“Ailə və nikah institutunu dəstəkləyən əsas mexanizmlər” mövzusunda 4 günlük təlim başlayıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Türkiyə Respublikasının Ailə və Sosial Xidmətlər Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində 25-28 sentyabr 2023-cü il tarixlərində psixoloqlar üçün “Ailə və nikah institutunu dəstəkləyən əsas mexanizmlər” mövzusunda təlim-seminar bu gündən başlayıb.
Müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərin peşəkarlığının artırılması, təlimçilərin yetişdirilməsi məqsədi daşıyan təlimdə 40-a yaxın psixoloq iştirak edir.
Rəsmi açılış tədbirində çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva iştirakçıları salamlayaraq Türkiyə ilə Azərbaycan arasında müvafiq sahədə əməkdaşlığın aparılmasına dair Memorandumun imzalandığını və bu çərçivədə fəaliyyətin uğurla davam etdirildiyini qeyd edib. Sədr müavini, Komitə olaraq ailə və nikah institutunun dəstəklənməsi mövzusunun hər zaman diqqətdə saxlandığını, sözügedən sahədə peşəkar kadrların yetişdirilməsi məqsədilə belə tədbirlərin keçirildiyini vurğulayıb. O, bu sahədə qardaş ölkənin təcrübəsindən yararlanmağın önəmli olduğunu söyləyib, təlimin ailələrlə işləyən psixoloqlar üçün faydalı olacağına inamını ifadə edib, iştirakçılara uğurlar arzulayıb. Çıxışının sonunda A. Sofiyeva, bu gün ailə institutunun müxtəlif təhdidlərlə qarşılaşdığını, Türk Dünyası olaraq bununla birgə mübarizə aparmağın, ailə dəyərlərini qoruyaraq gələcək nəsillərə ötürməyin vacibliyindən söz açıb.
Qeyd edək ki, 4 gün ərzində davam edəcək təlimdə Ailə və Sosial Xidmətlər Nazirliyinin Ailə təhsili və toplum xidmətləri şöbəsinin müdiri Esra Yaman, Nazirliyin Ailə Təhsili və Toplum Xidmətləri Baş İdarəsinin rəhbəri Samiye Korkmaz iştirakçılara, ailələrlə nikahdan öncə və nikah müddətində iş mexanizmləri, ailələrdə münasibətlərin düzgün qurulması məqsədilə terapiyaların aparılması mövzularında məlumatları çatdıracaqlar.