Naxçıvan Muxtar Respublikasında “Məişət zorakılığından zərər çəkmiş həssas qrupdan olan şəxslərin müdafiəsi” mövzusunda təlim keçirilib

25 oktyabr 2023

Paylaş:

25 oktyabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının şəhər və rayon icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qruplarının üzvləri üçün təlim keçirilib.

Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinın sədri Ramilə Seyidova təlimin əhəmiyyətindən bəhs edərək bildirib ki, cari il ərzində Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) icra hakimiyyətləri yanında məişət zorakılığının qarşısının alınmasına məsul olan dövlət orqanlarının nümayəndələrindən ibarət monitorinq qrupu yaradılıb və fəaliyyət göstərir.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə sosial işin aparılması prinsipləri” mövzusunda çıxış edərək qeyd edib ki, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu beynəlxalq təcrübələrə əsaslanaraq yaradılan Azərbaycan modelidir. C.Rəhmətullayeva sosial işin vacibliyini vurğulayaraq əlavə edib ki, bu sahə Naxçıvan Muxtar Respublikasında yeni olduğuna görə daha böyük və akademik səviyyədə sosial işçilərin yetişməsi vacibdir.

Uşaq müəssislərində çalışan işçilərin metod və davranış formalarının araşdırılıb nəzarətdə saxlanılmasının vacibliyini qeyd edən C.Rəhmətullayeva eyni zamanda Avropada ən yaxşı model kimi qəbul olunan “Barnauz” İslandiya modelinin müsbət tərəflərini təlim iştirakçılarının diqqətinə çatdırıb.

“Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təqdimatla çıxış edən Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova , “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi, regionlarda zorakılıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması, “Məişət zorakılğının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq məişət zorakılığı qurbanlarına daha çevik dəstəyin göstərilməsini, mühafizə orderlərinin verilməsini və zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi, eləcədə baş vermiş zorakılıq halları ilə əlaqədar cavab tədbirlərinin görülməsinin vacibliyi məsələlərinə toxunub.

Təlim müzakirələrlə davam edib.