Azərbaycan qadınlarını bir araya toplayan Qurultay uğurla başa çatıb

19 oktyabr 2023

Paylaş:

Açılış mərasimindən sonra Qurultay panel müzakirələrlə davam edib.

Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın moderatorluq etdiyi “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış” mövzusuna həsr olunmuş I paneldə Heydər Əliyevin tarixi ənənələrimizin və müstəqilliyimizin bərpası, dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz xidmətlərindən bəhs edilib. Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan şanlı qələbədən sonra Azərbaycan qadınlarının “Böyük Qayıdış” prosesində iştirakı və gələcək fəaliyyətlər müzakirə edilib.

Panel çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı “İşğaldan azad olunmuş ərazilərə qayıdış prosesində sosial- iqtisadi vəziyyətə gender baxışı”, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktor müavini Nazilə Rüstəmova “Məcburi köçkünlərin Qarabağa qayıdış prosesinə gender baxışı”, Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun Təhsildə innovasiyalar şöbəsinin müdiri Abutab Abbasova “İşğaldan azad olunmuş ərazilərdə təhsilin təşkili, bərabər imkanlar, innovasiyalar və STEAM” mövzuları üzrə çıxış ediblər. Həmçinin “Böyük Qayıdış”a dair I Dövlət Proqramının intellektual coğrafi təhlil sistemi təqdim edilib.

Daha sonra Türkiyə Prezident Administrasiyası Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə Azərbaycan Həmrəylik Fondunun rəhbəri Aygün Attar “Türk ailə quruluşu üçün örnək şəxsiyyət olan Heydər Əliyevin sosial bərabərlikdə rolu”, Türkiyə Sosial İnkişaf Mərkəzi Təhsil və Sosial Həmrəylik Dərnəyinin sədri Ayşe Çelikbilek “Sosial İnkişaf Mərkəzi Təhsil və Sosial Həmrəylik Dərnəyinin qadınların inkişafında rolu" mövzuları ətrafında fikirlərini səsləndiriblər.

Milli Məclisin deputatı, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın moderatorluğu ilə “Gender məsələləri hüquqi müstəvidə: Mövcud vəziyyət, qarşıda duran məsələlər” mövzusunda II panel müzakirəsi baş tutub.

Azərbaycanda gender bərabərliyi sahəsində mövcud vəziyyət, qadın sahibkarlığının inkişafı, son illərdə gender amilinə dövlət idarəçiliyində artan diqqət, eyni zamanda bu sahədə problemlər və həlli yolları istiqamətində fikir mübadiləsi aparılıb.

Müzakirələrdə çıxış edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Anar Bağırov “Hüquq-mühafizə orqanlarında gender bərabərliyi prinsipləri” mövzusunda çıxış edərək, qadınların güc strukturlarında təmsil olunması istiqamətində görülən işlər barədə məlumat verib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Siyasətin fəlsəfəsi və Sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə regionların sosial-iqtisadi inkişafında gender bərabərliyinin təmin olunmasının mövcud vəziyyət, əldə edilən nailiyyətlər və perspektivlər istiqamətində çıxış edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Respublikada dövlət qadın siyasətinin inkişafı, reallıqlar və perspektivlər mövzusunda çıxış edərək, qadınların iqtisadi cəhətdən gücləndirilməsi, qız uşaqlarının dəstəklənməsi kimi məsələlərin vacib olduğunu qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komissiyasının sədri Çiğdem Erdoğan Atabek “Türkiyədə qanunlarda qadınlara yönəlmiş hüquqi tənzimləmələr", Türkiyə İş Qadınları Dərnəyinin sədri Nilufer Bulut "İqtisadiyyatda İş Qadınlarının Yaratdığı Dəyər" mövzusunda çıxış edərək, qardaş ölkənin təcrübəsini bölüşüblər.

Müzakirələrin yekununda növbəti illər üzrə bu problemlərin qarşısının alınması istiqamətində tədbirlərin daha da gücləndirilməsi məqsədilə təkliflər irəli sürülüb.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynovun moderatorluq etdiyi III panelin mövzusu “Sosial - iqtisadi islahatların gender aspektləri. Formal və qeyri formal məşğulluqda qadın təmsilçiliyi” oldu.

H.Hüseynov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar barədə danışıb, bu sahədə gender bərabərliyinin təminatı ilə bağlı reallaşdırılan tədbirlərdən söz açıb. Qadınların məşğulluğu problemləri, eləcə də formal məşğulluqda qadın təmsilçiliyinin stimullaşdırılması ilə bağlı fikirlər səsləndirib.

Türkiyə Qadın və Demokratiya Vəqfinin sədri Saliha Okur Gümrükçüoğlu “Qadın hüquqlarının müdafiəsi və sosial dəyişiklik: milli və beynəlxalq dinamika” mövzusundakı çıxışında qadın hüquqları tarixinə nəzər salıb, qadın hərəkatının çox ağır bir mübarizə yolundan keçdiyini diqqətə çatdırıb. Qadınlara qarşı münasibətdə mədəni kodların rolundan bəhs edib, onların bütün sahələrdə bərabər hüquqlarla iştirakçılığının təmin olunması istiqamətində mümkün tədbirlərlə bağlı məlumat verib.

Panelin davamında Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Aqrar sahədə qadınların iqtisadi güclərinin artırılması, qadın fermerlərə dövlət dəstəyi” mövzusunda çıxış edərək, Respublikamızın rayonlarında sahibkar, fermerlərin və kooperativlərə sahib qadınların sayının artırılması, eləcə də bu sahələrdə işinin təkmilləşdirilməsi məqsədilə aktiv iş aparıldığını qeyd edib.

Növbəti panelçi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov “Qadınların iqtisadi imkanlarının artırılması və qadın sahibkarlığının inkişafı: müsbət təcrübə və yeni çağırışlar" mövzusunda çıxış edib. O, hazırda qeydiyyatda olan sahibkarların 25%-nin qadınlar olduğunu bildirib və keçirilən iqtisadi islahatların, xüsusilə də KOBİA-nın fəaliyyətində prioritet istiqamətin qadın sahibkarlığının inkişafı olduğunu söyləyib.

Daha sonra Maliyyə Nazirliyinin aparatının Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva “Dövlət maliyyə sistemində gender büdcələşməsinin proqnozlaşdırılması üsulları” ilə bağlı çıxışında dövlət büdcəsinin gender amilinin nəzərə alınaraq daha effektiv istifadəsindən, eləcə də alternativ büdcələşmənin tətbiqindən danışıb.

Sonuncu panelçi - Azercell-in Hüquq, etika və komplayens departamentinin direktoru Şirin Əliyeva “Sosial korporativ layihələr və qadınların sosial hüquqları”na dair çıxış edib. O, karyera imkanlarının genişləndirilməsi istiqamətində gender bərabərliyinin təmin olunmasının vacibliyini qeyd edib, şirkətin Komitə ilə birgə reallaşdırdığı "Qadın qaynar xətt" layihəsi, eləcə də qadınların informasiya-kommunikasiya texnologiyalarına çıxışına yönələn digər layihələrdən danışıb.

Sonda işçi qrup görüləcək işlər üzrə təklif və tövsiyələr səsləndiriblər.

Qurultayın IV panelində qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar müzakirə edilib. Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimlinin moderatorluğu ilə “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar”dan danışılıb.

Milli Məclisin deputatı, Ailə, Qadın və uşaq məsələləri komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Sevil Mikayılova və Nigar Arpadarai “Beynəlxalq münasibətlərdə gender bərabərliyinin təmin edilməsi meyarları və yeni çağırışlar” və gender bərabərliyinin təmin olunmasında yeni yanaşmalar: imkan və perspektivlər” mövzusunda çıxış edərək bu gün qadın siyasətinin ölkəmizdə dövlət siyasətinin tərkib hissəsi olduğunu, qloballaşma prosesi fonunda qadın hüquqlarının müdafiəsi istiqamətində qəbul edilən çoxsaylı qanunları, dövlət layihələrini, beynəlxalq əməkdaşlığı yüksək qiymətləndiriblər.

Daha sonra “Sağlam Ailə Tibb Mərkəzi”nin icraçı direktoru Nigar Rüstəmli “Gender əsaslı zorakılıqla mübarizə: beynəlxalq və milli təcrübə” ilə bağlı, BMT-nin ölkəmizdəki nümayəndəliyinin ofisinin aparat rəhbəri Konako Mabuçi “DİM-lərə nail olunmasında gender bərabərliyinin və qadınların iqtisadi səlahiyyətlərinin artırılmasının rolu“ mövzusunda çıxış ediblər.

