“Azərbaycan ailəsi 2017” film festivalının mükafatlandırma mərasimi keçirildi

2 noyabr 2017

Paylaş:

Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə “Azərbaycan ailəsi 2017” film festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib.

Festival dövlət qurumları, icra hakimiyyətləri və qeyri-hökumət təşkilatları nümayəndələri, tələbələr, eləcə də festivala film və fotolarını təqdim edən şəxslərin iştirakı ilə baş tutub.

2009-cu ildən etibarən hər il keçirilən Festivalın əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənətinin vasitəsi ilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətlərinin aşkar olunması, qeyd olunan istiqamətlərdə video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir.

Tədbirdən əvvəl “Həyatdan şəklə” adlı foto-müsabiqəyə təqdim olunan fotoşəkillərdən ibarət sərgiyə baxış və ümumi videoroliklərin nümayişi keçirilib.

Tədbiri giriş nitqi ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, ənənəvi olaraq, keçirdiyimiz “Azərbaycan ailəsi” film festivalı 9 ildir ki, davam edir və keçən müddət  ərzində yerli rejissorlarla yanaşı, xarici ölkə rejissorları da öz ekran əsərlərini təqdim etmiş, hətta fesitvalın xüsusi mükafatlarına layiq görülmüşlər: “Festival ailə dəyərlərinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi sahəsində mühüm rol oynayır. Bu layihənin  keçirilməsində  bizim bir neçə məqsədimiz var: İlk növbədə ailə dəyərlərinin qorunması istiqamətində maarifləndirmə işinin daha da gücləndirilməsidir. Bir tərəfdən biz uğurlu ailələri, nümunəvi ailə modellərini  təbliğ edirik. Digər tərəfdən isə, bu sahədə mövcud problemləri bədii obrazların vasitəsilə insanlara göstəririk. İkincisi, yaradıcılığa yeni başlayan və təhsil alan rejissorlar  bu sahədə vacib sosial problemləri müəyyən etməkdə bacarıqlar və imkanlara malik olurlar.  Üçüncüsü,  təqdim olunan işlər mütəmadi olaraq müxtəlif yaş qrupları arasında nümayiş olunur, preventiv tədbirlərdə əyani vəsait kimi istifadə edilir. Sözlə izah olunmayan məqamlar, ekran dili ilə daha effektiv və emosional formada çatdırılır ki, bu da insanın hadisəyə yanaşmanı dəyişməsinə və düzgün maariflənməsinə səbəb olur.  Eyni zamanda,  “Azərbaycan ailəsi” adlı filmlər festivalı çərçivəsində “Həyatdan şəklə”  foto- müsabiqə də keçirilir.”

Komitə sədri qeyd edib ki, ailə institutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsi, inkişafı deməkdir. Lakin əfsuslar olsun ki, hazırda dünyada ekstremizm, zorakılıq, terrorçuluq, qarşıdurmalar və hərbi münaqişələrin sayı artmaqdadır: “Bu hadisələr ilk növbədə ailə institutuna mənfi təsir göstərir, ailələr dağılır, milli-mənəvi dəyərlər deqredasiyaya uğrayır. Hətta bir sıra Avropa ölkələrində “ailə institutu” fenomen kimi artıq tarixə çevrilib. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar.  Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Qeyd etmək lazımdır ki, ölkəmiz  bu gün  qlobal layihələrin təşəbbüskarıdır.”

Hicran Hüseynova bildirib ki, dövlət ailə siyasəti ölkə başçımız İlham Əliyev və Respublikanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla inkişaf etdirilir. Və bu, hər  bir vətəndaşımızın hüquqlarının  müdafiəsi, ailələrimizin yaşayışı, onların həyat səviyyəsinin yüksəlməsi sahəsində imzalanan sərəncam  və təsdiq edilən  dövlət  proqramlarında, həyata  keçirilən sosial  layihələrdə öz əksini tapır.

BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin Baş müşaviri Fərid Babayev qeyd edib ki, bugünkü tədbir xüsusi əhəmiyyət daşıyır. Festivala təqdim olunan filmlər ailə dəyərlərinin təbliği baxımından olduqca əhəmiyyətlidir. O bildirib ki, maarifləndirmədə kinomatoqrafiyanın roluböyükdür. Kinomatoqrafiyanın imkanlarından istifadə etnəklə, müxtəlif mövzular üzrə informasiyalar ictimaiyyətə təqdim edilir.Fərid Babayev bildirib ki, ailə milli-mənəvi dəyərləri daşıyan, genofondumuzun qoruyucusu kimi milli inkişafımızda mühüm rol oynayır. Eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində də qeyd edilmişdir ki, ailə dövlətin xüsusi himayəsindədir.

O eyni zamanda diqqətə çatdlrıb ki, BMT ilə Azərbaycan Hökumətinin əməkdaşlığı artıq 25 illiyini qeyd edir. Bu illər ərzində mühüm layihələr həyata keçirilmiş, maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdirilmişdir. Qaçqın və məcburi köçkünlər, sağlamlıq imkanları məhdud olan, eləcə də müdafiəyə ehtiyacı olan şəxslərə ünvanlı yardım istiqamətində dəstək layihələri icra edilmişdir.

Festivalda Fidan Hacıyeva və Orxan Cabbarovun ifasında “Vəli ilə Tellinin dueti” və Gülay Zeynallının ifasında “Gecə keçdi” mahnısı səsləndirilib.

Çıxış və ifalardan sonra xüsusi mükafatlar təqdim olunub. Filmlərdən “Yaşa, Azərbaycan” sənədli filmi, “Milli cizgi filmlərimiz” cizgi flmi, “Ümid” bədii filmi, “Big Bubble əməliyyatı” bədii filmi, “Gözəgörünməz uşaqlar” tələbə filmi, “Yad siqnal” tələbə filmi, “Uşaq və çörək” xarici filmi,  “Uşaqlara təmizləməyi yox, təmizliyi öyrədin” tələbə filmi, “Məhəmməd adı” xarici filmi, “Həyat bizi sınayır” televiziya verilişi, “Elat” sənədli filmi, “Sisli dağların röyası” televiziya verilişi, “Ümidin arzuları” televiziya verilişi, “Xülya”, “Olum, ölüm” , “Ölümə qənşər” bədii filmləri xüsusi mükafata layiq görülüb. Fotoşəkil seriyası üzrə Günel Məmmədova, Ruslan Məmmədov, Rəşad Məmmədov, Kamal Babayev, Elxan Qəniyev, Tural Nusalova mükafatlar təqdim olunub.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və digərləri çıxış edərək cəmiyyətdə ailə institutunun və mənəvi dəyərlərin qorunmasında, eləcə də milli kino sənətimizin təbliği və inkişafında festivalın əhəmiyyətini qeyd ediblər. Çıxış edənlər bu sahədə AQUPDK-nın fəaliyyətini yüksək qiymətləndiriblər. Festivalın yüksək səviyyədə təşkilinə görə komitənin rəhbərliyinə minnətdarlıq ifadə olunub.

İradə Qədirovanın fotosu  “Ən yaxşı fotoşəkil seriyası” nominasiyası üzrə, rejissoru Binyamin Sailov olan “Od və su” tələbə filmi “Ən yaxşı tələbə filmi” nominasiyası üzrə, rejissoru Soufiane Ait El Majdoub olan “Sevgi məktubu” xarici filmi “Ən yaxşı xarici film” nominasiyası üzrə, rejissoru Röyal Əliyev olan “Beşinci fəsil” televiziya verilişi “Ən yaxşı televiziya verilişi” nominasiyası üzrə, rejissoru Şəhriyar Camalbəyli olan “Qadınlara qarşı zorakılığa yox!” sosial çarxı  “Ən yaxşı sosial çarx” nominasiyası üzrə, rejissoru Murad Muradov olan "Muradına çatmayanlar: apreldən əvvəl və sonra"sənədli filmi "Ən yaxşı vətənpərvərlik mövzusunda çəkilmiş film" nominasiyası üzrə, rejissoru Cavid İmamverdiyev olan "Qürbətdə qalmış məzar" sənədli filmi "Ən yaxşı sənədli film" nominasiyası üzrə, rejissoru Yavər Rzayev olan "Həyatın işığı və ya Qəribə heykəltəraş ömrü" sənədli filmi "Ən yaxşı sənədli film" nominasiyası üzrə qalib elan olunub.

Daha sonra Qorxmaz Qurbanov və  Razi Orucovun ifasında Azərbaycan filmlərində səslənən musiqilərdən ibarət kollaj təqdim olunub.

Yekunda birgə xatirə fotosu çəkilib.

Qeyd edək ki, cari ilin 30 mart tarixində “Azərbaycan ailəsi 2017” film festivalına start verilib, 1 oktyabr tarixinədək festivala işlərin qəbulu davam etdirilib. 6 ay ərzində festivalın Təşkilat Komitəsinə peşəkar və həvəskar iştirakçılar tərəfindən fərqli və maraqlı işlər təqdim edilib və təqdim edilmiş film və fotoşəkillər Festivalın münsiflər heyəti tərəfindən qiymətləndirilib.