Bahar Muradovanın İSESKO-nun Sosial və Humanitar Elmlər Departamentinin Direktoru Ramata Almamy Mbaye ilə iki tərəfli görüşü baş tutub

21 noyabr 2023

Paylaş:

Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonaqları salamlayan Dövlət Komitəsinin sədri İSESCO rəsmisini Bakıda görməkdən məmnun olduğunu bildirib. Azərbaycan ilə təşkilat arasında səmərəli əməkdaşlığın qurulduğunu söyləyən B.Muradova, bundan sonra da əlaqələrin gücləndirilməsi istiqamətində səylər göstərilməsinin vacibliyini qeyd edib.

O, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan və İSESCO arasında əlaqələrin inkişafında müstəsna rolunu xüsusi qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Ramata Almamy Mbaye yüksək səviyyədə keçirilən Konfransda iştirakına görə minnətdarlığını ifadə edərək, tədbir zamanı aparılan müzakirələrin qaldırılan məsələlərin həllinə töhfə verəcəyinə inamını bildirib.

O, müharibədən zərər çəkmiş qadınlara dəstək, onların sülh quruculuğu prosesində iştirakı, eyni zamanda uşaq hüquqlarının qorunmasına dair proqram və digər məsələlər ətrafında ISESCO-nun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.

Görüş zamanı Azərbaycan ilə İSESCO arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə hər iki tərəfin digər rəsmi şəxsləri iştirak edib.