakimiyyətləri olduğunu vurğulayan Komitə sədri, onların icmalarla birbaşa təması və operativ müdaxilə imkanları zərərçəkmişlərin təhlükəsizliyinin artırılmasına, problemlərin erkən aşkarlanması və risk qruplarının müəyyən edilməsinə mühüm töhfə verdiyini bildirib. B.Muradova Suraxanı Rayon İcra Hakimiyyətinin təcrübəsinin məişət zorakılığı ilə mübarizədə uğurlu model kimi diqqətəlayiq olduğunu və digər bölgələr üçün nümunə olaraq öyrəniləcəyini diqqətə çatdırıb. O çıxışının sonunda qarşıda qadın və qızların rəqəmsal savadlılığının artırılması, hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi və icmaların daha fəal iştirakı kimi mühüm vəzifələr durduğunu qeyd edib. Konfrans panel müzakirələrlə davam edib. “Qadın hüquqlarının qorunması-davamlı inkişafın əsas prinsipi“ mövuzusunda keçirilən birinci sessiyaya Dövlət Komitəsinin hüquqi-təminat şöbəsinin müdiri Taliyə İbrahimova moderatorluq edib. T.İbrahimova bildirilib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci məqsədi məhz gender bərabərliyinin təmin edilməsinə həsr edilib. Gender bərabərliyinin yalnız hüquq məsələsi deyil, eyni zamanda cəmiyyətdə sülhün, təhlükəsizliyin və rifahın əsas təməli olduğunu vurğulayan moderator, Azərbaycanın bu çağırışa daim cavab verdiyini və qadınların cəmiyyətdə rolunun artırılması, hüquq və imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdiyini qeyd edib. Sessiyada Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək, İcra Hakimiyyəti yanında yaradılmış MƏQ-in məişət zorakılığı hallarının izlənməsi, zərərçəkmiş şəxslərin sosial və hüquqi müdafiəsinin təmin olunması, mühafizə orderlərinin verilməsi, zorakılıq törədən şəxslərlə profilaktik tədbirlərin görülməsi, eləcə də ictimai maarifləndirmə və gender bərabərliyinin təşviqi məqsədilə keçirdiyi müxtəlif tədbirlər və layihələr barədə məlumat verib. DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Kəmalə Ələkbərova, Daxili İşlər Nazirliyi tərəfindən Ailə-məişət zəminində törədilən cinayətlərlə bağlı yeni Tədbirlər Planı hazırlandığını bildirib və əlavə edib ki, bu istiqamətdə mütəxəssislər üçün təlimlərin keçirilməsi də təmin olunur. Həmçinin yetkinlik yaşına çatmayanların işləri üzrə qadın polislərin sayının artırılması təklif olunub. Çıxış edən “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Kəmalə Aşumova bildirib ki, artıq sosial xidmət mərkəzləri dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Vurğulayıb ki, 2022-ci ildən etibarən qadınlar üçün 24 saat fəaliyyət göstərən qaynar xətt xidməti yaradılıb və bu müddət ərzində 11 mindən çox müraciət daxil olub ki, onların da əksəriyyəti məişət zorakılığı ilə bağlıdır. ‘’Zorakılığa qarşı mübarizədə ictimai həmrəylik və hüquqi dəstək’’ mövzusunda müzakirələrin aparıldığı ikinci panel sessiyanın moderatoru isə BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru Ceyhun Qaracayev olub. Panelçi Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova, ailə, məktəb və dövlət məfhumunun birlikdə uşaqların düzgün formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, bir neçə ildir davam edən “Məktəblinin dostu” layihəsi artıq bütün Azərbaycan üzrə genişləndirilib və bu, şagirdlərin həm icma, həm də ailə mühitində qarşılaşdıqları zorakılıq halları üzrə rahat şəkildə müraciət etməsinə şərait yaradır. Məktəblilər üçün digər dəstək mexanizmləri də gücləndirilib, həmçinin məktəblərdə sosial pedaqoqların fəaliyyəti təmin olunub. Azərbaycan Televiziyasının Teleradio Akademiyasının rektoru Almaz Mahmud medianın cəmiyyətdə həm dağıdıcı və eyni zamanda formalaşdırıcı gücə malik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, informasiya yalnız məlumat ötürmək deyil, həm də ictimai rəy yaratmaq funksiyasını daşıyır. A.Mahmud vurğulayıb ki, həm ənənəvi, həm də sosial mediada xüsusilə qadınlar və uşaqlarla bağlı mövzularda empatiya hissi güclü olmalı, məsuliyyətli yanaşma nümayiş etdirilməlidir. O əlavə edib ki, cəmiyyətin düzgün maarifləndirilməsi üçün media savadlılığının artırılması vacib prioritetlərdən biri olaraq qalır. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Lalə Nağıyeva məişət zorakılığı hadisəsinə qarşı mütləq operativ reaksiya göstərilməli olduğunu deyib. Qeyd olunub ki, bəzi şəxslər həyatlarında qarşılaşdıqları halların zorakılıq olduğunu belə dərk etmirlər, çünki zorakılığın yalnız fiziki deyil, psixoloji, iqtisadi və digər formaları da mövcuddur. O əlavə edib ki, mühafizə orderinin tətbiqi zərərçəkmişlərin təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə effektiv və səmərəli reaksiya mexanizmlərinin gücləndirilməsinin vacibliyini qeyd edib. Konfrans müzakirələrlə davam edib, panelçilərə ünvanlanan suallar cavablandırılıb.

