Regionlarda “Ailədə uşaqların cinsinə görə ayrı-seçkilik yolverilməzdir” mövzusunda maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri (UADM) tərəfindən “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planının icrası ilə bağlı mütəmadi olaraq doğulacaq uşağın cinsinin seçilməsi ilə mübarizə üzrə icma səviyyəsində maarifləndirmə işləri aparılır.
Bu istiqamətdə tədbirlərin davamı olaraq Hacıqabul, Saatlı, Zərdab UADM-ləri tərəfindən 06-08 iyun 2023-cü il tarixlərində aidiyyəti qurumların dəstəyi ilə kənd və qəsəbələrdə “Ailədə uşaqların cinsinə görə ayrı-seçkilik yolverilməzdir” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə UADM-lərin və müvafiq qurumların əməkdaşları, mərkəzlərin ekspert qruplarının üzvləri, icma sakinləri iştirak ediblər.
Maarifləndirmə tədbirlərində cəmiyyətdə cinsə görə verilən üstünlüyün kökündə dayanan gender stereotipləri haqqında danışılıb, cins seçiminə görə hamiləliyin süni surətdə pozulması hallarının qadınların reproduktiv sağlamlığına və psixoloji durumuna göstərdiyi mənfi təsirlərə diqqət çəkilib. Eyni zamanda gender əsaslı cins seçiminin gələcəkdə səbəb ola biləcəyi demoqrafik fəsadlardan və gender balansının pozulmasının mənfi nəticələrindən bəhs edilib, valideynlərin qız övladlarına verdiyi dəyərin əhəmiyyəti vurğulanıb.
Görüşlərdə mövzu ilə bağlı təqdimat nümayiş olunub, maarifləndirmə materialları paylanılıb,iştirakçıların sualları cavablandırılıb