“Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” mövzusunda tədbir keçirildi
Paylaş:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində milli-mənəvi dəyərlərin, eləcə də ailə dəyərlərinin təbliği, ailə-nikah münasibətləri, erkən nikah və digər mövzularda mütəmadi olaraq maarifləndirmə layihələri həyata keçirilir.
Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandumun icrası ilə bağlı nəzərdə tutulmuş Tədbirlər Planına əsasən, Bakı metropoliteninin əməkdaşları üçün 24 may 2017-ci il tarixində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzində “Azərbaycan ailə modeli: dəyərlər və ənənələr” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müavini Hidayət Məmmədov tədbirin təşkilinə görə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə öz təşəkkürünü bildirib. Hidayət Məmmədov çıxışında qeyd edib ki,hər iki dövlət qurumunun birgə əməkdaşlığı nəticəsində ailələrin rifahının, gender bərabərliyinin, uşaqların sağlam inkişafının təmin edilməsi istiqamətində həyata keçiriləcək sosial layihələr cəmiyyətimizə əhəmiyyətli töhfə verəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva tədbir iştirakçılarını salamlayaraq, imzalanmış memorandumun əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycanın tarixən çox gözəl və zəngin ailə ənənələri olduğunu bildirən Aynur Sofiyeva qeyd edib ki, əsas məqsədlərdən biri də həmin ənənələrin gələcək nəsillərə ötürülməsidir.
Ailə siyasətinin dövlət siyasətinin prioritet istiqamətlərdən olduğunu qeyd edən Aynur Sofiyeva bildirib ki, aparılan davamlı və məqsədyönlü siyasət bütövlükdə ölkəmizdə ailə institutunun inkişafına öz müsbət təsirini göstərmiş, milli adət-ənənlərimizə və mənəvi dəyərlərimizə əsaslanan Azərbaycan ailəsi möhkəm özüllü ailə modeli kimi cəmiyyətdə öz mövqeyini qoruyub saxlamışdır. Aynur Sofiyeva milli-mənəvi dəyərlərin, eləcə də ailə dəyərlərinin hər bir millətin, xalqın mövcudluğu, özünütəsdiqi və inkişafındakı rolu barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Çıxış edən AMEA-nın Fəlsəfə İnstitutunun Siyasi Fəlsəfə şöbəsinin müdiri, professor Rəna Mirzəzadə gənc nəslin sağlam, savadlı və vətənpərvər vətəndaş kimi tərbiyə olunmasının gələcək sağlam ailələrin formalaşmasındakı vacibliyini xüsusi vurğulayıb. Rəna Mirzəzadə ailə institutuna olan təsirlərin aradan qaldırılmasında birbaşa cəmiyyətin əsas rolunun olduğunu və onların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Həmçinin keçirilən tədbirdə AMEA-nın professoru Lalə Mövsümova iştirak edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb, Təlim-tədris mərkəzinin kitabxanasına Komitə tərəfindən hazırlanan maarifləndirici çap materialları təqdim edilib.