Dövlət Komitəsi 2023-cü ilin 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq keçirib

19 iyul 2023

Paylaş:

Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü ilin 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinq keçirib.

Iyulun 19-da baş tutan brifinqdə media nümayəndələrini salamlayan Komitə sədri qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzu edib və Komitənin fəaliyyətində gündəlik olaraq mətbuatla işin əsas prioritet istiqamət olduğunu vurğulayıb.

O, cari ilin ölkəmiz üçün çox əhəmiyyətli bir dövr olduğuna diqqət çəkərək, cənab Prezidentin 6 ayın yekunlarına dair nəticələr və qarşıya qoyulan vəzifələrdən söz açıb. Qarabağ və Şərqi Zəngəzurun bərpası, o cümlədən sosial islahatların davam etdirilməsinin 2023-cü ilin altı ayı üçün vacib istiqamətlər olduğunu vurğulayıb. Bildirib ki, Komitə də öz növbəsində əsasnaməsindən və illik fəaliyyət planlarından irəli gələn öhdəliklərə əsasən bu vəzifələrini icra etməyə çalışır.

Təqdimatla çıxış edən B. Muradova ailə, qadın və uşaq məsələləri istiqamətində normativ-hüquqi bazanın gücləndirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Komitə tərəfindən 6 sənəd layihəsinin hazırlandığını, 5 sənəd layihəsinə rəy və təklifin verildiyini vurğulayıb.

Cari yarımil ərzində Komitə tərəfindən 6 müxtəlif mövzuda araşdırma və təhlilin yekunlaşdığını diqqətə çatdıran sədr bildirib ki, hesabatlar qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsi, erkən uşaqlıq dövründə xidmətlərin əlçatanlığı və təminatı, uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması, təhsil müəssisələrində rəhbər vəzifələrdə gender bərabərsizliyi, erkən nikah halları, medianın intiharlara təsiri kimi mövzuları əhatə edib.

Ailə məsələləri istiqamətində 8523 nəfərin iştirakı ilə 40 təlim, seminar və icma görüşünün keçirildiyini və 6 layihənin icra edildiyini bildirən B. Muradova xüsusilə qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında imzalanmış Fəaliyyət Planına uyğun olaraq, qardaş ölkədən dəvət olunmuş hekayəçilərin iştirakı ilə 5000-ə yaxın valideyn və uşaq auditoriyasını əhatə edən nağıl günləri təşkil edilmişdir.

Qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində Komitə tərəfindən 1056 nəfərin iştirakın iştirakı ilə 9 təlim və seminarın, 3 konfransın keçirildiyini diqqətə çatdıran B. Muradova Komitənin 17 rayonda yaradılan Qadın Resurs Mərkəzlərinin fəaliyyətinə də toxunaraq, 4970 nəfərin bu mərkəzlərin xidmətlərindən bəhrələndiyini bildirib.

O, uşaq hüquqlarının qorunması, uşaq iştirakçılığının artırılması, cəmiyyətdə baş verən mənfi hallardan onların müdafiəsi, erkən nikah və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması və digər istiqamətlər üzrə Komitə tərəfindən görülən işlər haqqında məlumat verərək, cari ilin 6 ayı ərzində ümumilikdə 6 layihənin, 1868 nəfərin iştirakı ilə 29 təlim, seminar və konfransın baş tutduğunu qeyd edib.

Komitənin 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin fəaliyyətindən 20515 nəfərin yararlandığını vurğulayan B. Muradova 1570 nəfər tərəfindən daxil olmuş 1608 müraciətdən 646-sının üzrə təmin edildiyini, digərlərinin isə aidiyyəti üzrə yönləndirildiyini bildirib. Həmçinin 2023-cü ilin birinci yarımili ərzində erkən nikah hadisəsi ilə bağlı 20 fakt üzrə monitorinq-ailə səfərlərinin təşkil edildiyini, 17 erkən nikah halının qarşısının alındığını diqqətə çatdırıb.

Komitə sədrinin 11 rayonun vətəndaşlarını əhatə etməklə 6 regionda qəbulunun keçirildiyi, Mərkəzlər tərəfindən 6 ay müddətində 4 “açıq qapı günü”nün keçirildiyi bildirilib. Qeyd edilib ki, cari yarımil ərzində Komitəyə 1834 vətəndaş müracəti daxil olmuşdur. Məişət zorakılığı ilə bağlı müraciətlər ötən ilin birinci yarısı ilə müqayisədə 10% artıb.

860 Gender əsaslı zorakılıqla bağlı Dəstək xətti haqqında danışan B. Muradova cari yarımil ərzində 146 müraciətin daxil olduğunu qeyd edib. Qadın Dəstək Xəttinin də fəaliyyətinə toxunan sədr bildirib ki, 116-1111 xəttinə 3359 müraciət daxil olmuşdur.

O, kütləvi informasiya vasitələri, vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın Komitənin fəaliyyətində əhəmiyyət kəsb etdiyini vurğulayaraq, 6 ay ərzində 115 media müraciətinin cavablandırıldığını, 11 nəfər üzvdən ibarət yeni İctimai şura tərkibinin formalaşdığını diqqətə çatdırıb.

Azərbaycan Hökumətinin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması üzrə Konvensiyası”nın icrasına dair altıncı dövri hesabatının, eləcə də “Uşaq hüquqları haqqında Konvensiyası”nın icrasına dair beşinci və altıncı birgə dövri məruzəsinin təqdim edildiyini qeyd edən sədr hər iki məruzədən sonra yekun müşahidələr və tövsiyələrin qəbul edildiyini vurğulayıb.

Daha sonra erkən nikah və məişət zorakılığı hallarının qarşısının alınması, mühafizə orderlərinin verilməsi, Türkiyə Respublikası ilə imzalanmış memorandum çərçivəsində Fəaliyyət Planının icrası, yeni yaradılacaq ailə mərkəzləri, BMT-nin müvafiq komitələrinin tövsiyələrinin icrası, işğaldan azad olunmuş ərazilərə köçürülmüş əhali qrupu, eləcə də müharibə və post müharibə dövründə qazi və şəhid ailələri ilə həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər barədə və digər aktual mövzular üzrə media nümayəndələri tərəfindən ünvanlanan suallar Komitə sədri tərəfindən cavablandırılıb.

Brifinq---təqdimat