Zərifə xanım Əliyevanın 92-ci ildönümünə həsr olunmuş ümumrespublika üzrə “Qələbəyə doğru” intellektual yarışın final oyunu keçirilmişdir

28 aprel 2015

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş tədbirlər keçirir.

Bu il də Zərifə xanım Əliyevanın 92-ci ildönümünə həsr olunmuş ümumrespublika üzrə “Qələbəyə doğru” intellektual yarışın keçirilməsinə start verilmişdir. Bu məqsədlə 6-16 aprel 2015-ci il tarixləri arasında 7 regionda Azərbaycanın bütün şəhər və rayonlarını təmsil edən komandaların iştirakı ilə regional seçim turları keçirilmiş, seçim turlarında fərqlənən 20 komanda final yarışında iştirak hüququ qazanmışdır.

Final oyunu 28 aprel 2015-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Suraxanı rayonu İcra Hakimiyyəti və Azərbaycan İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində keçirilmişdir.

Tədbirdən öncə Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın və ümumilli lider Heydər Əliyevin məzarüstü abidəsi Komitə əməkdaşları və rəsmi qonaqlar tərəfindən ziyarət edilmişdir.

Tədbir Zərifə xanım Əliyevanın xatirəsinə həsr həsr olunmuş “Nur dolu ömür” adlı filmin nümayişi ilə başlamış, daha sonra regional seçim turlarını özündə əks etdirən maraqlı video-çarx nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açaraq qonaqları salamlamış və Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş belə bir tədbirin Suraxanı Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdikləri üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz təşəkkürünü bildirmişdir. İlqar Abbasov çıxış edərək bildirmişdir ki, görkəmli elm xadimi, dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ölkəmizdə geniş qeyd edilir, əziz xatirəsi sonsuz məhəbbətlə yad edilir. XX əsrin ikinci yarısında tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın özünəməxsus yeri var. Bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alim bu sahədə bir çox yeniliklərə imza atmış, dünya oftalmologiya məkanında yaxından tanınmışdır.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan danışmış və qeyd etmişdir ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmış, onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir. Komitənin sədri Hicran Hüseynova qeyd etmişdir ki, Azərbaycanın ictimai və elmi həyatında əvəzsiz xidmətləri olan bir çox ziyalıları var. Bu tanınmış və nüfuzlu şəxsiyyətlər öz humanizmi, zəhməti, tarixi keçmişimizə, milli adət-ənənələrimizə ehtiramları ilə sözün əsl mənasında vətəndaşlıq nümunəsinə çevrilmişlər. Onlar milli dəyərlərə arxalanaraq, Azərbaycanın dünyada tanınması üçün çox işlər görmüşlər. Qədirbilən Azərbaycan xalqı onları hər zaman yad edir, xatirələrdə yaşadır.

Eyni zamanda Hicran Hüseynova intellektual yarışların uşaqların hərtərəfli inkişafında, intellektual və ictimai biliklərə yiyələnməsində xüsusi rolunun olduğunu qeyd etmişdir. Bildirilib ki, gənclər, məktəblilər dəyərli ziyalıların, alim və ictimai xadimlərin həyat və yaradıcılığını öyrənməli, onlardan nümunə götürməlidirlər. Bu müsabiqələr məktəbliləri daha da fəallaşdırır, sərbəst fikir yürütmələrinə, təşəbbüskar olmalarına kömək edir. İntellektual yarışların davamlı olaraq keçirilməyi nəzərdə tutulur.

Tədbirdə həmçinin, Bakı Dövlət Universitetinin professoru Sevinc Hacıyeva və Milli Teleradio Şurasının üzvü Sona Vəliyeva da çıxış edərək, Zərifə xanım Əliyevanın fəaliyyəti, xidmətləri, insanlara qayğısını vurğulamışlar.

Bildirilmişdir ki, Zərifə xanım Əliyeva nikbin insan idi, yaşamaqdan, işləməkdən xüsusi zövq alırdı, ətrafında xeyirxahlıq və etimad ab-havası yaratmaq üçün çox çalışırdı. Bu parlaq şəxsiyyət xeyrin təntənəsi, xalqın xoşbəxtliyi üçün əlindən gələni edirdi.

Professor Sevinc Hacıyeva bildirib ki, insanlara təmənnasız sevinc bəxş edən Zərifə xanım vəfalı, sədaqətli ömür–gün yoldaşı, humanist, alicənab bir qadın kimi hər bir azərbaycanlının yaddaşında yaşayır. Xalqımız qəlblərdə dərin iz salmış bu müdrik insanın nurlu xatirəsini həmişə əziz tutur.

Qeyd edək ki, ümumilikdə final oyununda 20 şəhər və rayonu təmsil edən komanda iştirak etmişdir. Hər rayonun komandasında 6 nəfər iştirakçı (biri sağlamlıq imkanları məhdud olmaqla) iştirak etmişdir. Yarışda I yerin qalibi Bakı şəhəri Yasamal rayonu, II yerin qalibi Qax rayonu və III yerin qalibi isə Lənkəran şəhərinin təmsil edən komanda olmuşdur. I yerin qaliblərinə planşet (böyük ölçülü və çox funksiyalı), II yerin qaliblərinə planşet(kiçik ölçülü), III yerin qaliblərinə isə fləşkart və həmçinin Komitə tərəfindən diplomlar təqdim edilmişdir. Eyni zamanda I, II və III yerin qalibi olmuş rayon İcra Hakimiyyətlərinə diplom, I yerin qalibi olmuş Yasamal rayonunu təmsil edən komandaya ənənəvi “Qələbəyə doğru” kuboku hədiyyə olunmuşdur.

Final yarışında iştirak edən və qalib olmayan komandalar isə Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Qələbəyə doğru” kuboku uğrunda intellektual oyunda fəal iştirakına görə diplomu ilə təltif olunmuşdur.