Uşaqlar arasında intelektual oyunların təşviqi istiqamətində növbəti təşəbbüs
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının birgə əməkdaşlığı çərçivəsində “Azərbaycan Uşaqları İctimai Birliyi”nin nəzdində fəaliyyət göstərən sığınacaqda yaşayan uşaqlar üçün şahmat dərsi təşkil olunub.
Həssas kateqoriyadan olan uşaqların asudə vaxtının səmərəli təşkili, onlarda məntiqi düşüncə və analiz qabiliyyətinin inkişaf etdirilməsi, eləcə də intellektual oyunlara marağın artırılması istiqamətində həyata keçirilən tədbirin əsas məqsədi uşaqların intellektual inkişafına dəstək göstərmək, onların asudə vaxtını faydalı fəaliyyətlərlə zənginləşdirmək və şahmata marağı daha da artırmaqdır.
Dərs “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçisi Rübabə Əliyeva tərəfindən keçirilib. Məşq zamanı uşaqların şahmata böyük maraq göstərdiyi, oyunun qaydalarını həvəslə mənimsədiyi müşahidə olunub.
Həftədə bir dəfə təşkil olunan şahmat dərslərinin gələcəkdə digər sığınacaqlarda yaşayan uşaqlar üçün də davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi