"Göydən üç alma düşdü” adlı nağıl günlərinin bağlanış mərasimi keçirilib
Paylaş:
21 iyun tarixindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən və geniş uşaq auditoriyasını əhatə edən nağıl günləri bu gün başa çatıb. Üç gün ərzində izdihamla qarşılanan nağıl günlərində 5000-ə yaxın uşaq türkiyəli və azərbaycanlı nağılçıların ifalarını dinləyiblər.
Nağıl günlərinin 3-cü günü də şən əhval-ruhiyyə və izdihamla keçib.
Mərasim VIII “Muğam” Televiziya Müsabiqəsinin qalibi Həzrət Əzizlinin "Bayatı-Şiraz" təsnifi ifası ilə başlayıb. Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin bədii kollektivi çıxış edib. Uşaqlar türkiyəli nağılçılar Hilal Koçyiğit və Ertuğrul Bozkurtun səsləndiridiyi nağılları, Taner Baba və Tahir Aynenin musiqi müşayiəti ilə dinləyiblər. Yazıçı Gülzar İbrahimova müəllifi olduğu nağılları səsləndirib. Keçirilən müxtəlif folklor oyunları, uşaqların marağına səbəb olub, birlikdə yanıltmaclar deyilib.
Mərasim uşaqların ifasında müxtəlif milli rəqslər, türk halayları, əyləncələrlə davam edib.
Sonda Komitənin sədr müavini Aynur Sofiyeva, nağıl günlərinin təşkil olunmasında dəstək göstərən Bursa bələdiyyəsinə, Xətai Rayon İcra Hakimiyyətinə, bütün iştirakçılara təşəkkürünü bildirib. Nağılçılara təşəkkürnamələr təqdim olunub.
Mərasim "Çırpınırdı Qara dəniz" mahnısının, eləcə də "Yallı" rəqsinin birgə ifası ilə yekunlaşıb.
Qeyd edək ki, layihənin məqsədi uşaqların milli, eləcə də qardaş ölkənin mədəniyyəti, adət və ənənəsi, folkloru, nağılları ilə yaxından tanış olması, onlar arasında mütaliə vərdişlərinin formalaşması, asudə vaxtının səmərəli təşkili və oxu mədəniyyətinin kütləvi şəkildə təbliğidir.