“Qadınlara dəstək sahəsində Özbəkistan və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təcrübəsi” mövzusunda Beynəlxalq Qadınlar Forumu keçirilib

27 noyabr 2023

Paylaş:

Səmərqənd şəhərində baş tutan Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva iştirak edib.

Forumda “Qadınların hüquq və qanuni mənafelərinin müdafiəsi, onların qərar qəbuletmə prosesində iştirakının genişləndirilməsi, gender bərabərliyinin təmin edilməsi”; “Qadınlar üçün təhsil imkanlarının genişləndirilməsi, innovativ layihələrin dəstəklənməsi və informasiya texnologiyaları sahəsinə cəlb edilməsi”; “Qadınların iqtisadi cəhətdən gücləndirilməsi, məşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyətinin dəstəklənməsi”; “Qadınların sosial problemlərinin öyrənilməsi və sistemli şəkildə həlli mexanizmləri” və “Qloballaşma prosesində ailə dəyərlərinin qorunması və ailə institutunun möhkəmləndirilməsi” mövzularında panel müzakirələr aparılıb, çıxışlar dinlənilib.

“Qadınlar üçün təhsil imkanlarının genişləndirilməsi, innovativ layihələrin dəstəklənməsi və informasiya texnologiyaları sahəsinə cəlb edilməsi” adlı paneldə “Azərbaycan Respublikasında qadınların inkişafı və səlahiyyətləndirilməsi” mövzusunda çıxış edən Ceyran Rəhmətullayeva bu sahədə ölkədə mövcud siyasət və görülmüş işlər barədə ətraflı məlumat verib.

O, qeyd edib ki, Azərbaycanda dövlətin idarə olunması və qərarların qəbulu səviyyəsində bərabərliyə doğru parlamentdən başlayaraq bütün səviyyələrdə tendensiya artmaqda davam edir. Hüquq-mühafizə orqanlarında, diplomatik xidmət orqanlarında çalışan işçilər arasında qadınların sayında artım bu sahədə müsbət dinamikanı əks etdirir.

Səhiyyə və əhalinin sosial müdafiəsi sahəsində də stabil tendensiya davam etdiyinə diqqət çəkən C.Rəhmətullayeva, BMT-nin Gender Bərabərsizliyi İndeksinin təhlillərinə əsasən Azərbaycanın dünya üzrə bərabər təhsil sahəsində 2022-ci ildə 55-ci yerə yüksəldiyini əlavə edib. Qeyd edib ki, ali təhsil müəssisələrində təhsil alan tələbələrin say bölgüsünün təhlili onu deməyə əsas verir ki, ölkədə ali təhsilə daha çox önəm verilir: “Dünya İqtisadi Forumunun Gender Fərqliliyi İndeksi və BMT-nin Gender Bərabərsizliyi İndeksinin təhlillərinə əsasən dünya üzrə iqtisadi fəallıq və imkanlar sahəsində Azərbaycan 2022-ci ildə 36-cı yerə yüksəlmişdir”.

Həmçinin səfər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının rəhbər üzvləri ilə nümayəndə heyətinin görüşü də baş tutub.

Görüşdə C.Rəhmətullayeva Komitə ilə İƏT-in Beynəlxalq Qadın Təşkiları arasında gələcəkdə birgə əməkdaşlıq çərçivəsində qadınların informasiya texnologiyalarına və süni intellektə olan marağının artırılması, İKT istiqamətində fəaliyyətlərinin daha da genişləndirilməsi sahəsində görüləcək işlər müzakirə edilib.

Eyni zamanda, səfər çərçivəsində “Özbəkistan 24” televiziya kanalına müsahibə verən C.Rəhmətullayeva, Forumla bağlı təəssüratlarını bölüşüb.