Komitə tərəfindən insan alveri qurbanları üçün xüsusi müəssisələrdə çalışan məsul şəxslərin iştirakı ilə tədbir keçirilib
Paylaş:
5 may, 2017-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2014-cü il 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq insan alveri qurbanları üçün xüsusi müəssisələrdə (sığınacaq və yardım mərkəzləri) qurbanlara, potensial qurbanlara tibbi, psixoloji və digər yardımların göstərilməsinə məsul olan şəxslərin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Daxili İşlər Nazirliyi, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin İnsan alveri qurbanları üçün Sığınacaq, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi, Azərbaycan Uşaqlar Birliyinin əməkdaşları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Komitənin Uşaq Problemləri şöbəsinin əməkdaşı Pərviz Əliyev açaraq təşkil edilən tədbirin əhəmiyyətini, eyni zamanda insan alveri qurbanlarına göstərilən xidmətlərin və bu istiqamətdə işlərin gücləndirilməsini qeyd etmişdir.
Daha sonra Komitənin Uşaq Problemləri şöbəsinin əməkdaşı Fərid Ədilov insan alverinə çevrilmiş uşaqlarla bağlı görülən işlərin beynəlxalq standartlarını diqqətə çatdırmış, qurbana çevrilmiş uşağın ilkin qeydiyyata alınması, uşaqla sorğuların və müsahibələrin aparılması, müvafiq tədbirlərin görülməsi qayda və prinsiplərini izah etmiş, uşağın sığınacaqda yaşadığı müddət ərzində ona göstərilə biləcək xidmətləri qeyd etmişdir.
Tədbirdə həmçinin, Komitənin Regional Mərkzələrlə İş Şöbəsinin əməkdaşı Məftunə İsmayılova insan alevri qurbanlarına göstərilə biləcək sosial-psixoloji xidmətlər, həmin insanlarla iş prinsiplərini diqqətə çatdırmışdır.
Daha sonra tədbir iştirakçıları ilə aktiv müzakirəlrə aparılmış, istintaq dövründə uşaqların dindirilməsinin xüsusiyyətləri, reabilitasiya və reinteqrasiya istiqamətində aparılan işlərin, həmçinin uşaqların cəmiyyətə reinteqrasiyasiyası istiqamətində nəzarətin gücləndirilməsi, risk qrupunda olan ailələrin sosial-iqtisadi və məşğulluq problemlərinin həlli ilə bağlı təkliflər, bu sahədə fəaliyyət göstərən Qeyri-hökumət təşkilatları ilə birgə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilmiş, təkliflər səsləndirilmişdir.