Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlamışdır
Paylaş:
İyunun 18-də “Qadın hüquqlarının təmin edilməsində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XII Bakı beynəlxalq konfransı işə başlamışdır. UNESCO-nun dəstəyi ilə keçirilən tədbirdə Avropa, Asiya, Amerikanın 15-dən çox ölkəsindən 30-dan artıq ombudsman və onların nümayəndələri, insan hüquqları sahəsində ekspertlər, beynəlxalq təşkilatların təmsilçiləri, hüquqşünas alimlər iştirak edirlər.
18 İyun-İnsan Hüquqları Gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirmişdir ki, artıq ənənəvi olaraq keçirilən bu konfransın məqsədi insan hüquqlarının qorunması sahəsində əldə edilmiş təcrübənin bölüşdürülməsi, mövcud problemlərin müzakirəsi, bu istiqamətdə müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, ölkəmizdə qadın hüquqlarının qorunması ilə bağlı görülən işlər barədə məlumat vermişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova konfransın əhəmiyyətindən danışaraq bildirmişdir ki, Azərbaycanda qadın hüquqlarının qorunması istiqamətində güclü hüquqi baza mövcuddur. Ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan qadın siyasəti hazırda uğurla davam etdirilir. Qadınlar dövlət idarəçiliyində, parlamentdə geniş təmsil olunurlar. Hicran Hüseynova qeyd etmişdir ki, Azərbaycanda qadınlar həmişə cəmiyyətdə öz fəal rolları ilə seçilmişlər. Ölkəmizin bu sahədə təcrübəsi artıq kifayət qədərdir. Azərbaycan müasir tolerant və qadın hüquqlarının qorunması sahəsində təcrübəli bir ölkəyə çevrilmişdir. Artıq ölkəmiz bu istiqamətdə beynəlxalq təşkilatlarla birgə layihələr reallaşdırır.
Milli Məclis sədrinin müavini Bahar Muradova Azərbaycanda qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmini istiqamətində görülən mühüm işlərdən danışmışdır.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk ölkəmizdə insan hüquqları sahəsində görülən işləri yüksək qiymətləndirmişdir. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisinin Milli İnsan Hüquqları İnstitutları və Regional Mexanizmlər bölməsi rəhbərinin müavini xanım Afərin Şərifzadə təəssüflə demişdir ki, müasir dövrdə dünyada hələ də qadınlara qarşı zorakılıq halları müşahidə olunmaqdadır. O, dünyada münaqişələrin həlli, sülhün əldə olunması prosesində qadınların rolunun artırılmasının vacibliyini qeyd etmişdir.
Konfransda “Azərbaycan-UNESCO: İnsan hüquqlarına əsaslanan tərəfdaşlıq” adlı kitabı təqdim olunmuşdur. Bu nəşrdə qurumun fəaliyyəti və prioritet istiqamətləri, Ombudsman ilə əməkdaşlığa dair mövzular yer almışdır.
İyunun 20-dək davam edəcək konfransın yekununda Bakı Bəyannaməsi qəbul ediləcəkdir.