Məişət zorakılığına dair qanunvericiliyin tətbiqi ilə bağlı müzakirə aparılıb
Paylaş:
31 oktyabr 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Ali Məhkəməsinin birgə təşkilatçılığı ilə “Məişət zorakılığına dair qanunvericiliyin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.
İştirakçıları salamlayan Dövlət Komitəsinin sədri Bahar Muradova, haqqında danışılan mövzunun əhəmiyyətinə diqqət çəkərək, məişət zorakılığının bütün dünyanın gündəliyində duran vacib məsələlərdən biri olduğunu bildirib.
Qeyd edib ki, belə müzakirələr zorakılığın qarşısının alınması, zərərçəkənlərin hüquqlarının qorunması və bu sahədə qanunvericilik praktikasının təkmilləşdirilməsi ilə yanaşı, məhkəmə təcrübəsində qarşıya çıxan maneələrin aradan qaldırılmasına imkan verir.
Qısa müddət sonra “Gender (kişi və qadın) bərabərliyinin təminatları haqqında” AR Qanununun 20-ci maddəsinin icra vəziyyətinə dair Milli Məclisdə məlumatın təqdim ediləcəyini bildirən sədr əlavə edib ki, bu məruzədə eyni zamanda, Məişət Zorakılığı ilə bağlı məlumatlar da yer alıb. O, məişət zorakılığına dair 2022-ci il üzrə Komitənin hazırladığı məlumatda əksini tapan statistik rəqəmləri diqqətə çatdırıb, həmçinin məhkəmə icraatı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklifləri səsləndirib.
Məişət zorakılığının qarşısının alınmasının mühüm məsələ olduğunu bildirən Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov, bu istiqamətdə cinayət işlərinə baxılması kimi önəmli mövzunun müzakirəyə çıxarıldığına görə təşəkkür edib. Məişət zorakılığı ilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirməsinin aparıldığını qeyd edən H.Nəsibov, təhlil edilmiş cinayət işləri ilə bağlı faktları və statistik göstəriciləri diqqətə çatdırıb, geniş məlumat təqdim edib. Kollegiya sədri, məişət zorakılığına dair cinayət təqibi üzrə məhkəmə icraatı haqqında mövcud vəziyyəti təhlil edib, problemləri səsləndirib. Sonda sözügedən problemlə mübarizə sahəsində aidiyyəti qurumların səylərinin birləşdirilməsinin vacibliyini qeyd edən H.Nəsibov, hazırkı toplantının faydalı olacağına, ümumi işə töhfə verəcəyinə ümidini ifadə edib.
Çıxış edən Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov bildirib ki, məişət zorakılğının bütün dünyada qınanan, qəbul edilməyən, ciddi mübarizə aparılan bir məsələdir. O, qanunvericiliyə nəzər saldıqda məişət zorakılığı subyekti dairəsinin geniş olduğunu söyləyib və cəmiyyətdə geniş yayılmış məişət zorakılığı hallarından söz açaraq, mübarizə istiqamətində təkliflərini səsləndirib.
Müzakirəyə qatılan Sumqayıt şəhər məhkəməsinin hakimi Zaur Hacıyev və Vəkillər Kollegiyasının üzvü Şəfa Camalzadə məişət zorakılığı ilə bağlı beynəlxalq və milli qanunvericiliyi müqayisəli təhlil edərək, mövcud çətinliklərdən, problemlə mübarizə istiqamətində mümkün qabaqlayıcı tədbirlədən danışıblar.
Komitə sədrinin müavini Sədaqət Qəhrəmanova məişət zorakılığı törədən şəxslərlə tərbiyəvi, profilaktik işin icbari qayadada aparılması ilə bağlı qanunvericilikdəki boşluqların aradan qaldırılmasını qeyd edib. Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva "Uşaqlara qarşı cinsi zorakılığın və cinsi istismarın qarşısının alınması üzrə" Lanzarote Konvensiyasının tələblərinin məhkəmə təcrübəsində nəzərə alınmasını diqqətə çatdırıb.
Çıxışlar zamanı bu tədbirin davamı olaraq, Ali Məhkəminin Plenumumun Qərarının qəbul ediləcəyinə ümid ifadə edilib .
Bakı, Sumqayıt şəhər və Abşeron rayon məhkəmələrinin hakimləri və Vəkillər Kollegiyasının üzvlərinin də iştirak etdiyi dəyirmi masa müzakirə ilə davam edib.