Dövlət Komitəsi tərəfindən daha iki ekspertə ixtisas attestatı təqdim olundu

20 iyul 2023

Paylaş:

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi məqsədilə keçirilmiş müsabiqə başa çatıb.

Müsabiqə Komissiyasının qərarına əsasən, 07 iyul 2023-cü il tarixində, müsabiqənin test imtahanı keçirilib. İmtahanda iştirak etmiş üç namizəd tələb olunan keçid balını toplayaraq, müsabiqənin növbəti mərhələsində - müsahibədə iştirak hüququ əldə edib.

17 iyul 2023-cü il tarixində Komitənin Akt zalında müsabiqənin ikinci mərhələsi olan müsahibə keçirilib. Yekun nəticələrə əsasən, üç namizəddən ikisi tələb olunan balı (4 bal) toplayaraq, müsahibədən müvəffəqiyyətlə keçib.

Müsabiqə Komissiyasının keçirilmiş növbəti iclası zamanı müsahibədən müvəffəqiyyətlə keçmiş Hüseynova Vüsalə Qələmirzə qızı və Rəhimova Lamiyə Cavanşir qızına ixtisas attestatının verilməsi barədə qərar qəbul edilib.

20 iyul 2023-cü il tarixində Müsabiqə Komissiyasının üzvləri, ekspert təşkilatı “Loqos Əhmədli” MMC-nin nümayəndəsi, müsabiqənin hər iki mərhələsindən uğurla keçmiş Hüseynova Vüsalə Qələmirzə qızı və Rəhimova Lamiyə Cavanşir qızının iştirakı ilə görüş keçirilib, ekspertlərə informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ixtisas attestatı təqdim olunub, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun icrası istiqamətində məsələlər müzakirə edilib, ekspertə gələcəkdə informasiya məhsullarının ekspertizası ilə bağlı tövsiyələr verilib.