Media
Xəbərlər

Bahar Muradova Qahirədə keçirilən beynəlxalq konfransda çıxış edib
Misir Ərəb Respublikasında səfərdə olan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qahirə şəhərində “Dini və media müzakirələrindən istifadə və onun İƏT-ə üzv dövlətlərdə qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda keçirilən konfransda iştirak edib. Konfrans çərçivəsində təşkil olunan “Qadınların müsbət rolları barədə ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin rolu” adlı sessiyada sualları cavablandıran Bahar Muradova media, mədəniyyət və incəsənətin qadın hüquqlarının təşviqində strateji əhəmiyyət daşıdığını bildirib. Komitə sədri vurğulayıb ki, bu sahələr təkcə informasiya ötürən vasitələr deyil, həm də ictimai şüurun formalaşmasına, davranış modellərinin dəyişməsinə və gender bərabərliyinin təşviqinə xidmət edən “yumşaq güc” alətləridir. Azərbaycan təcrübəsində media və rəqəmsal platformalar vasitəsilə qadınlar ictimai, iqtisadi və siyasi həyatın fəal subyektləri kimi təqdim olunduğunu qeyd edən B.Muradova, qadın liderliyi, sahibkarlıq, sülh quruculuğu və ailədaxili tərəfdaşlıq mövzularının sistemli şəkildə ictimai gündəmə çıxarıldığını əlavə edib. B.Muradova vurğulayıb ki, media və mədəniyyət sahəsində fəaliyyətlər vahid dövlət siyasətinin tərkib hissəsi kimi koordinasiyalı şəkildə həyata keçirilir və bu yanaşma qadınların müsbət imicinin davamlı şəkildə möhkəmlənməsinə şərait yaradır. Qadınların müsbət imicinin formalaşmasının yalnız mədəni təqdimatla deyil, onların real qərarvermə proseslərində fəal iştirakı ilə mümkün olduğunu qeyd edən Komitə sədri, Azərbaycanın bu istiqamətdə ardıcıl yanaşma tətbiq edərək qızların təhsilinin təşviqini əsas başlanğıc nöqtəsi kimi müəyyənləşdirdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Şərqdə ilk dünyəvi qızlar məktəbinin Azərbaycanda açılması qadınların ictimai rolunun legitimləşdirilməsində mühüm mərhələ olub və bu maarifçi ənənə bu gün də davam etdirilir. Dövlət Komitəsinin koordinasiyası ilə regionlarda maarifləndirmə, erkən evlilik risklərinin azaldılması və valideynlərlə dialoq aparılır, paralel olaraq qadınların icra, qanunverici və məhkəmə hakimiyyətində təmsilçiliyinin artırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi həyata keçirilir. B.Muradova bildirib ki, qadın liderlərin, o cümlədən Birinci vitse-prezident Mehriban Əliyevanın və Milli Məclisin sədri Sahibə Qafarovanın fəaliyyəti gənc nəsil üçün real rol modelləri yaradır. Eyni zamanda qadın sahibkarlığı, məşğulluq və sosial layihələr qadınların iqtisadi müstəqilliyini gücləndirir. Beynəlxalq müstəvidə isə qadınların diplomatiyada, humanitar təşəbbüslərdə və “Qadınlar, Sülh və Təhlükəsizlik” gündəliyində fəal iştirakı Azərbaycanın müasir və inklüziv imicinin möhkəmlənməsinə töhfə verir. Bahar Muradova qeyd edib ki, bu ardıcıl və sistemli model İƏT məkanında digər ölkələr üçün də uyğunlaşdırıla bilən praktik nümunə kimi dəyərləndirilə bilər. Konfrans sessiyalarla davam edib. Sonra Bahar Muradova Misir mediasının suallarını cavablandırıb.

Azərbaycan Qahirədə qadın hüquqlarına həsr olunmuş beynəlxalq konfransda təmsil olunur
Fevralın 1-də Qahirədə “Dini və media diskursundan faydalanma, onun İƏT dövlətlərində qadınların hüquqlarının qorunması və təşviqinə təsiri” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfrans Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında, əl-Əzhər əl-Şərif və Misirin Qadınlar üzrə Milli Şurası tərəfindən təşkil olunub. Misirin Baş naziri Mustafa Mədbuli, əl-Əzhərin şeyxi, böyük imam Əhməd əl-Tayyib, İƏT-ə üzv dövlətlərin nazirləri, səfirlər, din xadimlərinin və digər nümayəndə heyətlərinin qatıldıqları tədbirdə Azərbaycanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir. İki gün davam edəcək tədbirdə qadınların dini və ideoloji ekstremizmlə mübarizədə, eləcə də sülh və təhlükəsizlikdə rolu, qadınlarla bağlı ictimai şüurun formalaşmasında media, mədəniyyət və incəsənətin əhəmiyyəti, qadın və qızların iqtisadi hüquqları, ÜDM-ə töhfəsi və kiber zorakılıqdan qorunması mövzuları müzakirə olunacaq. Konfransın sonunda “Qahirə Bəyannaməsi”nin qəbul edilməsi gözlənilir.

Bakı şəhəri və regionlarda “Açıq qapı” günü keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən 28 yanvar 2026-cı il tarixində psixoloq və sosial işçilərin iştirakı ilə növbəti səyyar “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, İsmayıllı şəhəri, Ağdam rayonunun İkinci Dördyol qəsəbəsi, Goranboy rayonunun Dəliməmmədli, Hacıqabul rayonunun Kürçülü, Qəbələ rayonunun Çuxur Qəbələ, Saatlı rayonunun Sımada, Sabirabad rayonunun Nərimankənd, Zaqatala rayonunun Üçüncü Tala, Zərdab rayonunun Qoruqbağı, Göygöl rayonunun Qızılqaya kənd və qəsəbələrini əhatə edib. “Açıq qapı” günündə vətəndaşların UADM-lərin xidmətlərindən istifadə, mərkəzlərlə əməkdaşlıq, psixoloji konsultasiya, aliment, müalicə və sosial müavinətlər, işlə təminat, özünüməşğulluq proqramı, əlil arabası ilə təmin olunma, evdə (səyyar) sosial xidmət, uşaqların inkişaf ləngiməsinin aradan qaldırılması və ünsiyyət problemi üzrə müraciətləri dinlənilib. Bundan əlavə, uşaqlarda inkişaf ləngiməsinin erkən aşkarlanması və profilaktikası məqsədilə mərkəzlərin mütəxəssisləri tərəfindən Denver II qiymətləndirmə testi tətbiq olunub. “Açıq qapı” günündə ümumilikdə 74 nəfər vətəndaşın müraciəti dinlənilib, müraciətlərin bir qismi təmin edilib, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, həlli araşdırma tələb edən müraciətlər isə qeydiyyata alınaraq nəzarətə götürülüb.

“Uşaq hüquqları haqqında” yeni qanun layihəsi Parlamentin müzakirəsinə təqdim edilib
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 28 yanvar 2026-cı il tarixində keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edib. Sədr bildirib ki, müzakirəyə təqdim olunan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının yeni qanun layihəsi ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoyan mühüm hüquqi sənəddir. B.Muradova qeyd edib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunmuş mövcud qanun uzun illər bu istiqamətdə mühüm rol oynasa da müasir tələblər yeni yanaşmaları zəruri edir. İnsan hüquq və azadlıqlarının inkişafı ilə paralel olaraq müvafiq sahədə də yeni yanaşmaların formalaşdığını vurğulayan Komitə sədri, daha effektiv, aydın və icrası mümkün mexanizmlərə ehtiyac yarandığını bildirib. Son illər ərzində Azərbaycanda uşaq hüquqlarının müdafiəsi istiqamətində mühüm instutisioal və hüquqi islahatların həyata keçirildiyinə diqqət çəkən B.Muradova, qanunvericilikdə təsbit olunmuş uşaq hüquqlarının real həyatda təmin edilməsi və qorunmasının əsas məqsəd olduğunu bildirib. Vurğulayıb ki, bu prosesin mərkəzində uşağın üstün mənafeyi, ayrı-seçkiliyin yolverilməzliyi və uşaq hüquq və azadlıqlarına hörmət kimi fundamental prinsiplər dayanır. Komitə sədri qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və onun Fəaliyyət Planı bu sahədə islahatların əsas yol xəritəsidir. Strategiyanın icrası çərçivəsində 11 qanunvericilik aktı qəbul edilib, 2020–2025-ci illəri əhatə edən birinci fəaliyyət planı uğurla başa çatdırılıb, hazırda isə ikinci fəaliyyət planı hazırlanır. Yeni qanun layihəsinin məhz Strategiyanın 2020–2025-ci illər üzrə Fəaliyyət Planının 5.1.2-ci bəndinin icrası məqsədilə hazırlandığını deyən sədr, sənədin 16 dövlət orqanı ilə razılaşdırıldığını bildirib: “Layihə 8 fəsil, 63 maddədən ibarət olmaqla dövlət uşaq siyasətinin məqsədlərini, dövlətin əsas vəzifələrini, uşaqların mənafelərinin üstünlüyünü təmin edən mexanizmləri və uşaq hüquq və azadlıqlarının dövlət təminatlarını əhatə edir”. Komitə sədri bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsində ilk dəfə olaraq “uşağın üstün mənafeyi”, “uşaqlara qarşı zorakılıq” və “cismani cəza” anlayışlarının hüquqi tərifləri verilir, həmçinin cismani cəzanın yolverilməzliyi açıq şəkildə təsbit olunur, internet mühiti və bulinq daxil olmaqla uşaqlara qarşı zorakılığın yeni formaları tənzimlənir. O, əlavə edib ki, layihədə uşaqlara qarşı zorakılıq halları barədə məlumat verməyən şəxslər üçün məsuliyyət mexanizmləri, çətin həyat şəraitində olan uşaqların aşkarlanması və müdafiəsi üzrə profilaktik tədbirlər, yuvenal ədliyyə sisteminin əsas