Qobustan və Şamaxıda qadınlarla görüş keçirilib
Paylaş:
1 fevral 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlığı çərçivəsində Qobustan və Şamaxıda qadınların seçkidə fəallığının yüksəldilməsi məqsədilə görüşlər keçirilib.
Qobustanın Sündü kəndi və Şamaxının Şəhriyar qəsəbəsində baş tutan görüşlərdə Abşeron-Qobustan Dairə Seçki Komissiyasının nümayəndəsi Məleykə Yəhyayeva, 88 saylı Şamaxı Dairə Seçki Komissiyasının sədri Hüseyn Rəcəbov və eyni Dairənin 19 saylı məntəqəsinin sədri Nuranə Məmmədova suverenliyimizin bərpasından sonra keçirilən ilk seçkinin ölkəmiz üçün önəmini qeyd ediblər. Eyni zamanda seçki prosedurları və qaydaları haqqında məlumatları diqqətə çatdırıblar.
Çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, qadınların ictimai-siyasi həyatda aktiv iştirakının əhəmiyyətini vurğulayıb. O, hər kəsi 7 fevral növbədənkənar prezident seçkisində fəal olmağa, ən əsas vətəndaş hüququndan istifadə etməyə çağırıb.