Ailə başçısına məktub” aksiyası çərçivəsində ailələrə səfərlər təşkil edilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması istiqamətində görülən işlərin davamı olaraq, Komitənin Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən rayonlarda “Ailə başçısına məktub” aksiyaları, maarifləndirici görüşlər keçirilib, qızların təhsildən yayınmasının profilaktikası məqsədilə ailələrə səfərlər təşkil edilib.
Maarifləndirici tədbirlərdə sakinlərə erkən nikahların fəsadları, yeniyetmə yaşlarında baş verən hamiləliyin ana ilə bərabər doğulacaq körpənin sağlamlığı və həyatı üçün yaratdığı təhlükələr, eyni zamanda qohum evlilikləri zamanı bir sıra irsi xəstəliklərin meydana çıxma riskinin artması haqqında məlumatlar verilib.
Bununla yanaşı qadınların və nikah yaşına çatmayan şəxslərin nikaha daxil olmağa məcbur edilməsi hallarında qanunvericilikdə nəzərdə tutulan cinayət məsuliyyəti barədə danışılıb. Valideynlərin diqqətinə çatdırılıb ki, erkən nikahlar uşaqların təhsildən yayınmasına, gələcəkdə iş imkanlarından məhrum olmasına və ailədaxili zorakılığa zəmin yaradır.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən erkən nikah faktlarının vaxtında aşkarlanması və qarşısının birgə alınması məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətinin İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliklərinə məktublar göndərilib. Məktublara çap edilib rayon sakinləri arasında paylanılması üçün “Ailə başçısına məktub” adlı maarifləndirici vərəqələr də əlavə edilib.
Aidiyyəti qurumların dəstəyi ilə keçirilən tədbirlərdə UADM-lərin əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, icma sakinləri, valideynlər, könüllülər iştirak ediblər.
Ümumilikdə 702 nəfər maarifləndirmə tədbirlərindən bəhrələnib.