“Biz Birlikdə Güclüyük!” yay düşərgəsinin bağlanış mərasimi keçirilib

30 avqust 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycanın müxtəlif regionlarından, eləcə də Naxçıvan Muxtar Respublikasından olmaqla 100 qızın iştirakı ilə təşkil edilən “Biz Birlikdə Güclüyük!” yay düşərgəsinin bağlanış mərasimi keçirilib.
Tədbirin rəsmi hissəsindən öncə düşərgə iştirakçılarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Komitə sədri Bahar Muradova və digər rəsmi qonaqların iştirakı ilə düşərgənin həyətində bolluq və bərəkət rəmzi olan zeytun ağacları əkilib.
Daha sonra Komitənin sədri Bahar Muradova tədbir iştirakçılarını salamlayaraq, uşaqların həyatlarının maraqlı 10 gününü burada keçirdiklərini, təlimlərə, müxtəlif məşğələlərə cəlb olunduqlarını, asudə vaxtlarını gözəl şəkildə dəyərləndirdiklərini qeyd edib. O bildirib ki, uşaqlar buradan özləri ilə xoş xatirələr aparacaq və məktəbə qayıdan zaman yoldaşları ilə bunları bölüşəcəklər: “Əgər bu xatirələrdə xırdaca bir iz qoya bilmişiksə, biz özümüzü xoşbəxt hiss edəcəyik”.
Komitə sədri deyib ki, 100 qızın hər biri təmsil etdiyi regionun xüsusiyyətlərini, eləcə də xalqımızın milli dəyərlərini, ailə dəyərlərimizin daşıyıcısı olaraq, özünü ifadə etmişdir. B. Muradova çıxışının davamında qeyd edib ki, bütün oxşar və fərqli cəhətləri ilə qızlarımız Azərbaycanı təmsil edir, tarixi keçmişimizi, bu günümüzü və gələcəyimizi, milli-mənəvi dəyərlərimizi ifadə edir.
O, düşərgənin qonağı olan, görüşlərdə iştirak edən müxtəlif ictimaiyyət nümayəndələrinə, təlimçilərə, əməyi olan hər kəsə təşəkkürünü bildirib. Uşaqlar üçün onların təcrübələrini, söhbətlərini dinləməyin maraqlı və faydalı olduğunu söyləyib. Bəziləri üçün bu hekayələrin nümunə olacağını, öz həyat yolunu, peşəsini müəyyən edərkən xatırlayacağını bildirib.
Düşərgənin keçirildiyi günlərin Laçına qayıdışın bir ilinin tamam olduğu zamana təsadüf etdiyini bildirən sədr, ölkə prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Laçının Zabux kəndinə qayıdan ailələrlə görüşünə diqqət çəkib. Qeyd edib ki, doğma yurdlarına qayıdan həmyaşıdlarınız da sevincli anlar yaşayırlar.
Daha sonra ANAİB-in sədri, Hədəf qrupun qurucu direktoru Şəmil Sadiq iştirakçılara kitab oxumağın əhəmiyyətindən, mütaliənin faydalarından bəhs edib, uşaqlara kitab hədiyyə edib.
Tədbir çərçivəsində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, tanınmış modelyer-dizayner, teatr və kino rəssamı Gülnarə Xəlilovanın kolleksiyası düşərgə iştirakçıları olan qızlar tərəfindən nümayiş etdirilib və böyük alqışlarla qarşılanıb. G. Xəlilova uşaqlara uğurlar arzu edib və təqdim olunan kolleksiyanı qızlara bağışlayıb.
Sağlam Ailə Tibb Mərkəzinin İcraçı Direktoru Nigar Rüstəmli çıxış edərək, bu layihədə iştirak etməkdən məmnun olduğunu vurğulayıb və qızlarla maraqlı vaxt keçirməkdən zövq aldığını qeyd edib.
Davamında uşaqların ifasında milli rəqslərimiz, mahnılarımız nümayiş etdirilib, şeirlər səsləndirilib.
Yekunda düşərgə iştirakçıları sertifikatla təltif edilib.
Qeyd edək ki, qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də, liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədi daşıyan yay düşərgəsində müxtəlif mövzularda təlim, ekskursiya, əyləncəli oyunlar, musiqili və film gecələri keçirilib.
Bununla yanaşı, iştirakçıların Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunub.