“Erkən nikahların qarşısının alınması” mövzusunda təlim keçirildi

16 oktyabr 2017

Paylaş:

16 oktyabr 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YUNESKO-nun birgə həyata keçirdiyi “Natamam təhsilli qaçqın və məcburi köçkün qızların məşğulluq imkanlarının və peşəkar hazırlığının  gücləndirilməsi” adlı layihə çərçivəsində “Erkən nikahların qarşısının alınması” mövzusunda təlim keçirilib.

Təlim iştirakçılarına Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən nikaha daxil olan qadınlar üçün minimum yaş həddi, valideynlik hüquqları və onların məsulyyəti barədə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “ Qadını nikaha daxil olmağa məcbur etmə” (maddə 176.1.) maddələrinə əsasən müəyyən olunmuş cərimə və azadlıqdan məhrum etmə cəzaları barədə ətraflı məlumat verilib. Eyni zamanda təlim iştirakçılarına özünəməxsus dəyərləri olan və müasirliyi də özündə əks etdirən Azərbaycan ailə modeli haqqında məlumat verərək, ailə dəyərlərinin yaşadılması və gələcəyə ötürülməsinin əhəmiyyəti, nikahdan əvvəl tibbi müayinənin sağlam ailələrin qurulmasına təsiri, ailə adət-ənənələri, nikah münasibətləri, ailə mədəniyyəti, ailə psixoloqu anlayışları haqqında məlumat verilmib. Erkən nikahların əsas fəsadları kimi, körpə və ana ölümü hallarının çoxalması, boşanma hallarının artması, qızların təhsil imkanlarının azaldılması, erkən nikahda olan qızların cəmiyyətdən təcrid olunması və onların daha çox fiziki və cinsi zorakılığa məruz qalması amilləri iştirakçıların diqqətinə çatdırılıb. Təlimin keçirilməsində məqsəd qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində beynəlxalq və milli mexanizmlərin öyrədilməsi və əhali arasında erkən nikahla bağlı maarifləndirmə işinin aparılması olub.

Təlim iştirakçıları müzakirələr zamanı aktiv iştirak ediblər və bu sahə üzrə maarifləndirmə işinin mütəmadi olaraq aparılması fikrini irəli sürüblər. Təlimdə “Erkən nikahların qarşısının alınması” mövzusunda buklet təlim iştirakçılarına paylanılıb.