Məişət zorakılığı ilə bağlı qanunvericilik təkmilləşdirilib

30 yanvar 2025 17:19

Paylaş:

Azərbaycan Respublikasında məişət zorakılığının qarşısının alınması sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi prosesi davam edir. Belə ki, Azərbaycan Respublikası Prezidenti “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 27 yanvar 2025-ci il tarixli Fərmanı ilə təsdiq edib.

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda yerli icra hakimiyyəti orqanları tərəfindən şikayətlərə baxılması ilə bağlı yeni dəyişikliklərə əsasən aşağdakı prosedurlar müəyyən edilib:

1. Məişət zorakılığı ilə bağlı şikayətə baxılarkən 24 saat keçənədək qısamüddətli mühafizə orderinin verilməsi və şikayətə 5 (beş) gün müddətində baxılması təmin  olunur;

2. Zərər çəkmiş şəxsin tələbi ilə dinləmədə vəkil və psixoloqun iştirakı təmin edilir. Azərbaycan dilini bilmədikdə isə tərcüməçi xidmətlərindən istifadə etmək hüququ təmin olunur;

3. Məişət zorakılığından zərər çəkmiş şəxslərdən biri 16 yaşınadək və ya əlilliyi olan şəxs olduqda araşdırma və dinləmələrdə pedaqoqun və ya psixoloqun iştirakının təmin olunması nəzərdə tutulur;

4. Eyni zamanda yeni dəyişikliyə əsasən məişət zorakılığı barədə şikayətə baxılmasının nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan biri və ya bir neçəsi qəbul olunur:

- məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi;

- əməllərində cinayət və ya inzibati xəta tərkibi olan şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi;

- zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi;

- zərər çəkmiş şəxsin yardım mərkəzində müvəqqəti sığınacaqla təmin edilməsi.

 Qanuna edilmiş dəyişikliklər məişət zorakılığı ilə bağlı müraciətlərə baxılarkən sui-istifadə hallarının qarşısının alınması və zərərçəkmiş şəxslərin hüquqlarının daha səmərəli müdafiəsinə səbəb olacaqdır.