Müzakirələr zamanı qloballaşma şəraitində insan hüquq və azadlıqlarının təmin olunması, xüsusilə bu hüquqlar çərçivəsində qadınların səlahiyyətləndirilməsi, siyasi qərarların qəbulunda iştirakçılığının artırılması və məqsədlərə nail olmaq üçün optimal həll yollarından danışılıb.

Panellər bitdikdən sonra müzakirələr və səsləndiriliən təkliflər yekun qətnamənin hazırlanması məqsədilə redaksiya komissiyasına və katibliyə təqdim edilib.

Dövlət Komitəsinin sədri Bahar Muradova yekun nitqi ilə çıxış edərək, gələcək nəsillərə verilən önəmli mesajların və müasir çağırışların səsləndirildiyi daha bir tarixi günün - Qurultayın məhsuldar, səmərəli və yaddaqalan keçdiyini qeyd edib. Xüsusilə də Qurultaya göndərdiyi təbrik məktubuna və bölgələrimizin sosial-iqtisadi inkişafı prosesində qadınlarımız üçün yaratdığı geniş imkanlara görə cənab Prezidentə dərin minnətdarlığını ifadə edib.

O, çoxşaxəli və səmərəli fəaliyyəti ilə Azərbaycan qadınlarının nüfuzunu nəinki ölkəmizdə, bütün dünyada yüksəldən Birinci vitse-prezident xanım Mehriban Əliyevaya qadınlarımıza göstərdiyi daimi dəstək və diqqətə görə təşəkkür edib.

Komitə sədri aktual mövzuları əhatə edən panel müzakirələrdə dəyərli fikirlər səsləndirildiyini vurğulayaraq, təkliflərin hər birinin gələcək fəaliyyətdə mühüm rol oynayacağını qeyd edib. O, xüsusilə də Ali Baş Komandan İlham Əliyevin uğurlu strateji fəaliyyəti sayəsində qazandığımız şanlı qələbəmizdən sonra “Böyük Qayıdış” prosesində Azərbaycan qadınlarının iştirakı və perspektivlərin müzakirə edilməsinin əhəmiyyətini vurğulayıb. B. Muradova bildirib ki, gender bərabərliyi sahəsində mövcud vəziyyət, hüquqi çərçivə və qarşıda duran məsələlər, sosial-iqtisadi islahatların gender aspektləri, qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar istiqamətində interaktiv fikir mübadiləsi aparıldı.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsinin tövsiyələrinə diqqət çəkən Bahar Muradova gender aspektlərini nəzərə alan büdcəninin tətbiq edilməsi və onun icrasının mütəmadi monitorinqi, təhsil sisteminin bütün səviyyələrində tədris heyəti üçün qadın hüquqları və gender bərabərliyi mövzusunda hazırlığın keçirilməsinin qarşıda duran məsələlərdən olduğunu qeyd edib.

Qadınların İKT sektorunda təmsilçiliyinin stimullaşdırılması, bu sahəyə dair məlumatlılıq səviyyəsinin yüksəldilməsi məsələsinin hədəflərimiz sırasında yer aldığını qeyd edən Komitə sədri əlavə edib ki, həssas qrupdan olan, eləcə də sağlamlıq imkanları məhdud və ahıl qadınlara xüsusi diqqət yetirilməsi, qadın və kişilərin həqiqi bərabərliyinə nail olunması üçün zəruri strateji tədbirlərin gücləndirilməsi vacibdir.

Daha sonra Qurultay iştirakçılarının Azərbaycan qadınları adından ölkə başçısına olan yüksək etimad və inamını ifadə edən müraciət səsləndirilib.

Sonda gələcək hədəfləri müəyyən edən və vacib məqsədləri özündə əks etdirən Qətnamə qəbul edilib. Sənəddə Azərbaycan qadınlarının son Qurultayından ötən beş il ərzində ölkədə qadınların ictimai-siyasi və sosial həyatında ciddi dəyişikliklər baş verdiyi, ölkədə regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlərin qadınların vəziyyətinə müsbət təsirləri olduğu, onların iqtisadi cəhətdən gücləndirilməsinə, regiondakı irəliləyişlərə öz töhfələrini vermə imkanlarının genişlənməsinə səbəb olduğu qeyd edilib.

Qurultay bədii proqramla başa çatıb.

Azərbaycan Qadınlarının VI Qurultayının QƏTNAMƏSİ