BMT-nin tövsiyələri qeyri-hökumət təşkilatları ilə müzakirə edildi
Paylaş:
Bu gün “Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsinin (CRC) və Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrinin yerinə yetirilməsində vətəndaş cəmiyyəti institutlarının rolu” mövzusunda konfrans keçirilib.
Konfransın keçirilməsində məqsəd Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı BMT-nin müvafiq Komitələrinin tövsiyələrinin yerinə yetirilməsində qeyri-hökümət təşkilatlarının əhəmiyyəti, tövsiyələrin həyata keçirilməsi istiqamətində görülmüş işlər və gələcəkdə nəzərdə tutulmuş tədbirlər barəsində müzakirələrin aparılmasıdır.
Qonaqları salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, müzakirəsinə toplaşdığımız mövzu təkcə dövlət qurumlarının deyil, həm də ictimaiyyətin, mətbuatın, qeyri-hökumət təşkilatlarının gündəliyinin əsas məsələsidir. Ona görə ki, ailələrə, qadın və uşaqlara, onların problemlərinin həllinə, hüquqlarının daha etibarlı qorunması sahəsində əlaqəli və koordinasiyalı şəkildə göstərilən fəaliyyət daha uğurlu nəticələrə gətirib çıxarır.
BMT ilə tarixi uzun müddətə dayanan əməkdaşlıqdan danışan Bahar Muradova qeyd edib ki, müvafiq Komitələrə Azərbaycan hökumətinin dövri hesabatları təqdim edilib və onun ətrafında ciddi və prinsipial müzakirələr aparılıb. Həmçinin müzakirələr zamanı əldə edilən uğurlar qeyd olunub, problemlərimiz vurğulanıb və onların aradan necə qaldırılması istiqamətində tövsiyələr verilib.
Hazırda həmin tövsiyələrin yerinə yetirilməsi ilə bağlı ciddi irəlliləyişlər olduğunu diqqətə çatdıran sədr, həlli vacib məsələlər üçün aralıq hesabat dövrü olacağını da əlavə edib. Qeyd edilib ki, 2024-cü ilin yay aylarında CEDAW Komitəsinə yazılı hesabat təqdim ediləcək ki, bu təkcə hökumətin üzərinə qoyulan öhdəliklər deyil, həm də QHT-lərin bu prosesdə iştirakı məsələsinə aiddir.
Uşaq hüquqları Komitəsinə təqdim edilən hesabatdan danışan B.Muradova bildirib ki, bu istiqamətdə də işi əlaqələndirmək, öhdəliklərin və tövsiyələrin həm məlumatlılıq səviyyəsini artırmaq, həm də nəticə yönümlü bir fəaliyyət ortaya qoymaq üçün qurumlar arası işçi qrup yaradılıb: “Düşünürəm ki Uşaq hüquqları ilə bağlı Komitənin qarşımıza qoyduğu öhdəlikləri yerinə yetirmək üçün kifayət qədər ciddi hazırlıq işləri görülür”.
Qeyri-hökumət təşkilatlarının bu prosesdəki rolunu vurğulayan Komitə sədri əlavə edib ki, Azərbaycanın ən prinsipial məsələlərindəki mövqelərinin həm milli, həm beynəlxalq aspektdə ifadə olunmasına vətəndaş cəmiyyəti olaraq ciddi töhfə verilir. O, vətəndaşları narahat edən məsələlərin aidiyyəti orqanlara çatdırılmasında, ictimai məlumatlılığın artırılmasında, həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında QHT-lərin rolunun əvəzsiz olduğunu qeyd edib və onlara fəaliyyətlərini planlaşdırarkən tövsiyələrə istinad etmələrinin önəmli məqamlardan olduğunu vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) Azərbaycan Respublikasının sonuncu dövri hesabatlatı ilə bağlı tövsiyələrindən önəmli məqamları diqqətə çatdıraraq qeyd edib ki, qeyri-hökumət təşkilatları öz işlərini koordinasiyalı şəkildə qurmaqla müvafiq məsələləri qruplaşdıraraq bu prosesə töhfə verə bilərlər. O, uşaqların informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində qanunun icrası məqsədilə monitorinq mexanizminin yaradılması, xüsusi mütəxəssislərin hazırlanması, onlayn risklər barədə məlumatlılığın artırılmasının tövsiyələr arasında olduğunu qeyd edib. Komitə rəsmisi tövsiyələrdə əlilliyi olan uşaqların valideynlərinə dəstəyin gücləndirilməsi, həmin uşaqların öz ailə mühitində böyümək hüququnun təmin edilməsi, o cümlədən valideynlərə adekvat sosial, iqtisadi dəstək göstərən QHT-lərə dəstəyin gücləndirilməsinin də vacib məsələ kimi vurğulandığını diqqətə çatdırıb.
O bildirib ki, CRC, sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqlar üçün reabilitasiya mərkəzinin yaradılmasını qeyd edərək, bu sahəyə xüsusi diqqətin artırılmasının vacibliyini vurğulayır, eləcə də insan alveri ilə mübarizə istiqamətində uşaq qurbanların yardımla təmin edilməsi və müdafiəyə yönləndirmək üçün əmək müfəttişlərinin bacarıqlarının artırılmasını, bundan əlavə, uşaqlar arasında təkrar cinayətlərin qarşısının alınması məqsədi ilə icma əsaslı xidmətləri və ailəyə dəstək və reinteqrasiya xidmətlərini daha da inkişaf etdirməyi tövsiyə edir.
Qadınlara Qarşı Ayrı-seçkiliyin Ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) Azərbaycan Respublikasının sonuncu dövri hesabatları ilə bağlı tövsiyələrindən əsas çıxarışları diqqətə çatdıran Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova vətəndaş cəmiyyəti institutlarının tövsiyələr üzrə layihələr həyata keçirmələrinin önəmindən bəhs edib. O, BMT-nin müvafiq Komitəsinin tövsiyələrində qadınların vəziyyətinin yaxşılaşdırılması üçün milli mexanizmin vətəndaş cəmiyyəti ilə əməkdaşlığının məhdudluğunun problem olaraq qaldığına diqqət çəkib. T. İbrahimova gender əsaslı zorakılığa məruz qalan qadınların hüquq-mühafizə orqanlarına şikayət edə bilməsinin vacibliyi barədə maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyətini qeyd edib. O, siyasətdə iştirak edən qadınlara qarşı mənfi münasibətlər və ayrı-seçkilik xarakterli hərəkətlərlə mübarizə üçün tədbirlər görmək, o cümlədən məktəblərdə, parlamentdə və ümumi əhali arasında maarifləndirmə və məlumatlandırma kampaniyaları həyata keçirmək məsələsinin tövsiyələr arasında olduğunu qeyd edib.
Çıxışlardan sonra konfrans müzakirələrlə davam edib. Qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları BMT-nin adıçəkilən Komitələrinin tövsiyələrinin yerinə yetirilməsi istiqamətində müxtəlif təkliflərlə çıxış ediblər. Təkliflər arasında regionlarda sosial işin daha da gücləndirilməsi, kənd yerlərində həm yeni təşkilatların yaradılması, həm də yerli əhali üçün genişmiqyaslı layihələrin icra edilməsi, qadın və uşaqların rəqəmsal bacarıqlarının artırılması istiqamətində xüsusi QHT-lərin yaradılması, sağlamlıq imkanları məhdud uşaqların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi, QHT-lərin maliyyə resurslarının artırılması istiqamətində tədbirlərin gücləndirilməsi, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən təşkilatların və ekspertlərin vahid məlumat bazasının yaradılması, özəl sektorda seksual qısnama halları ilə mübarizə, sosial əhəmiyyətli çarxların televiziyalarda yayımlanması işinin gücləndirilməsi və digər vacib məsələlər yer alıb.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva vətəndaş cəmiyyəti institutları ilə birgə tədbirlərin əhəmiyyətini vurğulayaraq, Komitənin bu sahədə nümunəvi qurumlardan biri olduğunu qeyd edib. O, BMT-nin tövsiyələrinə də uyğun olaraq ötən ildən qrant müsabiqələrinə yeni mövzuların əlavə edildiyini, bu mövzular arasında məişət zorakılığı, gender stereotipləri, təhsildən yayınma halları, insan alveri halları ilə mübarizə, uşaqların doğulanadək cins seçiminin qarşısının alınması, qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviq edilməsi kimi istiqamətlərin də yer aldığını diqqətə çatdırıb. A. Əliyeva bildirib ki, “Məişət zorakılığına qarşı mübarizə və qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması təşəbbüsləri” istiqaməti üzrə 2022-ci ildə fərdi qaydada 46, koalisiya formasında isə 8 layihə maliyyələşib. Layihələr 2022-ci ilin dekabr ayında elan olunub və layihələrin icrası 2023-cü il ərzində təşkil olunub. Hazırda layihələr yekunlaşıb. O əlavə edib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi müsabiqə üzrə “Ailə, Qadın, Uşaq və Gender Məsələləri” istiqaməti üzrə 56 layihə maliyyələşib.
Daha sonra iştirakçıların sualları cavablandırılıb, təklifləri dəyərləndirilib.
Yekunda Dövlət Komitəsinin sədr müavinləri Aynur Sofiyeva və Sədaqət Qəhrəmanova ailə, qadın və uşaq məsələləri istiqamətində əməkdaşlıqla bağlı tövsiyələrini diqqətə çatdırıblar.
Qeyd edək ki, konfransda Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri, qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən 50 qeyri-hökumət təşkilatı və media nümayəndələri iştirak edib.