“Uşaqlara qarşı cinsi zorakılıq üzrə” Lanzarota Komitəsinin 39-cu iclası keçirilib

2 oktyabr 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva iclasda milli ekspert kimi Azərbaycanı təmsil edib.

İclasda Konvensiyanın yerinə yetirilməsi üzrə monitorinqin aparılması  məqsədilə ölkələrə təqdim olunmuş sorğular üzrə vacib məqamlar və xüsusi suallar müzakirə edilib. Eyni zamanda bir çox ölkələr, eləcə də Azərbaycan tərəfi yeni bir təlimatın hazırlanmasının daha əhəmiyyətli olduğunu diqqətə çatdırıb.  

Europolun nümayəndəsi metadünya vasitəsilə yeni təhlükəli kibercinayətlər və onlayn cinsi zorakılıq şəbəkələrinin mövcud olduğunu bildirərək, ölkələri bu hallara qarşı çox diqqətli və məlumatlı olmağa çağırıb.

O, Europol tərəfindən cinsi zorakılığa məruz qalmış uşaqlarla iş üzrə xüsusi hazırlanmış Qaydaların Avropa Şurasının 11 ölkəsi tərəfindən yerli dilə tərcümə olunaraq tezliklə istifadəsinə başlanıldığını qeyd edərək bu ölkələrə xüsusi təşəkkür edib və digər ölkələri də bu təcrübəni davam etdirməyə çağırıb. Azərbaycanın da qeyd olunan 11 ölkə arasında olduğu səsləndirilib.

Azərbaycanı təmsil edən Komitənin aparat rəhbəri C. Rəhmətullayeva milli səviyyədə konvensiyanın yerinə yetirilməsi ilə bağlı həyata keçirilən işlər və qanunvericilikdə edilən  dəyişikliklər barədə məlumatları diqqətə çatdırıb.

İclasın növbəti günündə (28 sentyabr) Avropada ən yaxşı model kimi qəbul olunan “Barnauz” İslandaniya modelinin təqdimatı keçirilib və özəlliyi xüsusi olaraq vurğulanaraq, digər ölkələrin də yerli qanunvericiliklərini adıçəkilən Konvensiyanın maddələrinə uyğunlaşdıraraq bu modeli qəbul etmələri tövsiyə edilib.