prinsipləri, multidissiplinar yanaşma, psixoloqun məcburi iştirakı və uşaqların məxfiliyinin qorunması ilə bağlı mühüm təminatlar da öz əksini tapır. B.Muradova qanun layihəsinin qəbulunun uşaq hüquqlarının müdafiəsində vahid, müasir və uşaqyönümlü yanaşmanın formalaşmasına, eləcə də beynəlxalq öhdəliklərin daha dolğun icrasına və uşaqların təhlükəsiz, ləyaqətli və rifah içində böyüməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında bildirib ki, uşaq hüquqlarının təmin edilməsi və müdafiə olunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. H.Hüseynova əlavə edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi qayğısı və diqqəti nəticəsində daha da gücləndirilib. O qeyd edib ki, ölkəmiz uşaq hüquqları ilə bağlı bir sıra beynəlxalq sənədlərə qoşulmuş, uşaq hüquqlarının müxtəlif aspektlərini özündə əks etdirən qanunlar qəbul edib, həmçinin milli qanunvericiliyin təkmiləşdirilməsi istiqamətində mühüm işlər görüb: "Lakin proses dayanmır. Elə bu gün biz yeni bir qanun layihəsini müzakirə edirik. Bildiyimiz kimi, 2023-cü ildə Azərbaycan Prezidenti tərəfindən uşaqların hüquqlarının daha effektiv müdafiəsi və müasir tələblərə uyğunlaşdırılması məqsədilə "Uşaq hüquqları haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı sərəncam imzalanıb”. Uşaq hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətində prioritet istiqamətlərdən olduğunu qeyd edən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən daima bu istiqamətdə kompleks islahatların həyata keçirildiyini, qanunvericiliyin və institusional strukturun təkmilləşdirilməsi, sosial layihələrin icrası, ümumilikdə uşaqların layiqli həyat səviyyəsinin təmini sahəsində mühüm nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. S.Əliyeva bildirib ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilmiş hüquqi islahatların məntiqi davamı olaraq yaranan yeni münasibətlərin tənzimlənməsi məqsədilə hazırlanmış yeni Qanun layihəsi özündə uşaq hüquqlarının daha səmərəli müdafiəsi ilə bağlı normaları ehtiva edir. O əlavə edib ki, layihədə çətin həyat şəraitində olan uşaqların hüquqları ilə bağlı konkret mexanizmlərin göstərilməsi uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, həmin uşaqların aşkarlanması və sosial müdafiəsinin təmin edilməsi baxımından zəruridir. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki,“Uşaq hüquqları haqqında” qüvvədə olan qanun 30 ilə yaxın müddətdir qəbul edilib və dünyadakı proseslər, çağışlar onun yenilənməsini zəruri edir. O qeyd edib ki, həm ümumilli lider Heydər Əliyev, həm ölkə prezidenti İlham Əliyev daim uşaqların inkişafına, formalaşmasına, tərbiyəsinə, sağlamlığına, mədəniyyətinə böyük diqqət yetiriblər:“Təəssüf ki, müasir dünyada uşaqların qorunması prosesi çox ciddi problemlərlə üzləşir. Halbuki insan hüquqlarının fundamental dəyərə çevrildiyi müasir dünyada cəmiyyətin ən həssas qruplarından biri uşaqlardır və onların hüquqları və rifahı beynəlxalq gündəmdə əsas yer tutur. Nazir müavini vurğulayıb ki, bütün bu çağırışlar maraqlı tərəfləri, dövlət strukturlarını, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətini və hətta özəl sektorları da narahat edərək, onların birgə səylərini gündəmə gətirir və birgə səylərlə bu çağırışların qarşısını almaq olar. Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev layihə ilə bağlı çıxışında bildirilib ki, diqqət yetirilməli olan əsas məqamlardan biri sənədin Normativ-hüquqi aktlar haqqında Konstitusiya Qanununun tələblərinə tam uyğun şəkildə hazırlanmasıdır. Qeyd olunub ki, bu yanaşma layihənin hüquqi baxımdan əsaslı və sistemli olmasını təmin edir. Şöbə müdiri vurğulayıb ki, layihənin mühüm xüsusiyyətlərindən biri isə anlayışlarla bağlı müddəaların ilk dəfə ayrıca şəkildə təsbit edilməsidir: “Belə ki, hazırda qüvvədə olan “Uşaq hüquqları haqqında” qanunda anlayışları əhatə edən maddə mövcud olmadığı halda, yeni layihə milli qanunvericiliyə 11 yeni anlayışın daxil edilməsini nəzərdə tutur”. Sonda yeni sənəd ətrafında fikir mübadiləsi aparılıb və layihə parlamentin plenar iclasına tövsiyə olunub.

