“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib

28 fevral 2025 18:02

Paylaş:

28 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası keçirilib.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədri Bahar Muradova, məişət zorakılığı ilə mübarizə istiqamətində fəaliyyətin Komitənin əsas hədəflərindən biri olduğunu qeyd edib.

B.Muradova “Məişət zorakılığının qarşısının alınması haqqında Qanun”un qəbul olunmasından etibarən Dövlət Komitəsinin davamlı olaraq dövlət qurumlarının səlahiyyətləri çərçivəsində onlarla əməkdaşlıq etdiyini, həmçinin beynəlxalq təşkilatların bir sıra layihələrində iştirak etməklə bu ağır problemin öhdəsindən gəlməyə, eyni zamanda zərərçəkmişlərə vaxtında və müxtəlifyönümlü yardım göstərməyə çalışdığını bildirib.

B.Muradova Qanunun qəbulundan keçən müddət ərzində əladə edilən təcrübənin bir sıra istiqamətlərdə qanunvericilik təşəbbüsləri ilə çıxış etmək imkanı yaratdığını qeyd edib.

Daha öncə effektiv əlaqələndirmə mexanizmlərin yaradılması çağırışlarına cavab olaraq, Komitənin təklifi ilə yerli icra hakimiyyəti yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının yaradıldığını diqqətə çatdıran sədr, ictimai əsaslarla fəliyyət göstərən, səlahiyyət və öhdəliklərinin konkret çərçivələri müəyyən edilməyən bu təsisatların fəaliyyətinin dayanıqlı və hərtərəfli olmadığını deyib. O, yeni bir mexanizmin yaradılması ilə bağlı “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununa ötən il edilən dəyişikliklərə əsasən Dövlət Komitəsində və bütün yerli icra hakimiyyətləri yanında məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının (MƏQ) yaradıldığını bildirib.

“Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qruplarının fəaliyyət Qaydası”ndan irəli gələn məsələlər barədə məlumatı diqqətə çatdıran Dövlət Komitəsinin sədr müavini, Komitədə yaradılan Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Sədaqət Qəhrəmanova bildirib ki, Dövlət Komitəsində və bütün yerli icra hakimiyyətləri orqanlarında tərkibi azı 9 nəfərdən ibarət olmaqla Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupları yaradılıb.

Sədr müavini Dövlət Komitəsi tərəfindən yaradılan MƏQ-in tərkibi barədə məlumat verib, qrupun əsas fəaliyyət istiqamətlərindən danışıb.

Qeyd edib ki, MƏQ məişət zorakılığının qarşısının alınması sahəsində qurumlararası əlaqələndirmənin həyata keçirilməsi, məişət zorakılığına qarşı cavab tədbirlərinin monitorinqinin aparılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, eləcə də məişət zorakılığından zərər çəkmiş şəxsin və onun himayəsində olan yetkinlik yaşına çatmayanların hüquqlarının və təhlükəsizliyinin təmin olunması istiqamətində fəaliyyəti həyata keçirəcək.

Dövlət Komitəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorunun əməkdaşı, Komitədə yaradılan MƏQ-in məsul katibi Rahil Süleymanzadə məişət zorakılığının qarşısının alınması sahəsində mövcud vəziyyət və görülmüş işlər barədə hesabatla çıxış edib.

R.Süleymanzadə qeyd edib ki, məişət zorakılığının qarşısının alınması məqsədilə dövlət orqanları arasında əlaqələndirilmiş tədbirlərin həyata keçirilməsi və bu sahədə aidiyyəti orqanların fəaliyyətinin gücləndirilməsi əsas məsələlərdən biridir. 2014-cü ildən başlayaraq məişət zorakılığının qarşısının alınması istiqamətində ciddi addımlar atıldığını bildirən R.Süleymanzadə, son illərdə bu sahədə həyata keçirilən hüquqi islahatlar barədə məlumat verib. 

Daha sonra MƏQ-in gələcək fəaliyyəti ilə bağlı üvzlərin təklifləri dinlənilib.

Dövlət Komitəsi tərəfindən yaradılan monitorinq və əlaqələndirmə qrupunun tərkibində təmsil olunan ekspert Abil Bayramov MƏQ-in fəaliyyətinin səmərəli təşkili məqsədilə aidiyyəti qurumlarla birlikdə məişət zorakılığına qarşı cavab tədbirlərinin monitorinqi üzrə indikatorların işlənib hazırlanmalı olduğunu bildirib. Qeyd olunub ki, bu halda monitorinqin nəticələri daha effektiv olacaq və informasiya bazası formalaşdırmaq mümkün olacaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Məftunə İsmayılova sosial-psixoloji xidmətlərin göstərilməsi məqsədilə böhran mərkəzlərinin və qaynar xəttin yaradılmasının vacibliyini qeyd edib.

Monitorinq və əlaqələndirmə qrupunun yaradılmasının əhəmiyyətini qeyd edən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, qrupun işi qurumların bu prosesə hazırlığını, yanaşmasını və çevikliyini göstərəcək. M.Zeynalova bildirib ki, müvafiq sahəyə məsul əməkdaşlar mütəxəssis hazırlığına cəlb olunmalıdır.

Sonda MƏQ-in fəaliyyəti və əhəmiyyəti ilə bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə brifinq təşkil olunub.