Füzuli rayonunda bələdiyyə seçkilərinə hazırlıq məqsədilə görüş keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə təşkilatçılığı ilə “Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” layihəsi çərçivəsində növbəti görüş Füzuli rayonunda keçirilib.
Tədbirdə “Bərabər İnkişaf Naminə” Koalisiyanın sədri Təranə Kərimova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət qadın siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bu gün Azərbaycan qadınının ən müxtəlif sahələrdə uğurla təmsil olunduğunu diqqətə çatdırıb. O, ölkəmizdə 29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkilərində qadınları fəal iştiraka dəvət edib.
Çıxış edən 84 saylı Füzuli Dairə Seçki Komissiyasının katibi Xatirə Dadaşova rayonda seçkiyə hazırlıq prosesi və seçki prosedurları haqqında məlumat verərək, qadınların fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Daha sonra mövzu ətrafında təkliflər dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.