"CEDAW" Konvensiyası ilə bağlı təlim keçirilib

6 noyabr 2017

Paylaş:

Cari ilin 3-4 Noyabr tarixlərində "CEDAW" Konvensiyası ilə bağlı təlim keçirilib.

Gender əsaslı zorakılıq mövzusunda alternativ hesabatların hazırlanması üçün bacarıqların artırılması üzrə təlimə start verilib.

BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsi çərçivəsində vətəndaş cəmiyyəti institutları üçün gender əsaslı zorakılıq mövzusunda alternativ hesabatların hazırlanması üzrə bacarıqların artırılması üçün təlimə start verilib. Sözügedən layihə 2016-cı ildən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıqda həyata keçirilir.

Təlimin əsas məqsədi "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyaya qoşulmuş ölkələrdə geniş yayılmış alternativ hesabatların hazırlanması üçün vətəndaş cəmiyyəti ilə beynəlxalq təcrübənin bölüşülməsidir. Üç gün davam edəcək təlimlər əsnasında vətəndaş cəmiyyətinin nümayəndələri CEDAW Komitəsinin strukturu, iş prinsipləri, fakültativ protokollar, indikatorların müəyyənləşdirilməsi, hesabatların yazılmasında istifadə oluna biləcək mənbələr, Azərbaycanın beşinci dövri hesabatı üzrə yekun müşahidələr barəsində məlumat alacaqlar.

CEDAW Komitəsi adətən konvensiyanı ratifikasiya edən hökumətlərdən alınmış hesabatlardan əlavə bu ölkələrin qeyri-hökumət təşkilatlarının da bu işdə fəallığını təşviq edir. 
 

Xatırladaq ki, Azərbaycan Konvensiyaya 1995-ci ildə qoşulmuş, 2001-ci ildə sənədinFakültativProtokolunu ratifikasiya etmişdir.2013-cü ildə CEDAW komitəsinin qadına qarşı zorakılıq üzrə Xüsusi Məruzəçisinin Azərbaycana səfəri baş tutmuşdu. Onun hesabatında göstərilir ki, Azərbaycanda qadına qarşı zorakılığa “patriarxal sosial normalar, dərin kök salmış gender stereotipləri vә yanlış fikirlәr, hәmçinin qadınların əleyhinə olan ənənəvi tәcrübələr tәkan verir. 2015-ci ildə Azərbaycanın 5-ci dövri hesabatı CEDAW Komitəsi tərəfindən nəzərdən keçirildi. CEDAW Komitəsi Azərbaycanda pozitiv irəliləyişi vurğulamış və Azərbaycanın beynəlxalq insan hüquqları öhdəlikləri ilə ölkənin yeritdiyi siyasət, təcrübə və qadına qarşı zorakılıq üzrə nəticələrə dair uyğunsuzluqları müəyyənləşdirərək müəyyən tövsiyələr irəli sürmüşdür.