“Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ərəfəsində maarifləndirici görüş keçirilib

23 iyun 2023

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən tədbirlərin davamı olaraq “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ərəfəsində Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi və Dövlət Komitəsinin təşkilatçılığı ilə Şirvan şəhərində yerləşən “Gənclər Evi” ndə “Gələcəyimizi bir yerdə qoruyaq, narkomaniyaya Yox deyək!” maarifləndirici görüş keçirilib.

Görüşdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı R.Nəsirov iştirakçıları salamlayaraq, tədbirin məqsəd və əhəmiyyətindən bəhs edib.

Gənclərin sağlam nəsil kimi formalaşması mövzusunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova bu istiqamətdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.

Daha sonra ekspert qismində iştirak edən Xəzər Universitetinin müəllimi, klinik psixoloq Aydan Xasməmmədzadə “Psixoaktiv maddələrdən asılılıq” adlı təqdimatla çıxış edərək zərərli vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirlərdən danışaraq iştirakçılara geniş məlumat verib.

Tədbirin sonunda iştirakçılara mövzuya aid maarifləndirici materiallar paylanılıb.