“Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər həyata keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Goranboy, Göygöl, Zaqatala, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən aidiyyəti qurumlarla birlikdə “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər, o cümlədən maarifləndirici görüşlər, interaktiv seminarlar, rəsm üzrə ustad dərsləri, intellektual yarışlar, asudə vaxtın təşkili məqsədilə əyləncəli oyunlar keçirilib.
Keçirilən tədbirlərdə rayon idarə və təşkilatların nümayəndələri, UADM-lərin əməkdaşları, mərkəzlərin ekspert qruplarının və Uşaq Səfirlər Məclisinin üzvləri, məktəblərin müəllim və şagird kollektivi, valideynlər, icma sakinləri iştirak ediblər.
Çıxış edənlər uşaq hüquqlarının müdafiəsinin dövlətin siyasətində mühüm yer tutduğunu xüsusi vurğulayaraq, bu sahədə görülmüş işlərdən danışıblar. Təhsil, səhiyyə, sosial müdafiə, məhkəmə, hüquq mühafizə, idman, mədəniyyət, istirahət, media və digər sahələrdə, habelə ailədə və cəmiyyətdə uşaqlar və onlarla müntəzəm təmasda olan şəxslər arasında uşaq hüquqları sahəsində məlumatlılığın artırılmasının vacibliyi diqqətə çatdırılıb.
Mövzu ilə əlaqəli təqdimatlar əsasında tədbir iştirakçılarına uşaqların hüquqları və vəzifələri, uşaq hüquqlarını müdafiə edən orqanlar, Uşaq Qaynar Xətt xidməti barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, uşaq hüquqları ilə bağlı maarifləndirici materiallar paylanılıb, sosial çarxlar nümayiş etdirilib.
Qeyd edək ki, BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr - 20 noyabr tarixləri “Uşaq hüquqları aylığı" elan edilir. Aylığın keçirilməsində məqsəd Konvensiyanın əsas prinsiplərini rəhbər tutaraq, uşaq hüquqlarının səmərəli müdafiəsi və təşviqinə, bu sahədə məlumatlılığın artırılmasına və məsələlərin həllinə nail olmaqdır.
Aylıq çərçivəsində keçirilmiş tədbirlərdən ümumilikdə 800 nəfərə yaxın şəxs bəhrələnib.