Naxçıvan şəhərində “Genderə məsul şəxslərin rolu" mövzusunda təlim keçirilib

22 dekabr 2023

Paylaş:

Naxçıvan şəhərində "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanunun həyata keçirilməsində genderə məsul şəxslərin rolu" mövzusunda təlim keçirilib.

Təlimi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq mövcud gender siyasətinin səmərəli şəkildə həyata keçirilməsi məqsədi ilə keçirilən təlimlərin əhəmiyyəti barədə qısa məlumat verdib. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə müstəqillik əldə etdikdən sonra gender bərabərliyinin təmin edilməsi, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması istiqamətində mühüm işlər görülməsindən və qadınların qərar vermədə rolunun artırılması və onlara bərabər imkanların yaradılmasından danışıb.

Tədbirdə həmçinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun "Siyasətin fəlsəfəsi və sosiologiya" şöbəsinin müdiri Rəna Mirzəzadə bu istiqamətdə milli qanunvericilik və beynəlxalq təşkilatlarla əməkdaşlıq, cinsi ayrı-seçkiliklə mübarizə üsulları ilə bağlı çıxış edib.

Dövlət Komitəsinin əməkdaşı Aytəkin Hacıyevanın "Gender bərabərliyi: Genderə məsul şəxslər üçün təlim" mövzusunda təqdimatından sonra Naxçıvan MR-ın rayon icra hakimiyyətlərində monitorinq qruplarının rəhbərləri tərəfindən hesabatlar təqdim edilib. Sonda Dövlət Komitəsinin Məişət zorakılığının qarşısının alınması üzrə sektorun müdiri Vəfa Ələkbərova tərəfindən təlim iştirakçılarının sualları cavablandırılıb.