“Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində regionlarda silsilə tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, İsmayıllı, Qəbələ, Zərdab, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlarla birlikdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində silsilə tədbirlər, o cümlədən maarifləndirici görüşlər, aksiyalar, valideyn-övlad münasibətləri və valideyn bacarıqları mövzularında maarifləndirici seminarlar, rəsm üzrə ustad dərsləri, rəsm sərgiləri, psixoloji treninqlər, interaktiv təlimlər keçirilib, rayon icra hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu üzvlərinin iştirakı ilə dəyirmi masalar təşkil edilib.
Mərkəzlərdə, təhsil müəssisələrində, idman komplekslərində keçirilmiş tədbirlərdə UADM-lərin, rayon idarə, təşkilat və müəssisələrinin, hüquq mühafizə orqanlarının əməkdaşları, QHT-lər, muzey və kitabxanaların nümayəndələri, təhsil müəssisələrinin müəllim-şagird kollektivi, gənclər, icma sakinləri iştirak ediblər.
Bütün tədbirlərdə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının məqsədi barədə ətraflı məlumat verilib, ölkəmizdə bu istiqamətdə görülən işlərdən, vətəndaşların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarından danışılıb. Zorakılığa məruz qalmış qadın və qızlara göstərilən hüquqi və psixoloji yardımlardan bəhs edilib, 860 Gender-əsaslı zorakılıqla bağlı Dəstək Xətti barədə məlumat verilib.
Kampaniya çərçivəsində həmçinin mərkəzlərin əməkdaşları həssas qrupdan olan ailələrə səfərlər edib, onların ehtiyaclarını qiymətləndirib, uşaqlara inkişafetdirici ləvazimatlar hədiyyə olunub.
Bunlarla yanaşı, rayonların mərkəzlərində, avtovağzal ərazisində və əhalinin çox olduğu digər yerlərdə gender əsaslı zorakılıqla mübarizə mövzusunda bukletlər paylanılıb və maarifləndirmə işləri aparılıb.
Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr (Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü) - 10 dekabr (Beynəlxalq İnsan Hüquqları Günü) tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bütün dünyada fərdi şəxslər və təşkilatlar bu kampaniya vasitəsilə hər kəsi qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa və aradan qaldırmağa çağırırlar.