Özbəkistan Respublikasının Baş Nazirinin müavini xanım Züleyxa Maxamova ilə görüş keçirilib

21 noyabr 2023

Paylaş:

21 noyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların səlahiyyətləndirilməsi” mövzusunda keçirilən konfransı çərçivəsində Özbəkistan Respublikasının Baş Nazirinin müavini xanım Züleyxa Maxamova ilə görüşü baş tutub.

Qoşulmama Hərəkatı çərçivəsində Özbəkistanın Konfransın həmtəşkilatçısı olmaqdan məmnunluq duyduğunu ifadə edən Komitə sədri, tədbirin bu Platforma üzrə təsisatlanma üçün vacib təşəbbüs olduğunu diqqətə çatdırıb.

Azərbaycanla Özbəkistan arasındakı münasibətlərin qədim köklərə malik olduğunu bildirən Bahar Muradova, Türk Dövlətləri Birliyi çərçivəsindəki bu əlaqələrin intensiv şəkildə inkişaf edərək özünün ən yüksək inkişaf dövrünü yaşadığını vurğulayıb. O, xüsusilə ölkə Prezidentləri arasındakı münasibətlərin ikitərəfli əlaqələrin genişlənməsinə təsir etdiyini dilə gətirib.

Çıxış edən Özbəkistan Respublikasının Baş Nazirinin müavini xanım Züleyxa Maxamova Qoşulmama Hərəkatı çərçivəsində baş tutan nüfuzlu tədbirdə tərəfdaşlıqdan məmnunluğunu bildirib.

O, ortaq dil, mədəniyyət və dəyərlərin ölkələrimizi bir-birinə bağladığını, xalqlarımız arasında qardaş münasibətlərin olduğunu diqqətə çatdırıb, sosial əməkdaşlığın inkişaf etdirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

Hər iki tərəfdən digər rəsmi şəxslərin iştirak etdiyi görüş müzakirələrlə davam edib.