Dövlət Komitəsində Səudiyyə Ərəbistanı Krallığının səfiri ilə görüş keçirilib
Paylaş:
8 dekabr 2023-cü il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Republikasındakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli ilə ikitərəfli görüşü keçirilib.
Qonaqları salamlayan Komitə sədri, Azərbaycanla dost ölkə Səudiyyə Ərəbistanı arasında əlaqələrin tarixinə nəzər salıb, keçən dövr ərzində Ümummilli lider Heydər Əliyevin, eləcə də cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu münasibətlərə xüsusi əhəmiyyət verildiyini diqqətə çatdırıb.
O, səfirliyin fəaliyətinin xalqlarımız arasında tarixi köklərə söykənən bu əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcəyini söyləyib. İki ölkə qadınları arasında yaranan əlaqələrdən söz açan sədr, Komitə sədrinin müavini Sədaqət Qəhrəmanovanın rəhbərlik etdiyi nümayəndə heyətinin ötən ay Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən “İslamda Qadın: onların vəziyyəti və səlahiyyətləndirilməsi” mövzusunda beynəlxalq konfransda iştirak etdiyini bildirib.
B.Muradova, konfransda qoyulan mövzuların, islamda ailə, qadın və uşaq məsələlərinin vacibliyi ətrafında aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. O, eyni zamanda 20-21 noyabr tarixlərdə Qoşulmama Hərəkatının Bakıda keçirilən “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransında Səudiyyə Ərəbistanı Ailə Məsələləri Şurasının Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyətinın iştirakına görə səfirə təşəkkürünü bildirib.
Səmimi qəbula görə Komitə sədrinə təşəkkürünü bildirən Səfir İssam bin Saleh əl-Cuteyli iki ölkə arasında qarşılıqlı əlaqələrin və tarixi köklərə söykənən münasibətlərin olduğunu vurğulayıb. Ötən ay Qoşulmama Hərəkatının Bakıda keçirilən və qadınlara həsr olunmuş yüksək səviyyəli konfransına diqqət çəkən səfir, Azərbaycanın bu sahədə uğurlu təcrübəsinin olduğunu qeyd edib.
Səudiyyə Ərəbistanında cəmiyyətin bütün sahələrində qadınların təmsilçiliyinin müsbət yöndə inkişaf etdiyini bildirən qonaq, bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. O, qarşılıqlı maraq doğuran məsələlərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.
Sonda Azərbaycanda mövcud multikultural mühitdən söz açan sədr, müxtəlif millətlərin mədəniyyəti ilə qarşılıqlı zənginləşmənin mümkün olduğunu dilə gətirib.
Görüş hər iki ölkədə qadın hüquqlarının mövcud vəziyyəti, eləcə də mümkün prioritetlər haqqında müzakirə ilə davam edib.
Görüşdə Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva və Komitə sədrinin köməkçisi Teymur Məmmədov iştirak edib.