“Məişət zorakılığına multidisiplinar yanaşma və mütəxəssis hazırlığı’’ mövzusunda panel iclas keçirilib
Paylaş:
Bakıda keçirilən beynəlxalq konfrans çərçivəsində “Məişət zorakılığına multidisiplinar yanaşma və mütəxəssis hazırlığı’’ mövzusunda panel iclas keçirilib.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayevanın moderatorluğu ilə baş tutan müzakirələrdə Almaniya Schleswig-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Baş dövlət ittihamçısı - Jana Bewersdorff, Ədliyyə Akademiyasında Vəkillərin və mediatorların tədrisi fakültəsinin dekan müavini – kiçik ədliyyə müşaviri Günel Sadıqova, ABŞ-ın San Louis Vaşinqton Universitetində fəlsəfə doktoru, Braun Sosial İş və İçtimai Səhiyyə fakültəsinin baş elmi işçisi Aytəkin Hüseynli, Böyük Britaniya Westminister Universitetinin Sosial Elmlər üzrə məruzəçisi Yemisi Sloane, İngiltərə Essex Universitetinin doktorantı Fərid Ədliovun mövzu ətrafında çıxışları dinlənilib.
Sessiya zamanı məişət zorakılığından zərər çəkmiş şəxslər üçün mövcud yardım xidmətlərinin səmərəliliyinin artırılması, zorakılıq qurbanlarının müvafiq ehtiyaclarını nəzərə alan xüsusi dəstək proqramlarının hazırlanması, bu kateqoriyadan olan şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması istiqamətində tədbirlərin gücləndirilməsi, məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində peşəkar mütəxəssislərin yetişdirilməsinin vacibliyi vurğulanıb.
Eyni zamanda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının məişət zorakılığının qarşısının alınması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi, məişət zorakılığı ilə mübarizəyə ictimai institutların, qeyri-hökumət təşkilatlarının cəlb edilməsi və onların imkanlarının gücləndirilməsi, zorakı davranışlara meyilli olan şəxslərin təlimləndirilməsi, zorakılığın öyrənilməsində maliyyə bacarıqlığının artırılması istiqamətində müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib.