Bahar Muradova Uşaq Səfirlər Məclisinin yeni seçilmiş üzvləri ilə görüşüb

30 oktyabr 2023

Paylaş:

Görüşdə çıxış edən Dövlət Komitəsinin sədri cəmiyyətdə bu layihəyə böyük maraq olduğunu, Səfirlər Məclisinin təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanındığını söyləyib.

O, zaman keçdikcə bu şəbəkənin böyüdüyünü, imkanlarının genişləndiyini qeyd edərək, seçimlərin daha ciddi aparılmasının, ölkədə uşaq hüquqlarının qorunması və onların təminatı prosesinə ən çox töhfə verəcək uşaqların seçilməsinin vacibliyini vurğulayıb.

Uşaqların onlara aid olan siyasətlərin müəyyən edilməsində, formalaşdırılmasında, maraqlarına uyğun layihələrin hazırlanmasında və keçirilməsində iştirak etməli olduğunu bildirən sədr, onların iştirakçılıq hüququnun təmin olunması baxımından belə layihələrin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Sədr, Məclisə seçilən uşaqları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva uşaqların Səfirlər Məclisinə seçim turu haqqında məlumat verib. Qeyd edib ki, müstəqil özünü ifadə etmə bacarığına, ictimai fəallığa, liderlik keyfiyyətinə malik 13-16 yaş qruplarından olan uşaqlar müsabiqədə iştirak etmiş və 4 yer uğrunda 89 müraciət qeydə alınmışdır.

Məclisin sıralarına yeni qatılan Nicat Rəhimov, Tunar Məmmədli, İnci Hüseynli, İbrahim Əli Xudiyev uşaq səfirləri olaraq bu missiyanın şərəfli və böyük məsuliyyət olduğunu bildirib, özləri haqqında məlumat veriblər. Uşaq Səfirlər Məclisinin üzvü seçilmələri ilə bağlı qürur hissi keçirdiklərini ifadə edən uşaqlar, Məclisdə uşaqların səsi olaraq onları layiqincə təmsil edəcəklərini bildiriblər.

Yekunda Komitə sədri yeni seçilmiş üzvlərin hər birini bir daha ürəkdən təbrik edib, həmçinin qalib ölkənin vətəndaşları kimi onların qarşısında önəmli vəzifələrin qoyulduğunu və bu istiqamətdə daha məsuliyyətli olmağı, öz potensiallarını daim artırmağı tövsiyə edib.

Sonda xatirə fotosu çəkilib.