Şuşanın işğalından 23 il keçir
Paylaş:
Artıq Şuşa şəhərinin işğalından 23 il ötür. 1992-ci il may ayının 8-də bütün Azərbaycan ölüm səhnəsinin şahid olmuş və xalq ölüm sükutuna qərq olunmuşdu. May ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının köməyilə və zirehli texnikadan istifadə edilməklə Şuşa şəhərinə hücuma keçmişdilər. Uzun sürən atəşlərdən və qanlı döyüşlərdən sonra şəhər işğal olunmuşdur.
Şuşanın işğalı Azərbaycan tarixinə qanlı hərflərə yazılır. İşğal nəticəsində 1860 azərbaycanlı yaralanmış, 480 nəfər həlak olmuş, 552 körpə valideynlərini itirmiş, 22 minə yaxın insan öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalaraq köçkün vəziyyətinə düşmüşdür. Acınacaqlı vəziyyətlərdən biri də budur ki, əsir və girov götürülmüş 68 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Əldə olunan məlumatlara görə, Şuşa işğal edilərkən erməni quldurları tarixi abidələrimizi vəhşicəsinə dağıtmış və yerlə yeksan etmişlər. Şuşa şəhəri erməni vandalizminə məruz qalmışdı. Erməni vəhşilikləri nəticəsində 600-ə yaxın tarixi memarlıq abidəsi, o cümlədən, Pənahəli xanın sarayı, Cümə məscidi, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi yerlə-yeksan edilmiş, çox sayda təhsil ocağı, həmçinin Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdılmış, buradakı nadir sənət inciləri talanmış və məhv edilmişdir. Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri güllələnmişdir.
Bütün bu vəhşəliklərə məruz qalan Azərbaycanın füsunkar təbiətə və əvəzolunmaz mədəniyyətə sahib olan Şuşası bu gün tariximizin qara səhifələrini yaşasa da, onun əsrlərdən gələn sazlı, sözlü, nəğməli sədası xalqın yaddaşındadır.