“Biz Birlikdə Güclüyük!” adlı yay düşərgəsinə start verildi

23 avqust 2023

Paylaş:

22 avqust 2023-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycanın əksər rayonlarını təmsil edən 100 qızın iştirakı ilə yay düşərgəsi başlayıb.

Düşərgənin açılışında çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Komitə tərəfindən mütəmadi olaraq belə yay məktəbləri və düşərgələr təşkil edilir.

O, qeyd edib ki, qarşıdakı 10 gün ərzində iştirakçıları həm əyləncə və istirahət, həm də öyrədici məşğələlər, uğur hekayələri olan tanınmış insanlarla motivasiya görüşləri gözləyir: ”İnanıram ki, bu görüşlər gələcəkdə verəcəyiniz qərarlara və inkişafınıza, xüsusən də qarşıdakı dövrdə atacağınız addımların daha inamlı olmasına öz təsirini göstərəcək”.

A.Sofiyeva bildirib ki, dövlətimiz tərəfindən tərəfindən uşaqların daimi inkişafı üçün hər bir şərait yaradılıb. O, həm cənab Prezident İlham Əliyev, həm də Birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uşaq hüquqlarının qorunması, onların yaxşı təhsil alması, keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının olması istiqamətində görülən mühüm işlərə diqqət çəkib.

2020-ci ildə, məhz pandemiyanın geniş yayıldığı bir dövrdə uşaq məsələlərinə dair hər şeyi kompleks yanaşma şəklində özündə əks etdirən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın qəbul olunduğunu deyən sədr müavini, Strategiya əsasında qəbul edilən Tədbirlər Planında qeyd edilən vacib məsələlərdən birinin də uşaq iştirakçılığı olduğunu əlavə edib.

Tariximizə böyük Zəfər kimi yazılan qələbədən sonra Azərbaycanın regionda yeni reallıqlar yaratdığını deyən A.Sofiyeva, bu uğurun davamı və gələcəkdə də sağlam cəmiyyətin, güclü nəslin formalaşması üçün həyata keçirilən işlərin davam etdiyini qeyd edib. O, “Azərbaycanın inkişafının davamlı və dayanıqlı olması, uğurlu insan kapitalının formalaşması üçün kreativ, öz üzərində daim çalışan, bilikli savadlı gənclərə ehtiyac var”-deyə əlavə edib.

Bu gün qızların inkişafının, cəmiyyətdə fəallığının artırılmasının Komitə üçün vacib istiqamət olduğunu bildirən sədr müavini əlavə edib ki, məhz qızlarımız üçün belə düşərgələrin təşkil olunması onlara öz töhfəsini verəcək və həmin qızlar öz yaşıdları üçün də bir flaqman olacaqlar.

Sonda düşərgənin qızlar üçün maraqlı anlarla yadda qalacağına inamını ifadə edib və bütün iştirakçılara uğurlar arzulayıb.

Daha sonra iştirakçılarla birgə düşərgənin bayrağı qaldırılıb və uşaqlara hədiyyələr təqdim edilib.

Düşərgə Fərdi inkişaf üzrə mentor Təravət Əsgərovanın “Düşüncə xətaları” təlimi ilə davam edib.

Qeyd edək ki, yay düşərgəsində rayon ərazisində keçirilən tədbirlər zamanı öz fəallığı ilə seçilən uşaqlar, şəhid və qazi övladları iştirak edəcək. Düşərgə qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də, liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədini daşıyır. 10 gün davam edəcək düşərgədə müxtəlif mövzularda təlim, ekskursiya və əyləncəli oyunlar keçiriləcək. Bununla yanaşı, düşərgə iştirakçılarının Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunacaqdır.