Azərbaycan Qadınlarının VI Qurultayının açılış mərasimi keçirilib

19 oktyabr 2023

Paylaş:

19 oktyabr 2023-cü il tarixində ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə keçirilən Azərbaycan Qadınlarının VI Qurultayı öz işinə başlayıb.

Qurultaydan öncə iştirakçılar Fəxri Xiyabanı ziyarət edib, xalqımızın Ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.

Qurultayın açılışında Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra “Heydər Əliyev və dövlət qadın siyasəti” haqqında film nümayiş etdirilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident cənab İlham Əliyevin Qurultay iştirakçılarına təbrik məktubunu səsləndirib.

Ardınca açılış nitqləri dinlənilib.

Qurultayı açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qadın siyasəti ilə bağlı məruzə ilə çıxış edib. O, aparılacaq müzakirələrin, qəbul ediləcək qərarların bu sahətə töhfə verəcəyinə inanamını bildirib, Qurultayın işinə uğur arzu edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 200 ilə söykənən erməni avantürasına son qoyulduğunu, ölkəmizin hər qarışında suverenliyimiz bərpa edildiyini bildirib və qələbə münasibətilə bir daha hamını təbrik edib.

Böyük Qayıdışla bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açan sədr, bu prosesdə iştirak edən Azərbaycan qadınının Qarabağda ədalətin bərpa olunması işinə verdiyi töhfədən danışıb.

Ümummilli lider Heydər Əliyevin xalqımız üçün misilsiz xidmətlərindan bəhs edən B.Muradova, Ulu Öndərin hər bir sahədə qadın iştirakçılığının artırılması sahəsində xidmətlərini vurğulayaraq, mütəşəkkil qadın hərəkatının da əsasını qoyduğunu diqqətə çatdırıb. Bu gün ölkəmizdə qadınların artan rolundan bəhs edən sədr, dövlət qadın siyasəti ilə bağlı məlumatları diqqətə çatdırıb, Qurultayda aparılacaq müzakirələrin, qəbul ediləcək qərarların bu sahədə töhfə verəcəyinə inamını ifadə edib.

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov çıxış edərək, qeyd edib ki, ilk dəfə Azərbaycan qadınlarının qurultayı bu il dövlət müstəqilliyini, ərazi bütövlüyünü bütünlüklə bərpa etmiş Azərbaycanda qeyd edilir. O, Azərbaycan qadınlarının cəmiyyətdə müstəsna rola malik olduğunu söyləyib. Əlavə edib ki, dövlət qadın siyasətində əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənələr bu gün də davam etdirilir.

Ə.Əhmədov, qadınların inkişafı üçün yaradılan şərait, atılan addımlar barədə danışıb və bu gün Azərbaycan qadınının müxtəlif sferalarda fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirib ki,  Azərbaycan hökuməti bundan sonra da cəmiyyətdə qadınların imkanlarının genişləndirilməsi və onlara şərait yaradılması, qadınların iştirakının artırılması istiqamətində atılan addımları davam etdirəcək.

Qadınlarla bağlı dövlət siyasətinin bütün istiqamətlərində önəmli irəliləyiş əldə edildiyini bildirən Milli Məclis sədrinin müavini Adil Əliyev ölkəmizdə həyata keçirilən sistemli islahatlardan, bölgələrin inkişafına yönələn sosial-iqtisadi proqramlardan danışıb.

Hazırda ölkəmizin qanunvericilik hakimiyyəti orqanında Azərbaycan qadınlarının önəmli mövqelər tutduğunu diqqətə çatdıran millət vəkili, Parlament sədrinin rəhbərliyi ilə altıncı çağırış Milli Məclisin qanunvericilik və qanunyaratma fəaliyyətində, parlament diplomatiyasının inkişafında və digər mühüm istiqamətlərdə böyük uğurlar əldə etdiyini qeyd edib.

Çıxış edən Türkiyənin ailə ve sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edib, Ümummilli lider Heydər Əliyevi anadan olmasının 100-cü ildönümündə hörmət və rəhmətlə anıb.

Türkiyə və Azərbaycan arasındakı münasibətlərin ən yüksək həddə olduğunu vurğulayan nazir, “Bu qardaşlıq sosial siyasət, xidmətlərin planlanması və inkişaf etdirilməsində birgə işlərimizi daha da gücləndirir”- deyə əlavə edib.  M.Göktaş Türkiyədə qadın hüquqlarının müdafiəsi, onların hər bir sahədə iştirakçılığının artırılması məqsədilə həyata keçirilən fəaliyyətlərdən danışıb.

Çıxışının sonunda nazir, qadınların ictimai həyatın bütün sahələrində daha aktiv iştirakı, fürsətlərdən bərabər şəkildə yararlanması istiqamətində iki ölkənin ortaq kökləri və güclü əlaqələrinin köməyi ilə Azərbaycanla bərabər işləməyə davam edəcəklərini bildirib.

BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva Azərbaycanda gender bərabərliyinin təşviqi, qadın və qızların hüquqlarının müdafiəsi istiqamətində əldə edilən irəliləyişi qeyd edərək, Qurultayın da bu nailiyyətləri daha da sürətləndirmək üçün müxtəlif maraqlı tərəflər arasında məlumat mübadiləsi və əməkdaşlıq üçün mühüm bir platforma olduğunu qeyd edib.

BMT rəsmisi vurğulayıb ki, təhsilə, səhiyyəyə, iqtisadi imkanlara və siyasi iştiraka bərabər çıxışı təmin etməklə biz yalnız qadınların deyil, onların ailələrinin və icmalarının da inkişaf edə biləcəyi bir mühit yarada bilərik. O bildirib ki, gender bərabərsizliyini aradan qaldırmaqla Hökumət hamı üçün daha davamlı və əhatəli gələcəyə nail olmaq istiqamətində mühüm addımlar atmışdır. 

Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi ehtiramla yad edən İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva dünyaya belə igid övladlar gətirərək onları yüksək vətənpərvərlik ruhunda yetişdirmiş, Qarabağsız böyüsələr də hər zaman onu azad etmək arzusu ilə yaşayan və buna nail olan gəncliyin formalaşmasında anaların, fədakar qadınlarımızın rolunun əvəzedilməz olduğunu bildirib.

S.Əliyeva Birinci Qarabağ müharibəsinin ağır nəticələrindən söz açaraq qeyd edib ki, müharibədən ən çox əziyyət çəkən və beynəlxalq hüquq normalarında təsbit olunan fundamental insan hüquqları kobud şəkildə pozulan həssas əhali qruplarından biri də qadınlardır. Ombudsman hazırda qadın hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyətə malik bir sıra beynəlxalq müqavilələrin ölkəmiz tərəfindən ratifikasiya edildiyini,  bu sahədə geniş qanunvericilik bazası formalaşdırıldığını, aidiyyəti beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurulduğunu qeyd edib.

 Qurultay iştirakçılarını salamlayan Tacikistan Respublikasının əmək, miqrasiya və məşğulluq nazirinin müavini Nodiri Şahnoza Anvar Prezident Emoməli Rəhmonın Ümumilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı mesajını çatdırarkən bütün ömrünü xalqına həsr etmiş Ulu öndərin yorulmaz səylərinin nəticəsinin bu gün müasir Azərbaycanın simasında görüldüyünü qeyd edib.

Qurultayın çox vacib mövzuya həsr olunduğunu söyləyən N.Ş.Anvar bildirib ki, belə diskussiya platformasının formalaşdırılmasının iştirakçı ölkələrin dövlət gender siyasətini inkişaf etdirmək, qadınların istər ölkədaxili, istər sə də qlobal problemlərin həllinə aktiv cəlb olunması işinə olan diqqətinin bariz nümunəsidir. Çıxışının davamında Tacikistan rəsmisi gender siyasəti və qadın iştirakçılığı sahəsində statistikaları diqqətə çatdırıb, görülən işlər barədə məlumat verib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva keçmişə nəzər salaraq, adını tarixə yazan qadınlarımızı xatırlayıb və bu gün böyük Zəfəri bizə yaşadan oğulları böyüdən hər bir ananın qəhrəman olduğunu bildirib. O, dövlətin uğurlu siyasəti nəticəsində qadınlarımızın hər sahədə uğurla iştirak ediyini dilə gətirib.

Çıxışlardan sonra BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sədri Ana Pelaez Nervaezin video-təbriki dinlənilib. O, VI Qadın Qurultayının bütün iştirakçılarını salamlayaraq, CEDAW Komitəsi adından xoş arzularını diqqətə çatdırıb. O, Qurultayı qadın hüquqlarının müdafiəsi üçün faydalı bir fürsət kimi dəyərləndirib. 

Dünyanın hər yerində gender əsaslı zorakılıq və qeyri-bərabərlik hallarının baş vediyini qeyd edən A.P. Narvaez bildirib ki, bu neqativ hallarla mübarizə qarşımızda dayanan vəzifələrdəndir. O, CEDAW Komitəsinin missiyası haqqında məlumatları diqqətə çatdıraraq, “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi” üzrə BMT-nin Konvensiyasının implementasiyasında vətəndaş cəmiyyətinin fundamental rol oynadığını deyib. 

CEDAW rəsmisi bildirib ki, sağlamlıq imkanları məhdud qadınlar da qadın hüquqları ilə bağlı hər hansı qərarın, hər hansı siyasətin və qanunvericiliyin qəbulunda iştirak etməlidirlər.