“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində regionlarda tədbirlər keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Qəbələ, İsmayıllı, Sabirabad, Saatlı, Hacıqabul, Göygöl, Goranboy, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən regionlarda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində maarifləndirici görüşlər keçirilib. Rayon, kənd və qəsəbələrdə keçirilən tədbirlərdə Dəstək Mərkəzlərinin, rayon İcra hakimiyyətlərinin, rayon polis şöbələrinin əməkdaşları, din xadimləri, müəllimlər, tibb işçiləri, valideynlər, yuxarı sinif şagirdləri və icma sakinləri iştirak ediblər. Çıxış edənlər hər il “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” Kampaniyası çərçivəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb, erkən və qohum evliliyinin mənfi nəticələri, bu istiqamətdə qanunvericiliyə edilmiş dəyişikliklər, müəyyən edilmiş məsuliyyət növləri barədə ətraflı məlumat veriblər. Silsilə tədbirlərdə mövzuya dair sosial çarx nümayiş etdirilib, maarifləndirci çap vəsaitləri paylanılıb. Görüşlər çərçivəsində iştirakçıların sualları cavablandırılıb.

Uşaq Hüquqları Aylığı çərçivəsində 4 mindən çox uşağı əhatə edən genişmiqyaslı tədbirlər keçirilib
Uşaq hüquqlarının qorunması, rifahının yaxşılaşdırılması və bu sahədə ictimai məlumatlılığın artırılması məqsədilə ölkədə hər il qeyd olunan Uşaq Hüquqları Aylığı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib. Keçirilən 117 tədbir, 11 təlim, 5 intellektual yarış, 3 konfransda ümumilikdə 6791 nəfər iştirak edib (onlardan 4262-si uşaq olmaqla). Aylıq çərçivəsində “Ailə, qadın və uşaq məsələləri media müstəvisində: çağırışlar və perspektivlər” və “Uşaq hüquqları naminə şəffaflıq və rəqəmsal islahatlar” mövzularında iki konfrans, eləcə də “Ailə, qadın və uşaq məsələləri Azərbaycan qanunvericiliyində” mövzusunda mətbuat konfransı, həmçinin “Hüquqlarınla parla!” layihəsi üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə fəal uşaqların görüşü təşkil edilib. 3 konfransa 180 nəfər, görüşə isə 36 nəfər (ümumilikdə 216 nəfər) cəlb olunub (76 kişi, 103 qadın və 37 uşaq) qatılıb. 20 oktyabr – 20 noyabr tarixlərində Komitənin tabeliyində fəaliyyət göstərən Ağdam, Goranboy, Göygöl, Hacıqabul, İsmayıllı, Qəbələ, Saatlı, Sabirabad, Şüvəlan, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən uşaqlar və valideynlərin iştirakı ilə müxtəlif mövzularda 67 tədbir (2.929 nəfər) və 5 təlim (70 nəfər) keçirilib. Beləliklə, Mərkəzlərin fəaliyyətinə ümumilikdə 2.999 nəfər (558 kişi, 1.423 qadın, 1.018 uşaq) cəlb olunub. Erkən Uşaqlıq Dövrünün İnkişafı (EUDİ) platforması tərəfindən ictimai maarifləndirmə məqsədilə uşaqların hüquqlarının qorunması mövzusunda sosial çarx hazırlanmışdır. Dövlət Komitəsi layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi də aylıqda xüsusi fəallıq nümayiş etdirib. Bakı, Sumqayıt, Şəki, Şirvan və rayonlarda (Abşeron, Ağdam, Ağdaş, Ağsu, Astara, Balakən, Bərdə, Cəbrayıl, Cəlilabad,Daşkəsən, Füzuli, Gədəbəy, Xaçmaz, Xızı, İmişli, İsmayıllı,Qax, Qəbələ, Qusar, Lerik, Neftçala, Sabirabad, Salyan, Samux, Şabran, Şəmkir, Ucar və Zaqatala) uşaq hüquqlarının təbliği məqsədilə Məclis (USM) tərəfindən 45 tədbir (1.977 nəfər: onlardan 32 kişi, 128 qadın və 1.817 uşaq), 6 təlim (195 nəfər: onlardan 3 kişi, 13 qadın və 179 uşaq) və 5 intellektual yarış (129 nəfər: onlardan 1 kişi, 8 qadın və 120 uşaq) təşkil olunub. Ümumilikdə tədbir, təlim və intellektual yarışlarda 2.301 nəfər iştirak edib (onlardan 36 kişi, 149 qadın və 2.116 uşaq). Eyni zamanda Dövlət Komitəsi tərəfindən uşaqlarla bağlı mövzuların mediada işıqlandırılması, uşaqlarla işləyən mütəxəssis və psixoloqların peşəkarlığının artırılması, eləcə də digər mövzularda daha 6 tədbir (856 nəfər: onlardan 4 kişi, 15 qadın və 837 uşaq və tələbə) və 5 təlim (419 nəfər: onlardan 6 kişi, 159 qadın və 254 uşaq və tələbə) təşkil olunub. Ümumilikdə bu tədbir və təlimlərdə 1.275 nəfər iştirak edib (onlardan 10 kişi, 174 qadın və 1.091 uşaq). Uşaq Hüquqları Aylığı çərçivəsində keçirilən bu çoxşaxəli tədbirlər uşaq hüquqları ilə bağlı ictimai məlumatlılığın artırılmasına, uşaqların öz hüquqlarını daha yaxşı tanımasına, valideyn və mütəxəssislərin biliklərinin genişlənməsinə və uşaqlara yönəlik xidmətlərin əlçatanlığının gücləndirilməsinə mühüm töhfə verib.

Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib
27 noyabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları üçün “Dövlət qulluğunda etik davranış qaydalarının praktiki tətbiqi məsələləri və korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib. Təlim zamanı iştirakçılara Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Zeynal Cabbarov tərəfindən etik dilemmaların qanunvericilik çərçivəsində həlli yolları, korrupsiya ilə mübarizə sahəsində əsas anlayışlar, hüquqi çərçivə və dövlət qulluqçularının davranış standartları barədə ətraflı məlumat verilib. Təlim interaktiv müzakirələrlə davam edib.Sonda iştirakçıların sualları cavablandırılıb və real iş prosesində rast gəlinə biləcək kazus tipli nümunələr təqdim olunub.

Türkiyənin yeni Ailə İnstitutu nümayəndə heyətinə təqdim olunub
Ankara şəhərində səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirak etdiyi görüş zamanı Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi yanında 2024-cü ildə yaradılmış Ailə İnstitutu barədə ətraflı məlumat təqdim olunub, İnstitutun yaradılma məqsədi, əsas funksiyaları, araşdırma istiqamətləri və ailə siyasətinin təkmilləşdirilməsində oynadığı rol barədə ətraflı məlumat verilib. Bununla yanaşı, Türkiyədə mövcud demoqrafik vəziyyət və demoqrafik problemlərin həlli istiqamətində həyata keçirilən dövlət siyasəti barədə geniş təqdimat keçirilib. Görüş qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi, yeni birgə təşəbbüslərin reallaşdırılması və institusional əməkdaşlığın inkişafı baxımından mühüm addım kimi qiymətləndirilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi