Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Londonda keçirilən debatda çıxış edib

27 oktyabr 2017

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 26 oktyabr 2017-ci il tarixində Londonda Böyük Britaniya Parlamenti üzvlərinin təşəbbüsü ilə keçirilən debatda iştirak edib.

Debatın mövzusu Azərbaycanda qadın hüquqlarının inkişafı, əldə edilmiş tarixi nailiyyətlərə həsr edilib.

Tədbirdə Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts, Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson, Britaniya Parlamentinin üzvü Xalid Mahmud və digər rəsmi şəxslər də iştirak ediblər.

Britaniya Parlamentində baş tutan debatda Komitə sədri Hicran Hüseynova çıxış edərək, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illik tarixindən, Azərbaycan qadınlarının idarəçilikdəki rolundan və qadın hüququnun inkişafında əldə edilmiş digər nailiyyətlərdən bəhs edib.

O, ilk qadın diplomatlarımızdan olan, XV əsrdə yaşamış Sara Xatun, Orta Şərqdə ilk dəfə olaraq Bakıda 1901-ci ildə fəaliyyətə başlayan qızlar məktəbi, 1911-ci ildə Azərbaycanda işıq üzü görən ilk qadın jurnalı “İşıq” haqqında tədbir iştirakçılarına məlumat verib.

Hicran Hüseynova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Azərbaycanın 20 faiz torpaqlarının Ermənistan tərəfindən işğalından və bunun nəticəsində öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalan 1 milyon azərbaycanlı arasında 156 min qaçqının və 297.731 min məcburi köçkünün qadın oluğunu qeyd edib və qaçqın və məcburi köçkün qadınların cəmiyyətə inteqrasiyası sahəsində dövlət tərəfindən bu günədək xüsusi tədbirlərin həyata keçirildiyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan qadınının bu gün ən böyük arzusu sülh, əmin-amanlıq, ailəsinin və uşaqlarının xoşbəxtliyi və sağlamlığıdır. Bu da dünyadakı bütün qadınların arzusudur.

Baronessa Nikolson deyib ki, Azərbaycanda qadınların inkişafı sahəsində həyata keçirilən dövlət siyasəti Böyük Britaniyada həyata keçirilən siyasətdən heç də geri qalmır. O, Azərbaycanda qadınlarla kişilər arasında bərabərliyin təmin edilməsi sahəsində görülən tədbirləri, qadınların təhsilinə ayrılan diqqəti və qadınların sahibkarlıqda və siyasətdə rolunun artırılması istiqamətdə atılan addımları alqışlayıb.