Komitənin maarifləndirici materialları Azərbaycan Dəmir Yollarına və “Bakı Metropoliteni” QSC-yə məxsus monitorlarda nümayiş etdirilir
Milli-mənəvi və ailə dəyərlərinin təbliği, əhalinin, xüsusilə yeniyetmə və gənclərin məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bir sıra maarifləndirici posterlər hazırlanıb. Posterlərdə ailə dəyərlərinin qorunması, gender bərabərliyinin təşviqi, məişət zorakılığı və insan alveri ilə mübarizə, uşaq hüquqlarının müdafiəsi, erkən evliliyin, narkomaniyanın və kiber zorakılığın qarşısının alınması mövzuları əhatə olunub. Ümumilikdə 18 maarifləndirici material “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə və “Bakı Metropoliteni” QSC-yə məxsus reklam lövhələri və monitorlarda mütəmadi olaraq nümayiş etdirilir.

Bahar Muradova Şirvan şəhərində vətəndaşları qəbul edib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şirvan şəhərində vətəndaşları qəbul edib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq, önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. 23 yanvar 2026-cı il tarixində keçirilən qəbul zamanı Şirvan şəhər və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər arasında alimentin ödənilməsi, hüquqi yardım, övladının müalicəsi, ailədaxili münasibətlər, uşaq tələbi və digər məsələlər yer alıb. Qəbul zamanı hər bir müraciət fərdi qaydada dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Həlli araşdırma tələb edən müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

Bahar Muradova Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvləri ilə görüşüb
Çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, layihəni uşaq iştirakçılığının və uşaq hüquqlarının qorunmasının ən yaxşı nümunələrindən biri adlandırıb və layihə iştirakçıları üçün təkcə hüquqlarını ifadə etmək imkanı deyil, eyni zamanda şəxsi inkişaf və özünü kəşf etmə baxımından da mühüm platforma olduğunu bildirib. B.Muradova vurğulayıb ki, minlərlə uşaq arasından seçilərək belə layihələrə cəlb olunmaq, müxtəlif fəaliyyətlərdə iştirak etmək və səriştə qazanmaq uşaqlarda gələcəyə inamı artırır və uzun illər yadda qalan xatirələr yaradır. Komitə sədri, uşaqların bu prosesdə fəal iştirakının digər uşaqların da hüquqlarının müdafiəsinə töhfə verdiyini, onların səsləndirdiyi fikirlərin qanunvericilikdə, təhsil prosesində və dövlətin fəaliyyət istiqamətlərini müəyyən edən sənədlərdə nəzərə alındığını qeyd edib. Əlavə edib ki, bu yolla Azərbaycan uşaqlarının mövqeyi ifadə edilir. B. Muradova, insan kapitalının formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğuna diqqət çəkərək, bu prosesə erkən yaşlardan başlanılmasının cəmiyyətin davamlı inkişafına xidmət etdiyini deyib. Sədr, Məclisə seçilən uşaqları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların Səfirlər Məclisinə seçim turu haqqında məlumat verib. Qeyd edib ki, Məclisin vakant yerlərinə qəbul üçün 8 avqust tarixində elan verilmiş, nəticədə müstəqil özünü ifadə etmə bacarığına, ictimai fəallığa, liderlik keyfiyyətinə malik 130 nəfər qeydiyyatdan keçmiş, onlardan 50 nəfəri ikinci mərhələdə (müsahibədə) iştirak etmək hüququ qazanmışdır. 29 sentyabr, 1-6 oktyabr tarixlərini əhatə edən seçim prosesinə dəvət olunmuş 50 nəfərdən 8 nəfəri müsahibədən uğurla keçmişdir. Məclisin sıralarına yeni qatılan uşaq səfirlər bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildirib, özləri haqqında məlumat veriblər. Uşaq Səfirlər Məclisinin üzvü seçilmələri ilə bağlı qürur hissi keçirdiklərini ifadə edən uşaqlar, Məclisdə uşaqların səsi olaraq onları layiqincə təmsil edəcəklərini bildiriblər. Yekunda Komitə sədri üzvlərin hər birini bir daha ürəkdən təbrik edib, onların qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib. Sonda yeni seçilən səfirlərə üzvlük vəsiqələri təqdim olunub.

Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial media fəaliyyətinə dair təlim keçirilib
21 yanvar 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) direktorları və əməkdaşlarının iştirakı ilə Mərkəzlərin sosial media səhifələrinin aktivliyinin artırılması və düzgün kontent strategiyasının qurulması mövzusunda təlim təşkil olunub. Dövlət Komitəsinin Ailə problemləri sektorunun müdiri Aydın Rəcəbli Mərkəzlərin fəaliyyətinin önəminə diqqət çəkərək, bu fəaliyyətin düzgün işıqlandırılmasının vacibliyini vurğulayıb. Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin əməkdaşı Aysel Babayeva tərəfindən keçirilən təlim zamanı UADM-lərin sosial mediada rəsmi və vahid təmsilçiliyinin təmin edilməsi, paylaşım planlamasının düzgün qurulması, keyfiyyətli vizual və mətn kontentinin hazırlanması məsələləri ətraflı şəkildə izah edilib. Qeyd edilib ki, sosial media UADM-lərin fəaliyyəti barədə ictimaiyyətin operativ və dolğun məlumatlandırılmasında mühüm rol oynayır və bu sahədə vahid yanaşmanın tətbiqi Mərkəzlərin fəaliyyətinin daha səmərəli təqdim olunmasına imkan yaradır. İnteraktiv formatda təşkil olunan təlim zamanı sosial media fəaliyyətində yol verilən nöqsanlar diqqətə çatdırılıb, mövcud problemlər təhlil olunub və onların aradan qaldırılması istiqamətində praktik həll yolları müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.
İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının iclası keçirildi
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurasının iclası keçirilib. 21 yanvar 2026-cı il tarixində keçirilən iclasda “Roblox” oyun platforması ilə bağlı daxil olmuş şikayət və müraciətlərə baxılması, bu məsələ ilə bağlı görüləcək işlərə dair yekun qərarın verilməsi, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi, eləcə də uşaqların zərərli informasiyadan qorunması məqsədilə aparılan monitorinqlərin nəticələri müzakirə olunub. Ekspert Şurasının sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək ötən il ərzində uşaqların informasiya təhlükəsizliyi sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. O, cari ildə bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinin, qanunvericiliyin təkmilləşdirilməsinin və cəmiyyətin məlumatlandırılmasının vacibliyini vurğulayıb. Eyni zamanda, uşaqları əhatə edən xidmət sahələrinin monitorinqi barədə danışan A. Sofiyeva bu sahədə məsul şəxslərin öhdəliklərini nə dərəcədə yerinə yetirmələri ilə bağlı fikirlərini bölüşüb. İclasın gündəliyində duran əsas məsələlərdən biri kimi “Roblox” oyun platformasının uşaqlar arasında geniş yayılmasının ciddi narahatlıq doğurduğu, bu barədə aidiyyəti qurumlara çoxsaylı müraciətlərin daxil olduğu və konkret tədbirlərin görülməsinin zəruriliyi qeyd edilib. Müzakirələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin müdir müavini Seymur Məmmədov, Ekspert Şurasının üzvləri – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiyanında Elektron Təhlükəsizlik Xidmətinin Hüquq və tənzimləmə sektorunun baş məsləhətçisi Fatimə Eyyub, Audiovizual Şuranın Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı, Ekspert Şurasının katibi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin baş məsləhətçisi Könül Tağızadə, Mədəniyyət Nazirliyinin Film, video və videooyunlar sektorunun əməkdaşı Fərid Bağırov və müstəqil ekspert kimi pedaqoq-psixoloq Kəmalə Qəhrəmanova çıxış edərək təkliflərini səsləndiriblər.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi