UNİCEF-in uşaq müdafiəsi üzrə mütəxəssisi ilə görüş keçirilib

13 iyun 2023

Paylaş:

13 iyun 2023-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisinin uşaq müdafiəsi üzrə mütəxəssisi Stella Qriqoras ilə görüşüb.

Görüşün məqsədi, dövlət uşaq müəssisələrinin fəaliyyəti və həmin müəssisələrə yerləşdirilən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı qurumlar arasında əməkdaşlıq perspektivlərini müzakirə etmək olub.

Komitənin Aparat rəhbəri Ceyran Rəhmətullayeva uşaq hüquqlarının müdafiəsinin qurumun fəaliyyətinin prioritet istiqaməti olduğuna diqqət çəkərək, dövlət uşaq siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı kimi bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat verib. O, 2012-ci ildə qəbul edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən Nazirlər Kabinetinin rəhbərliyi ilə aidiyyəti qurumların, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələrindən ibarət monitorinq qrupunun fəaliyyət göstərdiyini, uşaq müəssisələrində mütəmadi monitorinqlərin keçirildiyini bildirib. Qeyd olunub ki, hazırda 2020-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”na qəbul edilmiş Fəaliyyət Planınında nəzərdə tutulan bəndlərə uyğun olaraq, sözügedən sahədə aidiyyəti qurumlar tərəfindən lazımi tədbirlər həyata keçirilir.

UNİCEF-in mütəxəssisi Stella Qriqoras Avropa və Mərkəzi Asiyada dövlət uşaq müəssisələrinə yerləşdirilən uşaqların müdafiəsi sahəsində həyata keçirilən islahatlarla bağlı UNİCEF-in göstərə biləcəyi dəstəklə əlaqədar fikirlərini və təkliflərini səsləndirib. Azərbaycanda uşaqların de-intstitutlaşması ilə bağlı müsbət tendensiyaların olduğunu diqqətə çatdırıb. O, UNİCEF-in Komitənin prioritetlərinə, uşaq müdafiəsi sahəsində işinə dəstək göstərməyə hazır olduğunu söyləyib.

Görüşdə hər iki qurumun əməkdaşları da iştirak edib.